Vətən eşqi bitməyən bir sevda... Leytenant COŞQUN XƏLİLOVun əziz xatirəsinə...
14 Yanvar 2021 10:35 SosialAytən Hüseynova
Bir evin yanan çırağını söndürüb Vətənin əbədilik işığını, ocağını alovlandıran, Şəhidim.Yanan ürəklərdə həsrət odu alışdıran,Vətən oğlu...
Ömrünə yazılan tale...səni döyüşlərlə sınadı, qəhrəmanlıqla sınadı...Kimsə ömürlük yaşamaq haqqı almaz fani dünyada.. gələn gedər...Hər kəs qonaq deyiblər. Hər kəs bir gün gedər, deyiblər, amma necə gedər?! Anasını əli qoynunda, bacısının gözünü yolda qoyub gedərmiş, atasının qəddini əyib gedərmiş, bir balaca kənddə doğulub bütöv bir Vətən olub Şəhid gedərmiş Allah qapısına...
Fani dünyada müsafirliyin qısa,Tanrı qatında məkanı əbədi olan Şəhidim...Dağı,daşı düz eləyib düşmənə göz dağı, başımıza tac olan Şəhidim...Zarafatları duzlu,ruhu azad olan leytenantım, indi daha hay vermirsən ana-ata çağırışına,dost-yoldaş harayına...Nə keçirdi ürəyindən, gözüm nuru? Müharibə bitib,evinə qonaq gəlirsən,doyunca dolma yeyirsən,ana qucağı,ana yeməyi,əziz olur,nağıl olur övladına...Sənin də ana nağılında dolma ana əllərinin şah yeməyi imiş...Xəyallarında bir də gizlicə ona getmək də vardımı,Şəhidim?!...Gül-çiçək açan xəyallarında daha nə vardı,Şəhidim?CYenə,göydə ulduzmu sayırdın? Aydan nurmu alırdın? Tutub əlindən sevdiyinin Şuşa, Laçın, Kəlbəcəri gəzirdinmi?.Xəyallarda qanad açıb ana süfrəsinə oturan oğul...dost süfrəsində çay içən oğul...Sevgisinə qovuşan oğul..Xatirələrdə qalıb xatirəyə dönən oğul..Asan deyildi səni böyütmək həm atana,həm anana, kirpiyi ilə odmu götürmüşdü anan? Səni evdə tək qoyanda ömründən ömürmü getmişdi? Böyüdüyünü görəndə :"çətin günlər,şükür,bitdimi?",-demişdi?!!!!
Lakin...Bilirdi ki,çoşan arzularla böyütdüyü oğlu Vətən sevdalısıdır. Vətən eşqi bitməyən bir sevda...Uzun sevda...
Bu sevdaya düşənə dağlarda Şəhid olan,ölümünə inanılmayan, arzuları yarım qalan, kamına çatmayanmı deyim? Desəm,ahın tutar məni,Şəhidim!!!
Deyirəm ki,kamına çatan Şəhid,vətəninə özünü qurban verən Şəhid,30 ilin xəcalətini,yad əllərdə qalan vətən namusunu qanı ilə təmizləyən Şəhid.Cənazəsi əllərdə gəzən Şəhid,üçrəngli bayrağına bürünüb ölməzliyi ilə bizə dərs verən Şəhid,gəzdiyi torpağın Vətən torpağı olduğunu bilən Şəhid,düşməndən intiqamımızı alan Şəhid..Gözləri təmizlikdə göyə bənzər, üzü günəşə bənzər, arzuları coşqun Xəzərə bənzər, Kür kimi dəli-dolu Şəhid.Əqidəsi görmək istədiyi Azərbaycan kimi bütöv Şəhid.
Sən bir qürurlu ağrısan ürəyimizdə... könlümüzdən gözümüzə damla-damla süzülürsən...Sən Vətənsən,Vətən sənsən,sönməyəcək bir ümidsən diləklərimizdə..Səndən güc alacaq anan, bacın, atan,səndən güc alacaq o taylı,bu taylı,Qarabağla birlikdə bütöv Azərbaycan. Leytenant COŞQUN XƏLİLOV!