Dövlət imtahanları ləğv olunacaqmı?

Yaxın zamanlarda ali təhsil müəssisələrində və kolleclərdə imtahan sessiyası başlanacaq. Tələbələrdə bir həyəcan, stress, qorxu hissi var. Bu hiss 4-cü kurs məzunlarında daha çox müşahidə olunur. Çünki  bütün universitet və kolleclərdə tələbələrin qarşısına dövlət imtahanı kimi bir tələb qoyulub. Pandemiya ilə əlaqəli olaraq  bu tələb iki il aradan qaldırılmışdı, amma pandemiyanın yekunlaşması ilə bütün təhsil ocaqları artıq ənənəvi təhsilə keçid aldı və nəticə etibarilə dövlət imtahanları yenidən bərpa olundu. Tələbələrin böyük əksəriyyəti bundan narazıdır. Əslində onların da özlərinə görə haqlı tələbləri var. Dünya ölkələrinə nəzər salsaq heç bir ölkədə dövlət imtahanı kimi bir anlayış yoxdur. Bir tələbə 1-ci, 2-ci, 3-cü kursda keçdiyi fənləri yenidən niyə imtahan olunsun ki? Buna səbəb nədir? İmtahanlar yaxınlaşdıqca tələblərin də narazılıqları artmağa başladı. Hətta sosial şəbəkələrdə  tələbələr qruplaşaraq dövlət imtahanının ləğv olunmasına dair  yazılar yazmağa, çağırışlar etməyə başladı. Dövlət imtahanının  keçirilməsi niyə bu qədər vacibdir? Ümumiyyətlə dövlət imtahanının  ləğvi gözlənilirmi?

Suallarımıza cavab tapmaq üçün  mütəxəssislərlə həmsöhbət olduq.

Təhsil eksperti Qoşqar Məhərrəmov

"Ümumiyyətlə müxtəlif ölkələrdə  ali təhsil müəssisələrinə baxdıqda, dövlət imtahanı anlayışı müşahidə etmirik.  Dövlət imtahanı, universitetə bəlkə də güvənməmənin əlamətidir, ya da düşünülür ki, universitetlər normal, hansısa bir tələbəsini bakalavrdan məzun edərkən onları tam öyrətmədən məzun edir,ona görə imtahan edir. Bunu anlamaq  həqiqətən  çətindir. Məsələn mənim təhsil aldığım Türkiyədə  ali təhsil müəssisəsindən məzun olmaq üçün müəyyən kreditləri tamamlamaq lazımdır. Dərsləri vermək, onların tələblərinə uyğun imtahanları, dərsləri keçmək lazımdır. Vəssalam. Əlavə bir imtahan yoxdur. Məsələn biologiya oxuyuruqsa, 4 ilin yekununda bütün 4 il boyunca keçdiklərimizlə əlaqədar bir imtahan da yoxdur.  Əgər 1-ci kursun  fənnini  keçmisənsə, vəssalam, artıq keçmisən.  2-ci kursun fənnini keçmisənsə, artıq keçmisən.  4-cü kursda yenidən 1-ci kursun ikinci semestrdə hansı fənni almışdın, hansı dərsi oxumuşdun yenidən bir təkrar edib, baxım, görüm  yadımda qalıbmı, yoxsa qalmayıbmı, belə bir stress faktoru universitetlərdə yoxdur.  Hər semestrin öz hökmü var və  o semestrin hökmü olan dərsləri bitirir, tələbələr məzun olur. Düşünürəm ki, Azərbaycanda da belə olsa daha yaxşı olar. Sadəcə bunun üçün yenə də  universitetlərin daha etibarlı universitetlər olmağı lazımdır. Həqiqətən də keyfiyyətli təhsil verməyi vacibdir.   Təhsil Nazirliyi və ya dövlət imtahanını keçirən qurumlar, bunu edirlər, çünki universitetilər özünü doğrultmur. Universitetlər tam bu mənada keyfiyyətli tədris vermədiyi üçün, bəlkə də mərkəzləşmiş bir imtahan təşkil olunur. Amma  bu mərkəzləşmə yenə də təhsilin keyfiyyətinə müsbət təsir edirmi? Bu da bir sual işarəsidir. Düşünürəm ki, biz keyfiyyəti artırmaq üçün mərkəzləşmiş imtahanların sayını artırmaq məcburiyyətində deyilik"

