Azərbaycanda çox güclü vətənpərvər gənclər ordusu formalaşıb

Siyavuş Əmirli: "Bizlərdə bir əminlik yaradır ki, Azərbaycanın gələcəyi etibarlı, vətənpərvər gənclərin əlindədir və belə vətəndaşları, gəncləri olan dövlət hər şeyə  qadirdir, onun qarşısında heç bir qüvvə dayana bilməz"

Təsadüfi deyilməyib ki, bir dövlətin gələcək inkişafı, onun ayaqda durması o ölkənin siyasi və iqtisadi gücü ilə yanaşı, həm də sağlam ruhda yetişən gənclikdən asılıdır. Ona görə də əksəriyyət ölkələrdə gənclərin sağlam ruhda tərbiyə olunması, onların vətənə, dövlətə məhəbbət hissində böyüdülməsi əsas prioritet vəzifələrdən təşkil edir. Bu tendensiyanı Azərbaycan mühiti üçün də söyləmək mümkündür. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan gəncliyi, Azərbaycan gəncinin Vətənə, dövlətə sadiq ruhda böyüməsi, tərbiyə olunması istiqamətində müvafiq addımlar atılıb, bu istiqamətdə siyasət həyata keçirilib. Məhz həyata keçirilən uğurlu siyasətin müsbət nəticələridir ki,  bu gün Azərbaycanda yüksək əhval-ruhiyyədə olan vətənpərvər gənclər ordusu formalaşıb. O gənclər ordusu ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını düşməndən azad etdi. Elə "Ulus" Fondunun prezidenti, Hərbi Sahədə İxtisaslaşmış Jurnlaistlər İctimai Birliyinin üzvü Siyavuş Əmirli də bu qənaətdədir. Onunla söhbətimizdə Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən uğurlu siyasətin müsbət nəticələri, eləcə də 44 günlük Vətən müharibəsində uğurlu qələbə qazanmağımızda vətənpərvər gənclərin rolundan danışdıq.

-Siyavuş bəy, əvvəla ölkədə gənclərlə iş, gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində həyata keçirilən siyasət, görülən işlərə nəzər yetirmək istərdim. Qeyd etdiyim istiqamətlərdə mövcud vəziyyəti necə xarakterizə edədiniz?

-Birmənalı olaraq deyərdim ki, bu gün Azərbaycanda gənclərə yönəlik dövlət siyasəti çox uğurla icra olunur. Gənclərin milli-mənlik şüurunun inkişaf etidirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması, daha yüksək səviyyəyə çatdırılması yönündə məqsədyönlü işlər görülür, tədbirlər həyata keçirilir. İstər bağçalarda, istər orta ümumtəhsil müəssisələrində, istərsə də ali təhsil ocaqlarında bu müsbət tendensiyanı açıq şəkildə görür, müşahidə edirik. Zaman-zaman orta məktəblərdə keçirilən görüşlərdə gəldiyimiz qənaət ondan ibarət olur ki, Azərbaycanda çox güclü vətənpərvər gənclər ordusu formalaşır. Bu mənzərə hər birimizdə bir qürur hissi yaradır, gələcəyə inam formalaşdırır. Bizlərdə bir əminlik yaradır ki, Azərbaycanın gələcəyi etibarlı, vətənpərvər gənclərin əlindədir və belə vətəndaşları, gəncləri olan dövlət hər şeyə  qadirdir, onun qarşısında heç bir qüvvə dayana bilməz.

-Sizə elə gəlmirmi ki, belə bir müsbət tendensiyanın yaranmasında dövlətin, şəxsən dövlət başçısının gənclərə, gənc nəsilə göstərdiyi diqqət və qayğı mühüm rol oynayır?

-Əlbəttə ki, belədir və mən sizinlə tamamilə raziyam. Azərbaycan Respublikasının Prezidenti ənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi 18 ilə yaxın müddət ərzində əsas diqqət yetirdiyi məsələlərdən biri də gənc nəslin vətənpərvər ruhda böyüməsi, tərbiyə alması olub. Gənclərlə keçirdiyi hər bir görüşdə onlara vətənpərvər olmağı, dövləti, Vətəni sevməyi tövsiyə edən ölkə başçısı Cənab İlham Əliyev paralel olaraq əməli addımları, həyata keçirdiyi siyasəti ilə də bu prosesə təkan verib, onu irəliyə aparıb. İstər Ali Baş Komandan kimi əsgər və zabitlərə göstərdiyi diqqət və qayğı, Silahlı Qüvvələrin, Azərbaycan Ordusunun daha güclü, qüdrətli olması istiqamətində atdığı addımlar, istər ən çətin situasiyalarda Ali Baş Komandan kimi əsgər və zabitləri ilə hətta səngərdə görüşməsi, istərsə də torpaqlarımızın bütövlüyü, düşmən işğalından  azad edilməsi məqsədilə canını fəda etmiş igid oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqasədilə atdığı addımlar, onlara verilən ən yüksək mükafat yetişməkdə olan gənc nəslin daha vətənpərvər böyüməsinə gətirib çıxaran amillərdəndir. Buna erməni zabitini öldürməkdə ittiham olunan və ömürlük həbs cəzası alan Ramil Səfərovun ölkəyə ekstradisiyasına nail olunması və dərhal azadlığa çıxması, onlarla erməni terrorçusu və təcavüzkarını təkbaşına öldürən Mübariz İbrahimovun nəşinin ciddi cəhdlə Vətənə gətirilməsi və ona Milli qəhrəman adı verilməsi, eləcə də digər bu kimi  amillər, Polad Həşimov örnəyi gənclərin vətənpərvər ruhda böyüməsinə stimul verən, ona şərait yaradan məqamlardandır. Azərbaycan gənci də təbii ki, bütün bunları görür, təqdir edir və qürur hissi keçirir. Paralel olaraq özünü həmin qəhrəmanlarımızın yerinə qoyaraq müsbət mənada onlara oxşamağa çalışır.

