Deputat İcra Hakimiyyəti başçılarının məhkəmə prosesindən danışıb

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən İcra Hakimiyyəti başçılarının məhkəmə prosesindən danışıb. "Olaylar"ın məlumatına görə, Z. Oruc bildirib ki, icra hakimiyyəti rəhbərlərinin mühakiməsi məhkəmə sistemi üçün də sınaqdır: "Müstəqil dövlətçilik tariximizdə müqayisəsi olmayan sayda mərkəzi və yerli hakimiyyət nümayəndələrinin mühakiməsi böyük ictimai diqqət qazanmaqla məhkəmə sisteminin özü üçün də mühüm sınaqdır. Hakimlərin dövlət və xalq qarşısında düzgün və qanuni qərarları yeni Konstitusion islahatlar üçün əsas ola bilər. Ona görə də biz sıradan, adi cinayət hadisələrini deyil, 21-ci əsrdə bir millətin müstəqil yaşamaq, özünüidarəetmə orqanları formalaşdırmaq qabiliyyətini sübuta yetirən və gələcək kadr quruculuğuna birbaşa təsir göstərən xalq mühakiməsindən danışırıq".

Deputat qeyd edib ki, qanun qarşısında hamının bərabərliyini təmin etmək, yalnız sadə vətəndaşların, yaxud kiçik və orta rütbəli məmurların deyil, özünü toxunulmaz sayanların üzərində də qanunun aliliyini nümayiş etdirmək, ən başlıcası, dövlətin ədalətinə ictimai inamı qoruyub saxlamaq Prezidentin yeni siyasətinin ana xəttini təşkil edir: "Şübhə yoxdur ki, Vətən müharibəsində parlaq qələbə həm də kadr dəyişikliklərinin, siyasi islahatların birbaşa nəticəsidir və yeni hakimiyyət quruculuğu siyasəti olmasaydı, düşmənlə savaşda vahidliyə nail olmaq faktiki qeyri-mümkün idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31