Azərbaycan İƏT-in önəmli üzvünə

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısı keçirilib. Sfera.az bildirir ki, Azərbaycan İƏT-ə üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Ölkəmiz 1992-ci il noyabrın 28-də quruma üzv olub. Azərbaycanla bərabər daha 6 ölkə - Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda təşkilatın 10 üzv ölkəsi var.

İƏT-in məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafını təmin etməkdir. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub.

Təşkilatın Baş katibi Hadi Süleymanpurdur (İran). Təşkilatın Katibliyi Tehranda yerləşir.

Qurumun Tədqiqat Mərkəzi Azərbaycanda yerləşir. İqtisadi Tədqiqat Mərkəzinin Azərbaycanda təsis edilməsi fikrini Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilk dəfə 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə irəli sürmüş və vacibliyini qeyd etdib.

Mərkəzin təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən İƏT-in 2006-cı ildə Bakıda keçirilən IX Zirvə görüşündə  təkrar irəli sürülüb və bu təklif "Bakı Deklarasiyası-2006" adlı sənəddə öz əksini tapıb.

Mərkəzin Nizamnaməsi 2013-cü ildə təsdiq edilib. Həmin vaxt Mərkəzin tamhüquqlu fəaliyyət göstərməsi üçün sənədin Azərbaycan Hökuməti və/və ya digər 3 üzv ölkənin qanunvericiliyinə uyğun olaraq, təsdiq edilməsi tövsiyə olunub.

İƏT Tədqiqat Mərkəzi İƏT-in ixtisaslaşmış agentliyi kimi hüquqi şəxs statusuna malikdir. Mərkəzin məqsədi tədqiqata əsaslanmış özülün üzərində regional əməkdaşlığın yaradılması üçün İƏT-ə və onun üzvlərinə yardım etməkdir.

Bu məqsədin həyata keçirilməsi üçün müxtəlif iqtisadi layihələrin, iqtisadi və ekonometrik modellərin, analitik alətlərin, iqtisadi və makroiqtisadi siyasət məsləhətlərinin, həmçinin, təsirin qiymətləndirmə meyarlarının təmin edilməsidir.

İƏT üzvləri çoğrafi baxımdan Azərbaycana yaxın ölkələrdir və onların hər biri ilə inkişaf edən iqtisadi münasibətlər mövcuddur. Azərbaycanın İƏT üzvlərindən ən böyük iqtisadi əməkdaşlığı Türkiyə ilə edir. 2020-ci ildə Türkiyə ilə xarici iqtisadi əlaqələrin həcmi 4,16 milyard dollar olmaqla ümumi ticarət dövriyyəsinin 17 faizini formalaşdırıb. İkinci ən böyük ticarət dövriyyəsi İranladır. İranla ticarət dövriyyəsi 339 milyon dollar olub.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31