Travmay və trolleybus kimi ictimai nəqliyyat vasitələri yaradılsa...

Nəqliyyat sektorunun və gündəlik həyatımızın ən ciddi problemlərindən biri avtomobil yollarında yaranan tıxaclardır. Tıxacların yaranmasının bir neçə əsas səbəbləri var ki, bunlara yol hərəkətinin düzgün təşkil olunmaması, yol hərəkəti qaydalarının pozulması və ən əsası həddindən artıq çox maşının olması aiddir. Təəssüf ki, ictimai nəqliyyatda yaranan problemlər - avtobuslardakı sıxlıq, xəttə buraxılan marşrutlar sayının az olması və aşağı interval insanları "manatlıq taksilərdən" istifadəyə məcbur edir. Belə hallarda isə tıxacların yaranması halları qaçınılmazdır. Bəs bu problemi necə həll etmək lazımdır?


Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə,  dünyanın bir çox ölkələrində bu prosesin çıxış yolu nəqliyyatın gücləndirilməsi olsa da, bizdə hər hansı tədbir üçün vəziyyət əlverişli deyil:
"Tıxacların qarşısının alınması üçün çox ciddi tədbirlərə ehtiyac var. Belə tədbirlərdən biri də ictimai nəqliyyatın gücləndirilməsidir. Təəssüflər olsun ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində ictimai nəqliyyatın vəziyyəti heç də ürəkaçan deyil və bunun səbəbini də bu yaxınlarda gördük. "Baku Bus"un 300 avtobusu Hövsanda, "Baku Bus" bazasında yatır, işləmir. Belə halda vətəndaşlar da küçələrdə qalır və çıxış yolu kimi manatlıq taksilərə ümid edirlər. Belə olduqda təbii ki, yollarda intensivlik yaranır və sıxlıq baş verir. İctimai nəqliyyat güclənsə, bir vətəndaş ictimai nəqliyyata inansa, metro şaxələnsə, yəni stansiyaların sayı artırılsa, avtobuslar arası interval arzuolunan səviyyəyə gəlib çatsa, travmay, trolleybus kimi ictimai nəqliyyat vasitələri yaradılsa, şəhərdəki sıxlığın qarşısını almaq mümkün olacaq. Amma Bakı şəhərinin infrastrukturunu elə bir bərbad vəziyyətə gətirib salırlar ki, hal-hazırda səkidə, yol kənarında, piyadalar üçün nəzərdə tutulan ərazilərdə, yol çiyinlərində, yolların genişləndirilməsi üçün nəzərdə tutulan boş ərazilərdə binalar, obyektlər tikiblər. Hər şey ediblər deyə bu gün yol şəbəkəsini genişləndirmək mümkün deyil. Ona görə dünyanın bir çox ölkələrində bu proses baş verib və onlar çıxış yolu kimi nəqliyyatın gücləndirilməsini üstün tutublar. Belə olan halda yollarda avtomobillərin sayı azalır, mərkəzə avtomobillərlə giriş məhdudlaşdırılır, parklanma qiymətlərini artırırlar və beləliklə insanları ictimai nəqliyyata yönləndirirlər. Amma bizdə ictimai nəqliyyatımız bərbad vəziyyətdədir, insanlar şəxsi avtomobillərin ümidinə qalıblar. Belə olan halda tıxaclar qaçınılmazdır təbii ki.
Düşünürəm ki, dediyim addımlar atılsa, şəhərdəki tıxaclar nisbətən azalar".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31