Kitab oxumaq asanlaşdı...

Cəmiyyətin inkişafı üçün mədəni inqilablar hər zaman paralel şəkildə həyata keçirilir.

Bu gün Azərbaycanda medianın, kitab bazarının canlanması uğrunda çox gözəl addımlar atılır.  Jurnalist dövrün tələblərinə uyğun mövzuya toxunmalı, kitab satıcısı Azərbaycan gəncinə ən lazımlı kitabları təqdim etməlidir. Bu mədəni mübarizədə ayaq altına dolaşan bütün maddi maneələrin getdikcə aradan qalxması həm oxucunu sevindirir, həm də satıcını.

Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edildi. Bununla bağlı mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzalayıb. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Qərar artıq bir həftədən çoxdur qüvvədədir.

18 faiz rəqəm olaraq bizə xırda görünsə də, çox böyük faiz ölçüsüdür. Məsələni daha da açsaq, hər birimizin ətrafında dərsliklərin bahalığından şikayətlənən valideynlər var idi. Artıq qismən də olsa, həmin problem öz həllini tapmış olacaq. Ümid edirik, ƏDV- dən azad olunma qərarından sonra kitab, jurnal, dərgi qiymətlərində də ucuzlaşma müşahidə olunacaq. Gənclərin çoxu kitabların bahalığı səbəbindən kitab ala bilmədiklərini deyirdilər.  Əlbəttə, Bakıya təhsil almaq üçün gələn tələbənin aylıq xərclərini düşünsək,hansısa kitaba 9-10 manat pul verə bilməsi mümkünsüz görünür. Bəs mütaliəsiz gənc cəmiyyətə faydalı olacaqmı?

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli  Olaylar-a açıqlamasında qeyd edib ki:

"Mənim fikrimcə, əlavə dəyər vergisi dünyanın ən faydalı vergilərindən biridir. Ümumiyyətlə, bu verginin ödənilməsi ölkə iqtisadiyyatının davamlı olması  prosesində iştirak etməkdir. Sadəcə ölkəmizdə kitablara və.s. qarşı qeyri-normal vergi tətbiq edilməsi mövcud idi. Dünyanın əksər ölkələrində ƏDV ya tamamilə ləğv edilib, ya da 2-3 faiz civarındadır. Azərbaycanda isə bu rəqəm 18 faiz idi. Çexiyada kitablara görə  ƏDV 0.5 faiz artırıldığı üçün insanlar  əhali buna etirazını bildirmişdi. Kitablar üzərində ƏDV tələbi normal qarşılanmır. Ona görə ki, kitab adi məhsul deyil və bu prosesdə iştirak etməməlidir.

Çox sevindirici haldır ki, prezident bu fərmanı imzalayıb. Nəhayət bir həftədir ki, kitablar ƏDV-dən azad edilib. Bu dövlətin kitaba göstərdiyi qayğıdır. Bütün bu qərarların nəticəsində ölkəmizdə mütaliə inkişaf edəcək, insanlar daha çox kitab oxuyacaq.

Bu kitabçılar üçün də yaxşı qərardır. Çünki, kitab satmaq prosesi daha da asanlaşacaq. Böyük sərmayə tələb olunmayacaq. Kitabların tirajı artacaq, yeni kitablar çap olunacaq. Rəqabət böyüyəcək. Kitabların qiyməti düşəcək.

İndiyə qədər ölkəyə idxal olunan kitablar üçün ƏDV ödənilib və bunu geri qaytarmaq mümkün deyil. Yeni qayda yeni idxal olunan kitablara şamil olunacaq. Bu bir gün içərisində baş verə biləcək proses deyil. Bunun üçün müəyyən qədər müddət  tələb olunur. Artıq bu həftə İngiltərədən yeni kitablarımız gələcək. Beləliklə onlara ƏDV ödənməyəcək və qiymətləri aşağı düşəcək".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki,

"Çap mediasının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı prezidentin qərarı sözsüz ki, əhəmiyyətlidir. Azərbaycanda çap texnologiyasına söykənən bütün sahələrin inkişafında yeni bir mərhələnin açılacağı gözlənilir. Hələlik ƏDV-nin  ləğv edilməsində praktik nəticələrin doğurduğu dəyişikliklərdən danışmaq tezdir. Bu cür fundamental qərarların praktiki nəticələrini müəyyən müddətdən sonra  təyin etmək mümkün olur.

Biz nəzəri olaraq belə qənaətə gəlirik ki, qərar nəinki çap mediası, kitab çapı, dərsliklərin çap edilməsinə, ölkəyə idxal edilən hazır, çap olunan məhsulların qiymətinə və.s  təsir göstərəcək. Hələki müsbət və mənfi təsirlər haqqında danışa bilmərik. Ancaq bir nüansı qeyd edim ki, nəticələri indidən görməsək də, bəzi neqativ təzahürlər özünü göstərməyə başlayıb. Müəyyən dairələr qərardan sonra da çap kağının və məhsullarının qiymətində dəyişiklik olmayacağını artıq hiss etdirməyə başlayıblar. İndidən onlar hazırlaşır ki, nəinki qiyməti aşağı salmaq, əksinə qiyməti daha bahalaşdırsınlar. Çap məhsulu və avadanlığının ölkəyə idxalı ilə məşğul olan bəzi dairələr, həmin avadanlıqların satıldığı yerdə artıq qiymətlərin bahalaşması ilə bağlı şaiyələr yayırlar.  Şübhəsiz  bu bir hazırlıqdır. Azərbaycanda 18% ƏDV-nin ləğv olunması qərarından sonra yaranacaq müsbət nəticələri artıq neytrallaşdırmağa çalışırlar. Sözsüz ki, bu, çap mediası ilə məşğul olan şəxslər olaraq bizi qane etmir. Dövlət orqanları ilk növbədə çap mediasının taleyi üçün əhəmiyyətli rol oynayan qərarın praktikada hansı nəticələri verdiyini mütəmadi olaraq təhlil etməli, ictimaiyyətlə bölüşməlidir".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31