Əfv sərəmcamının icrasına başlandı
28 May 2022 10:10 SosialPrezident İlham Əliyevin mayın 27-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasına başlanılıb.
Olaylar-ın məlumatına görə, Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.
Sərəncama əsasən 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilib.
Həmçinin, əfv olunmuş 213 nəfərdən Özbəkistan, İran və Türkiyə vətəndaşı olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.