Martın 6-7-də metronun işləməsi vətəndaşlara aid edilmir – AÇIQLAMA
3 Mart 2021 11:46 SosialKoronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq. Lakin bu, metrodan vətəndaşların istifadə edəcəyi anlamına gəlmir.
Metrodan vətəndaşların istifadəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Hazırda belə bir qərar yoxdur. Qazet.az