"Yalnız bu məktəblər bağlanmalıdır" - Təhsil ekspertindən TƏKLİF

Artıq bir aydan çoxdur ki, orta təhsil müəssisələrində əyani təhsilin tədrisi həyata keçirilir.

Maraqlıdır, 9 ay davam etmiş distant təhsil dönəmindən sonra ənənəvi tədris üsulu necə nəticə verib? Yoluxma sayının artması ilə əlaqədar məktəblər yenidən bağlanarsa bunun nə kimi təsirləri olacaq?

Mövzu ilə bağlı  danışan təhsil ekspert Kamran Əsədov son bir ay ərzində təhsilin keyfiyyətinin xeyli artdığını və hazırkı vəziyyətin distant təhsil dönəmindən yaxşı mənada xeyli fərqləndiyini bildirib:

"Fevralın 1-dən əyani təhsil bərpa edildikdən sonra apardığımız müşahidələrdən bu qənatə gəlmişik ki, xüsusilə ibtidai siniflər məktəbə getməkdən məmnundur. Tədris göstəriciləri üçün aparılan monitorinqlər, sınaq imtahanları da onu göstərir ki, bu müddət ərzində şagirdlər daha çox bilik əldə edib, nəinki distant təhsil dönəmində. Konkret rəqəmlərlə desək, bu gün Bakı şəhərində 320 məktəbdə 440 min şagird oxuyur. Təkcə birinci sinifdə təhsil alan şagirdlərin sayı 48 mindir. 440 min şagirddən cəmi 1200 nəfər ərizə ilə müraciət edərək əyani təhsildən imtina edib".

Təhsil eksperti yoluxma sayının artacağı halda belə məktəblərin fəaliyyət göstərməsinin vacibliyini bildirib. K.Əsədov bunu distant təhsilin bundan sonra şagirdlərə mümkün psixoloji təsiri ilə əlaqələndirib:

"Yoluxma sayının artacağı təqdirdə məktəblərin bağlanacağını bilirik. Amma bütün məktəbləri bağlamağa ehtiyac yoxdur. Yalnız yoluxma sayı çox olan məktəblərin bağlanması daha doğru olardı. Düşünürəm ki, məktəblər bağlansa bu, şagirdlərə psixoloji təsir edə bilər. Xüsusilə bu il buraxılış və qəbul imtahanı verəcək şagirdlərə məktəblərin bağlanması mənfi təsir edəcək. Çünki bu siniflər artıq iki ildir ki, məktəbə gedə bilmir. Məktəbə getməyən şagirdlərin məzun olması isə doğurdan da yaxşı hal deyil. Düşünürəm ki, əyani tədrisin dayandırılması doğru addım olmayacaq".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31