Azərbaycan qlobal əhəmiyyətli nəqliyyat tranzit layihələrinin mərkəzinə çevrilir

Azərbaycanın işğal altında olan ərazilərini düşməndən azad etməklə yeni-yeni imkanlara malik olacağı, iqtisadiyyatını bir qədər inkişaf etdirəcəyini və ən önəmlisi yeni qlobal əhəmiyyətli regional layihələrə təşəbbüskar olacağı ilə bağlı səslənən ehtimallar, fikirlər artıq öz təsdiqini tapır. Hələ 44 günlük Vətən müharibəsinin başa çatdığı ilk günlərdə tərəflərin imzalanan bəyanatda əksini tapan Mehri dəhlizinin açılması maddəsinin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq kifayətdir. İqtisadçılar məhz bu dəhlizin açılmasının Türkiyə ilə quru yolunun daha perspektivli və səmərəli olacağı qənaətindədirlər. Heç şübhəsiz ki, bu məqam iqtisadiyyata də təsirsiz ötüşməyəcək və sözügedən dəhlizin açılması eyni zamanda yeni bir beynəlxalq nəqliyyat dəhlizinin daha sərfəli şərtlərlə Azərbaycan ərazisindən keçməsini şərtləndirəcək. Təbii ki, bu layihənin reallaşması Azərbaycanın tranzit ölkə kimi gəlirlərini də artıracaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycanın Qarabağ müharibəsində uğurlu qələbəsi fonunda Mehri dəhlizinin açılması, yeni bir beynəlxlaq tranzit nəqliyyat dəhlizinin açılmasına gətirib çıxarır. Onun sözlərinə görə, bu, Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizidir: "2017-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanistan hökumətləri arasında bağlanan müqavilədir. Bu müqviləyə əsasən,  ölkələr öz dəmir və avtomobil yollarını birləşdirəcək.  Bu beynəlxalq marşrut Gürcüstan ərazisindən keçəcəkdi. Artıq, Mehri dəhliznin açılması, bu  yolu daha da qısaldacaq. Eyni zamanda Türkiyənin  bu dəhliz vasitəsilə  Mərkəzi Asiya, Əfqanistan və Pakistana nəqliyyat dəhlizi açılmış oldu. Bu, Naxçıvanında inkişafına mühüm töhfə verəcək".

Politoloq qeyd edib ki, bu prosesdə Böyük Britaniya da yer alır və  Türkiyə ilə birgə Mərkəzi Asiya, Əfqanistan və Pakistanla sıx əməkdaşlıq əlaqələri qurulacaq: "Əfqanistan Azərbaycan əlaqələri son aylarda yeni müstəviyə daxil olub. Əfqanistan rəsmilərinin Azərbaycana səfərləri, Kabildə Azərbaycan səfirliyinin açılması barədə qərarın qəbul edilməsi ictimaiyyətdə belə bir yalnış fikir yaratmışdı ki, müharibədə dağılmış, perspektivsiz bir ölkə ilə əməkdaşlığımız Azərbaycan üçün nə verəcək? Məhz iki ölkə arasında qarşılıqlı səfərlər, bağlanan müqavilələr yeni bir tranzit marşrutunun açılmasına əsaslanırdı". Məhəmməd Əsədullazadə onu da deyib ki, Azərbaycan və Pakistan arasında quru əlaqə təmin edilir: "Əfqanistan Qarabağ müharibəsində Azərbaycanı tam dəstəklədi və artıq Türkiyə, Azərbaycan, Əfqanistan, Pakistan və Türkmənistan iqtisadi siyasi platforması yaranır".

Politoloq hesab edir ki, Türkiyənin bu layihədə iştirakı, Türkmənistanla yeni bir siyasi mərhələdə əməkdaşlığın, "TransXəzər"  qaz kəmərinin çəkilməsinin reallaşmasına gətirib çıxaracaq: "Rusiya və İran  Xəzər dənizindən bu qaz kəmərinin çəkilməsinə ekoligiyanı bəhanə edib, mane  olur. Amma, yeni bir "lapis lazuli" beynəlxalq tranzitin açılması, Türkiyə və Paksistanın birgə səylərinin nəticəsində Xəzər dənizinin dibi ilə "TransXəzər" qaz kəmərinin çəkilməsinin qarşısında maneə aradan qaldırılacaq. Bu tranzit vasitəsi ilə Paksitan, Türkmənistan  və Əfqanistanın Avropaya çıxışı təmin edilir. Əfqanistan, Pakistan və Türkmənistanın yüklərinin Azərbaycan üzərindən daşınması təhlükəsiz və qısa bir yoldur və ökəmiz yeni bir tranzitin açılmasına böyük töhfə verdi. Məhz son aylarda Əfqanistan Azərbaycan və Türkmənistanla sıx əməkdaşlıq, qarşılıqlı səfərlər, həmçini Türkiyənin Türkmənistan, Əfqanistan və Paskitanla əlaqələri yeni bir regional platformanın əsasının qoyulmasına əsaslanırdı".

Politiloq deyib ki, burada İranın tranzit ölkə statusu zəifləyir, Türkmənistan qazının bir müddətdən sonra Çin və Rusiyaya ixracı Avropa ilə əvəzələnəcək.

Göründüyü kimi 44 günlük Vətən müharibəsində uğurlu qələbəmiz Azərbaycanın nəqliyyat tranzit imkanlarını bir qədər artırıb və ölkəmiz qlobal əhəmiyyətli nəqliyyat tranzit layihələrinin mərkəzinə çevrilir.

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31