-Elə 44 günlük Vətən müharibəsində uğurlu qələbəmizi şərtləndirən əsas amil də bundan ibarət deyildimi?

-Əlbəttə. Sizinlə tamamilə razıyam. 44 günlük Vətən müharibəsində Azərbaycanın, Azərbaycan Ordusunun inamlı qələbə qazanmasını şərtləndirən başlıca amil məhz 20 ilə yaxın müddətdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti nəticəsində  vətənpərvər gənclər ordusunun formalaşması idi. Burada dövlətin, dövlət başçısı Cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı da mühüm rol oynayır. Bir başqa amil Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı, Ali Baş Komandan kimi daim öz əsgər və zabitləri ilə bir yerdə olması ilə bağlıdır. Bu gün yetişməkdə olan gənc nəsil aydın şəkildə görür ki, Azərbaycan əsgəri yüksək səviyyədə qayğı ilə əhatə olunub. Torpaqlarının müdafiəsi uğrunda xidmətə gedən əsgərin ailəsi, yaxınları dövlət qayğısı ilə əhatə edilib, onlara hər bir şərait yaradılır. Bir sözlə hərbi xidmət keçən əsgərin ailəsindən heç bir nigarançılığı qalmır. Həmçinin Azərbaycan gənci görür ki, torpaqlarımızı, işğal altında olan ərazilərimizi düşməndən azad etmək uğrunda gedən döyüşlərdə yüksək səviyyədə şücaət, igidlik göstərən istər şəhid, istərsə də qazi, müharibə veteranına dövlət səviyyəsində, ən əsas da dövlət başçısı səviyyəsində diqqət və qayğı göstərilir. Onların adları əbədiləşdirilir, ailələrinə dövlət tərəfindən hər cür dəstək göstərilir, döyüşlərdə müxtəlif dərəcəli xəsarət alan əsgər və zabitlər, qazilər yüksək səviyyədə tibbi xidmətlə təmin olunur. Onların bir çoxu xarici ölkələrə, əsas etibaarilə də qardaş Türkiyəyə müalicəyə göndərilir.

-Siyavuş bəy, bildiyimiz qədər siz Laçın rayonundansınız və uzun illər məcburi köçkün həyatı yaşamısınız. Bu gün isə artıq Laçın rayonu düşmən işğalından azad edilib. Ümumiyyətlə, nə vaxtsa işğal altında olan rayonunuzun düşmən tapdağından azad olacağına inanırdınızmı?

Əlbəttə inanırdım. Tək mən deyil, bütün tanıdığım laçınlılar belə bir günün baş verəcəyinə inanırdı. Elə onları ayaqda tutan, bu günə qədər Laçın niskili ilə yaşamalarının da kökündə bu inam, ümid dayanırdı.

-Bəs bu ümid, inam haradan qaynaqlanırdı?

-Laçınlılarda öz torpaqlarına qayıdacağı ümidi, inamı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın qətiyyəti, mübarizliyi, vətənpərvərliyindən irəli gəlirdi. Cənab Prezident bütün görüşlərdə, beynəlxalq səviyyəli toplantılarda, eləcə də dünyanın əsas siyasi təşkilatı sayılan BMT-də etdiyi çıxışlarda birmənalı və qəti şəkildə bəyan edirdi ki, Azərbaycan heç bir halda torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gec-tez işğal altında olan əraziləri azad edəcək.

Digər tərəfdən Azərbaycan Ordusunun gücü, qüdrəti, Ali Baş Komandanın Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, hər il yeni-yeni silahların alınması, ordumuzun modernləşdirilməsi, Silahlı Qüvvələrin əsgər və zabit heyətinə diqqət və qayğının arıtırılması da bizlərdə o inam hissini yaradırdı ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmın işğalı altında olan ərazilərimizi azad etməyə qadirdi və o gün uzaqda deyil. Ümidlərimiz doğruldu, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında 44 günlük Vətən müharibəsində tarixi qələbəyə, zəfərə imza ataraq 30 ilı yaxın düşmən işğalı altında olan şəhər və rayonlarımızı azad etdi. Bunun özü də eyni zamanda Azərbaycanın, Azərbaycan gəncinin nə qədər vətənpərvər olduğunu göstərirdi. Azərbaycan gəncləri ordumuzun sıralarında bir qəhrəmanlıq salnaməsi yazdılar.

-Son olaraq bilmək istərdik, Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı bir neçə kəndin işöaldan azad edildiyi barədə verilən ilk xəbərləri, eləcə də Laçının da azad edildiyi müjdəsini necə qarşıladınız, hansı hisslər keçirdiniz?

-Tam səmimi deyirəm, o hissləri, o həyəcanı, sevinci hansısa formada dilə gətirmək, onu qələmə almaq mənim üçün çox çətindir. Gərək onu, həmin hiss, həyəcanı yaşayasan. Sağ olsun Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevi ki, bizə, biz laçınlılara bunu yaşatdı.

Süleyman İsmayılbəyli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31