Hərbi qulluqçular və şəhid ailələrinə psixoloji yardım alqışlanır
14 Yanvar 2021 12:15 Sosial"Baş nazir Əli Əsədovun qərarıyla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı komissiyanın yaradılmasını alqışlayıram. Həm qazilər, həm də şəhid doğmalarıyla ünsiyyət zamanı da onların qürur doğuran davranışlarıyla yanaşı, psixoloji sarsıntı içində olduqlarını da görməmək, duymamaq mümkün deyil". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu da təbiidir, çünki söhbət savaşın od-alovundan çıxmış, bədənində qəlpə gəzdirən, gözünü, qolunu, qıçını, əsgər yoldaşlarını, əzizlərini, bir sıra hallarda tək övladlarını itirmiş insanlarımızdan gedir. Bir şəhid atasıyla görüş zamanı elə o özü də bildirdi ki, hazırda ən çox ehtiyac duyduqları şey psixoloji dəstəkdir: "Amma gərək bu dəstək, bu yardım, savadlı və sistemli şəkildə edilsin. Ümid edirəm ki, yaradılmış komissiya ən tüəcrübəli və savadlı mütəxəssisləri cəlb etməklə şəhid doğmalarının, qazilərimizin keçirdikləri psixoloji sarsıntıları mümkün çərçivədə azalda biləcək".