Pedofillər uşaqları necə tora salırlar?
4 Mart 2021 15:34 SosialBu gün dünyada ən ciddi problemlərdən biri də uşaqların vinsi istismara məruz qalmasıdır. Araşdırmalardan məlum olur ki. dünyada hər gün yüzlərlə uşaq cinsi təcavüzə məruz qalır.
Hüquqşünas Əli İbrahimov təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda da bəzən bu kimi mənfi hala rast gəlmək olur. Onun sözlərinə görə, əvvəllər bu cür məlumatları xarici xəbərlərdə eşidirdik: "Amma Azərbaycanda da belə hallar az müşahidə edilmir. Sosial şəbəkələrdə aktivliyin artması bu cür hadisələrin ictimaiyyətə daha sürətlə çatdırılmasına səbəb olur. Bəs pedofiliya nədir? Nəyə görə yaranır? Bir insan uşağa qarşı nəyə görə seksual hərəkətlər etsin? İngiliscə "paedophilia" sözündən yaranan pedofil sözünün kökü yunanca paid (uşaq) və philia (düşgünlük) sözlərindən ibarətdir. Uşaq üçün cinsi istismar razılığı olmayan və ya bunun fərqində olmayacaq yaşda olan uşağın yetkin insanın cinsi əməlinə alət edilməsi və ya bunu göz yumulması kimi təsvir edilir. Pedofil adamlar uşaqların etimadlarını xüsusilə qazanaraq onları torlarına salırlar. Uşaqlara qarşı mülayim olduqlarına görə, uşaqlar bəzən onların pis niyyətlərini anlamır, hətta onları qoruyurlar.
Pedofiliya psixoloji xəstəlik növüdür. Xəstəliyi təşxis etmək üçün şəxsin ən az 16 yaşı olmalıdır. Yəni şəxs cinsi istismara məruz qoyduğu uşaqdan 5 yaş böyük olmalıdır".
Hüquqşünas deyir ki, pedofillər üstünlük verdikləri yaş qruplarına görə iki yerə bölünürlər: "Hebefiller (hebephiles, yetkinlik sonrası uşaqları seçənlər) və pedofillər (pedophiles, yetkinlikdən əvvəli uşaqları seçənlər). Pedofillərin 75 faizindən çoxu qurbanların qohumları, ailə dostları və ya tanışlarıdır. Pedofillər tez-tez cinsi birləşmədən əvvəl qurbana toxunmaq və ya cinsi orqanlara baxmaq yolu ilə cinsi doyuma çatırlar. Pedofillər arasında kiçik uşaqlara və yetkinlik dövrünə çatan uşaqlara maraq göstərənlər var. Onlar uşaqla cinsi təmasa saç oxşayaraq, cinsi orqanını və qurbanının cinsi orqanını əlləməklə başlayırlar. Uşağı hürkütməsinlər deyə addım-addım cinsi münasibətdə olurlar. Münasibətlər böyüklər tərəfindən hiss edilməyənədək uzana bilər".
Bəs görəsən bir insan niyə pedofil olsun?
Əli İbrahimovun qənaətincə, alimlər tərəfindən aparılan araşdırmalara görə, psixi pozğunluğu və şəxsi keyfiyyətlərində çatışmazlıq olan insanlar pedofiliyaya meylli olurlar: "Uşaq vaxtı psixoloji sarsıntı keçirən, ailələrində problemlər yaşanan adamlar bəzən özlərini özyaşıdları ilə münasibətdə sınamaqdan çəkinirlər və özlərindən kiçik şəxslər üzərində güclərini sınamağa meylli olurlar. Pedofillərin çoxu kişi cinsinə aid olur. Yaşayış tərzi və mədəniyyət də bu məsələdə mühüm amillərdən biridir. Pedofillik gen və hormonlardan əlavə din, ağıl, irq, təhsil, mədəniyyət, adət və ənənələr, peşə və ya sosial səviyyədən asılıdır. Ana və uşaq, ata və uşaq arasında əlaqələrin pozulması da pedofiliyaya yol açır. Ruhi böhranların təsiri altında qalmaq, cinsi ehtiyac və məhdudiyyətlər və ya cəmiyyət tərəfindən təkliyə məhkum edilmə və təcrid edilmə halı böyüklərin uşaqlara qarşı cinsi meyllərini yenidən canlandırır".
Hüquqşünas qeyd edir ki, valideynlər diqqətli olmalıdır. O deyib ki, cinsi təcavüzə məruz qalan uşaqlarda müşahidə edilən hallara diqqət yetirmək lazımdır: "Cinsi xarakter daşıyan hər şeyə qarşı qeyri-adi maraq göstərmək və ya bunlardan fövqəladə şəkildə çəkinmək. Müəyyən şəxs və ya yerlərə qarşı qorxu hissi. Ona hər hansı birinin toxunub-toxunmadığını soruşanda gözlənilməz və ya qeyri-adi bir cavab eşitmək. Fiziki müayinələrdən qeyri-adi şəkildə qorxmaq və çəkinmək. Yuxu problemləri və ya qarabasmalar. Depressiya və ya yoldaşlarından və ya ailəsindən uzaqlaşma. Başqa uşaqları cinsi fəaliyyətə sövq etmə təşəbbüsü. Sidik kisəsinə və ya bağırsağa nəzarətin birdən itirilməsi. Bədənlərinin çirkli, ya da qüsurlu olduğuna dair ifadələr və ya genital bölgələrində bir problemin olduğu qorxusu. Məktəbə getməyi rədd etmə. Cinayətkarlığa yönəlmə və ya davranım qüsurları. Sirr verməmək. Rəsmlərində, oyunlarında, xəyallarında cinsi təcavüzə münasibətin faktorları. Qeyri-adi təcavüzkarlıq. İntihara meyilli davranış. Cinsi təcavüzə məruz qalan uşaqlar gələcəkdə kimisə bu təcavüzə məruz qoya bilərlər.
Qorxu (xüsusilə şiddətə məruz qaldısa), çaşqınlıq və ya passiv həzz ola bilər. Cinsi əlaqə, xüsusilə şiddətə məruz qaldısa, uşaqda çox ciddi travmalara səbəb ola bilər. Bəzi hallarda qurban cinsi əlaqədən çox, valideynlərinin daha əvvəlki xəbərdarlıqlarına qulaq asmadığını düşünərək özünü ittiham etməyin dərdini çəkir. Cinsi təcavüzə məruz qalan uşaqlar tez-tez problemli yetkinlik dövrü yaşayırlar. Araşdırmalara görə, uşaq vaxtı cinsi təcavüzə məruz qalan kişilər cinayətə daha çox meylli olurlar. Uşaqlıqda cinsi təcavüzə məruz qalan qadınlar isə daha çox narkotika alüdəçisinə çevrilirlər və seksi özlərinə peşə kimi seçməyə meylli olurlar. Uşaqlar onlara qarşı edilən cinsi xarakterli hərəkətləri ikinci bir şəxsə danışmaqda çətinlik çəkirlər. Onlara qarşı mükün olduqca nəzakətlə yaxınlaşmaq və onları günahlandırmadan dərdlərini deməsinə şərait yaratmaq lazımdır".
Məhəmməd