Hakim olmaq istəyən 300 hüquqşünas imtahana çəkiləcək
2 Mart 2021 11:28 SosialYeni yaradılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilib. Məhkəmə Hüquq Şurasından "Olaylar"a daxil olan məlumata görə, hakimliyə namizədlərin keyfiyyətli distant təlimi təşkil olunub. 44 nəfər namizəd bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurub və dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyin ediliblər. Bununla yanaşı hakimlərin seçilməsi prosesi davam edir. Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlə bu ərəfədə şifahi imtahanlar keçiriləcək. 300-dən çox hüquqşünasla test imtahanı isə mart ayının 3-nə təyin edilib.