Təhsil eksperti Kamran Əsədov

"İlk növbədə qeyd edim ki, hazırda bizim 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və bu il bizim ali təhsil müəssisələrimizi 45 min tələbənin bitirməsi gözlənilir. Təbii kiz etiraf edək, pandemiya dövründə ali təhsil müəssisələrində tədris təşkili qaydaları  dəyişdi və biz 2 ildən çoxdur ki,  həm 2021-ci ilin sentyabrına qədər onlayn rejmdə dərs keçirdik, 2021-ci ilin sentyabrından hibrid formada tədris təşkil olunur. Bu da tələbələrin müəyyən fənləri mənimsəməsi ilə bağlı ciddi problem yaradır. Nəzərə alsaq ki, bütün uşaqlar, yəni ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr bütün fənlərdən semestr imtahanı verirlər və növbəti kursa, semestra keçid edirlər.  Təkrar bir semestr başa çatandan sonra 4-cü kursda uşaqların dövlət imtahanına cəlb edilməsinin heç bir mənası yoxdur. Biz eyni uşaqları iki dəfə yoxlamış oluruq. Bu da normal deyil. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfinə gəlincə, dünyada qebul edilmiş normalara görə, tələbələr orta müvəffəqiyyət göstəricilərinə görə əsasən diplom alırlar. Doğrudur, Azərbaycanda ali təhsil müəssisələrinin yekun attestasiyası qaydaları dəyişib və hazırda ikinci kursda təhsil alan tələbələr  nə dövlət imtahanı verəcək nə de buraxılış imtahanları. Amma hazırda 4-cü kursda oxuyanlar imtahanlara cəlb edilirlər. Hesab edirəm ki,. Ölkədə pandemiyanın tamamilə başa çatmadığını, hələ də  ölkədə karantin rejimini nəzərə alsaq, ali təhsil müəssisələrində tələbələrin təhsili ilə bağlı müəyyən qədər məhdudiyyətlərin olduğunu nəzərə alsaq, biz bir mənalı olaraq. Ümumi orta müvəqqiyyət göstəricisini əsas götürməliyik. Təhsil əlçatan olmalıdır, keyfiyyət əsas meyar  olmalıdır. Bütün bunları nəzərə alsaq birmənalı şəkildə tələbələrə ümumi orta göstərici müvəffəqiyyət əsasında diplomun verilməsi yeganə çıxış yoludur"

Millət vəkili Ceyhun Məmmədov

"Azərbaycan artıq ənənəvi təhsilə keçmişik. Yəni, iki il bundan əvvəl, bəli, distant təhsil forması idi.  Ona görə də, dövlət imtahanlarının keçirilməsi üçün qərar qəbul edilmişdi. Amma 2021-2022-ci  ilin tədris ilində artıq biz ilin əvvəlindən ənənəvi təhsilə keçid aldıq.  Bütün Azərbaycanda aili təhsil müəssisələrində, kolleclərdə  ənənəvi təhsil bərpa edildi. Bu baxımdan çox məntiqlidir ki, dövlət imtahanları yenidən bərpa olunur. Əgər biz, bu tədris ilində  2021-2022-ci illər pandemiya səbəbindən  distant təhsilə davam etsəydik, bəli onların iradı və narazılığı haqlı olardı. Amma biz axı 1 ildir ənənəvi təhsilə keçmişik. Ona görə də, dövlət imtahanının bərpa olunması təbiidir, normaldır. Əvvəlki illər necə olubsa, elə də olmalıdır. Artıq pandemiya bitib. Biz tələbələr necə istəyirsə onun arxasınca getməli deyilik. Əgər bu narazılıq haqlı olsaydı, bəli, biz bu narazılığı qəbul etməliydik.  Bu narazılığın heç bir əsası yoxdur, narazılıq əsasızdır. Çünki həmişə belə olub. Amma pandemiya artıq yoxdur. Dövlət imtahanları il üzrə götürülür.  Tələbələr bunu normal qəbul etməli və çalışmalı, hazırlaşmalı , yaxşı oxumalıdırlar ki, imtahandan keçə bilsinlər. Yəni, biz prosesi daha da asanlaşdırmaqla təhsilimizi tövhə vermirik, əksinə biz fikirləşməliyik ki, təhsilin keyfiyyətini necə artıraq, daha da yüksək edək. Hesab edirəm ki, biz məsələni  bu şəkildə qoymalıyıq.  Əvvəl ənənəvi təhsil idisə  pandemiyadan sonra da eyni şəkildə davam etməlidir. Burada tələbələrin narazılığı üçün heç bir əsas yoxdur.  Bu qərar təbiidir. Pandemiya ilə bağlı qəbul edilmiş qərar idi , pandemiya bitib . Ona görə də, biz qayıdırıq ənənəvi qaydada tədrisə"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31