Ətraf mühitin mühafizəsi maddi maraqlara qurban verilir
Müasir dünyada ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biri hesab edilir.
1 Aprel 2021 11:06 SosialCavabdeh qurumlar yaxalarını niyə kənara çəkirlər?
Müasir dünyada ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biri hesab edilir. Davamlı inkişaf isə respublikada ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadəni tələb edir. Ona görə də çağdaş dünyada irəli sürülən qlobal problemlərin böyük bir hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində respublikamızda çoxsaylı tədbirlər həyata keçirilib. Bu məqsədlə Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılıb. Əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə dair 20-dən artıq milli qanun qəbul edilib. Şübhəsiz ki, sadlanan bu məsələlərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşları halidir. Çox təəssüf ki, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qəbul edilmiş qanunlarda, eləcə də nazirliyin özü tərəfindən hazırlanmış milli fəaliyyət planında nəzərdə tutulmuş müddəların icrasında baryerlər elə qurum əməkdaşlarının özləri tərəfindən yaradılır. Başqa sözlə, nazirlik əməkdaşlarının qanunsuz əməlləri, daşıdıqları vəzifəyə məsuliyyətsiz yanaşma problemin üzərinə əlavə problem gətirmiş olur.
Sirr deyil ki, dünyada baş verən iqtisadi böhran artıq ölkəmizə də öz təsirini göstərib. Aparılan məqsədyönlü tədbirlərlə böhranın fəsadlarını minimuma endirilməsini dövlət öz qarşısına prioritet vəzifə olaraq qoyub. Ölkə başçısının dəfələrlə israfçılığa, dövlət əmlakının talan olunmasına və korrupsiyaya son qoyulması barədə göstərişlər verməsinə baxmayaraq bəzi məmurlar bunu qulaqardına vururlar. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyin ayrı-ayrı strukturlarının qeyri-şəffaf fəaliyyəti barədə mediaya sızan məlumatlar da ölkədə ekoloji təhlükənin mövcudluğundan xəbər verir. O da etiraf edilməlidir ki, respublikada ekoloji fəlakət təhlükəsinin yaranması nazirlikdə özünəməxsus idarəçilik metodunun tətbiqi ilə bağlıdır.
Məlum olduğu kimi Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda sözügedən problemin aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi əvəzinə, nazirliyin hərəkətsizliyi ucbatından problemin daha da dərinləşməsi prosesi gedir. Daha dəqiq, mövcud su hövzələrinə, o cümlədən Xəzər dənizinə məişət və sənaye su tullantılarının axıdılmasının qarşısı alınmadığından çirklənmə dərəcəsi daha da artmış olur. Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması isə daha dəhşətli mənzərə yaradır. Ölkədə fəaliyyət göstərən restoran və şadlıq evləri, standartlara cavab verməyən avtomobillərin havaya buraxdıqları zəhərli qaz atmosferin çirklənməsində əhəmiyyətli rol oynayır. Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə sənaye və məişət tullantılarının uzun müddət yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına şərait yaradır.
Məlum olduğu kimi Azərbaycan ən az su ehtiyatına malik ölkələr sırasına aiddir. Azərbaycanda kənd təsərrüfatının ehtiyaclarını və əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Belə bir şəraitdə meşələrin qırılmsı su ehtiyatının tükənməsinə səbəb olur. Ekoloji terror təkcə regionlarda deyil, həmçinin paytaxt Bakıda da müşahidə olunmaqdadır. ETSN-in məsul əməkdaşlarının tikinti şirkətlərinin fəaliyyətinə göz yumması səbəbindən paytaxtda ağacların soyqırımı həyata keçirilir ki, bu da ətraf mühitin çirklənməsi ilə nəticələnir. Qeyd edək ki, ölkə ərazisinin yalnız 11%-i meşə sahəsi ilə əhatə olunub. Mövcud iqtisadi problemlər, eləcədə ermənilərin törətdikləri ekoloji terrir nəticəsində meşələrin sahəsi azalıb. Meşələrin su və torpaqqoruyucu funksiyalarını, iqlimin formalaşmasına təsirini nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Lakin nazirliyin məsələyə biganə münasibəti meşələrin qırılması, ən nadir ağac növlərinin, nəsli kəsilmək üzrə olan flora və fauna nümunələrinin xarici ölkələrə daşınaraq ən müxtəlif istehsal sahələrində istifadəsi barədə məlumtlar dolaşmaqdadır.
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən biridir. Azərbaycanda bir çox bitki və heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud deyil. Bu zəngin bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə altındadır. Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və heyvan növləri təhlükə altındadır. Azərbaycanda biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Lakin biomüxtəlifliyin qorunması məqsədilə yeni milli parkların yaradılması əvəzinə mövcud parklardakı nadir heyvanların kökünün kəsilməsi prosesi həyata keçirilməkdədir. Hətta heyvanların soyqırım prosesinə ərəb ölkələrinin vətəndaşları da cəlb edilib. Burada "cəlb edilib" ifadəsi təsadüfi işlədilməyib, yayılan məlumata görə, on illərdir ki, soydaşlarımız maddi maraq müqabilində xarici ölkə vətəndaşlarını ölkəmizə dəvət edirlər. Bununla da "ov turizmi" adı altında milli qoruqlarımızdakı nadir quş və heyvanların kökünün kəsilməsinə şərait yaradırlar. Elə bir neçə gün öncə "sapı özümüzdən olan baltalar" tərəfindən ölkəmizə dəvət olunan ərəblərin Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasının ovlanması bunun bariz nümunəsidir. Məlumata görə, vəhşicəsinə ovlanan populyasiyanın sayı təbiətdə cəmi 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar. Ərəb turistlərinin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntüləri də yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub. Məsələnin mahiyyətinə gəldikdə isə nazirlik sözügedən ərazinin fiziki şəxs tərəfindən icarəyə götürüldüyünü bəyan etməklə məsuliyyəti üzərindən atıb. Təkcə bu fakt nazirliyin çoxsaylı ekoloji problemin həllinə hansı maraqlardan yanaşdığını deməyə əsas verir. Çünki, ərəb turistlərin 200 manat cəriməlnməsi nə onları qanunsuz ovdan çəkindirməsinə, nə də qoruqlarımızdakı nadir quşların kökünün kəsilməsinin qarşısının alınmasına təsir edəcəyi inandırıcı görünmür.
Nurlan
Olaylar.az