"Jurnalistikanı anlamaq və qiymətləndirmək üçün onun qazanında uzun müddət bişmək lazımdır"
14 Yanvar 2021 12:14 SosialMətbuat dördüncü hakimiyyət, jurnalistin silahı isə sözdür. Bəli, silahı. XXI əsr informasiya müharibəsi əsridir. Ona görə də söz ən təhlükəli silaha çevrilib.
Bu gün cəmiyyəti informasiya ilə təmin edən jurnalistlərdir. Bəs, hazırda Azərbaycan jurnalistikasında nələr baş verir? Fransız yazıçı və jurnalisti Emil Zolya özünün "Vidalaşma" məqaləsində deyib ki, "Jurnalistikanı anlamaq və qiymətləndirmək üçün onun qazanında uzun müddət bişmək lazımdır". Bu deyimə söykənərək belə bir sual yaranır ki, bəs, görəsən jurnalistikanın qazanında uzun müddət bişən varmı?
44 günlük Vətən müharibəsi zamanı jurnalistlərin qeyri - peşəkarlığı özünü çox büruzə verdi. Bir tərəfdən də sosial şəbəkələrdə hər kəsin çox rahatlıqla ərsəyə gətirdiyi "xəbər saytları" və dezinformasiyalarla media çox böyük bir "dağıntılara" məruz qaldı. Həmin "dağıntılar" nəticəsində əhali informasiya tələbatını Türkiyə mediası ilə ödədi. Bütün bunlar jurnalistikadakı problemləri dərindən izləmək və çıxış yolu tapmaq məsələlərini gündəmə gətirdi.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin sözlərinə görə hər gün yeni saytların, yeni media qurumlarının yaranması və bu media qurumlarında çalışanların şəxsi məqsədlər, pul qazanmaq istəkləri medianı gözdən salır. Bu media orqanlarında çalışanların peşə və dil bilgisinin olmaması da bu sahədəki problemlərə daha çox təsir edir.
"Biz azad, müstəqil alternativ media yaratmalıyıq ki, onlar cəmiyyəti doğru, dürüst və keyfiyyətli informasiya ilə təmin etsin"

"Digər məsələ isə jurnalistlərin qanundan irəli gələn bir çox məsələlərə əməl etməmələridir. Jurnalistlər materialları dəqiqləşdirmir və media etikasına uyğun hərəkət etmirlər. Mənbəyini bilmədiyimiz bir məlumatı niyə çap edirik? Elementar qaydalar var ki, bir məlumat ən azı iki mənbədən dəqiqləşdirilməlidir. Xüsusən təxribat yarada biləcək məlumatlar mütləq dəqiqləşdirilməlidir. Həm rəsmi qövlət qurumlarından, həm də media qurumlarının özünün əlavə informasiya qaynaqları olmalıdır. Çünki indi həssas zonada tez-tez dəyişən hadisələr ola bilir. Buna görə nüfuzlu media qurumları xəbər mənbələri saxlamalıdır ki, belə hallarda məlumatı dəqiqləşdirsinlər. Amma bu yoxdur, çünki medianın tələb etdiyi səviyyədə iş qurulmayıb. Bizdə informasiyaların çoxu telefon zənglərinə söykənir. Heç kim hadisə yerinə getmir, məlumatı dəqiqləşdirmir. Nəticədə də kənardan yönəldilən təxribat tələsinə düşürlər. Bu da peşəkarlıq məsələsinə gəlib dayanır.
"Çox yanlış informasiya siyasəti aparılırdı. İndi media ilə bağlı qurumların rəhbərləri dəyişib. Ümumiyyətlə media və cəmiyyəti məlumatlandırmaq sahəsində ciddi islahatlara ehtiyac var. Yəni biz nə istəyirik, necə media görmək istəyirik suallarına cavab tapmalıyıq. Təbii ki, azad və müstəqil xəbər mediasını yaxşılaşdırmağa ciddi ehtiyac var. Yoxsa sözdə bir cür, əməldə başqa cür olmaq olmaz. Biz KİV-ə pul ayırırıq, onlar da işləyirlər, yola verirlər və s. Bu media siyasəti deyil. Biz azad, müstəqil alternativ media yaratmalıyıq ki, onlar cəmiyyəti doğru, dürüst və keyfiyyətli informasiya ilə təmin etsin. Bundan sonra yeni quruma yox, qurumların səmərəli fəaliyyətinə ehtiyac var. Mənasız, heç kimin oxumadığı qəzetlərə dövlətin 10-100 minlərlə vəsaitini xərcləməsinlər. Cəmiyyəti ifadə edən qəzetlərin fəaliyyəti üçün pul ayrılmalıdır ki, bizi informasiya ilə təmin etsinlər. Necə ki 10 il qabaq bizdə keyfiyyətli media nümunələri vardı. Hazırda print mediada müəyyən dirçəliş var. Xüsusən də, Vətən müharibəsi zamanı və ondan sonra müəyyən keyfiyyət hiss olunur. Start nöqtəsindən yeni addımlar atılır. Lazım olan mövzular işıqlandırılır. Amma indi onlar üçün ən ciddi məsələ satış məsələdir. Xüsusən də əldə satış olmalıdır. Köşklərdə satış var, amma tiraj çox azdır. Rayonlara, bölgələrə qəzetlər göndərilmir".
Mediada mövcud olan bu problemlər dövlət başçısının da diqqət mərkəzindədir. Bu problemlərin həlli üçün atılan addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin yaradılması oldu.
"Çap mediasında bizim xalqımızın dili, dilimizin qrammatik qaydaları, jurnalist məktəbinin ənənələri yaşayır"
"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yeni yaradılan Medianın İnkişaf Agentliyinin media sahəsində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.

"Medianın İnkişaf Agentliyinin yaradılmasını media islahatları tarixində yeni mərhələnin başlanğıcı kimi hesab etmək olar. Ölkədə çap və online media üçün yeni bir mərhələ başlanır. Çap mediasında bizim xalqımızın dili, dilimizin qrammatik qaydaları, jurnalist məktəbinin ənənələri yaşayır. Preizdent İlham Əliyevin sərəncamı ilə çap medianın qorunmasına dövlət dəstəyi çox böyük addımdır. Burada qəzet kollektivlərinin də rolu böyükdür. Belə ki, qəzetlərin mövzu baxımından əhatə dairəsi nisbətən genişləndirilməli, analitik jurnalistikaya xüsusi diqqət göstərilməlidir. Məncə, qəzet və onların elektron saytları ən azından tematik baxımdan fərqli olmalıdır. Belə olsa çap mediası elektron saytlarla ayaqlaşa bilər. Bu kimi tədbirlərin tətbiqi ilə çap mediasını yeni bir mərhələyə çıxara biləcəyik ".
Gülər Seymurqızı