" Bəhruzun da qanı vətən torpağına qarışdı"

Tarixən müharibələr qan - qada törətdiyi üçün lənətlənilib və arzuolunmaz hesab olunub. Erməni vandalları tərəfindən torpaqları işğal  olunmuş  Azərbaycan xalqı isə əzəli torpaqlarının azad olunması üçün yeganə yol olan  müharibənin olmasını nəinki dəstəkləyir, hətta arzulayırdı. Odur ki, Vətən müharibəmiz başlandıqda  xalqımız ayağa qalxaraq bir yumruğa çevrildi. Analar oğullarını "Vətən sənə əmanət" deyib,  gülə - gülə torpaq uğrunda savaşa göndərdi. Ölkəmizin hər tərəfindən yaşından asılı olmayaraq  müharibəyə qatılan qorxmaz  igidlərin adı Azərbaycan adı ilə eyniləşdi. Onlardan ən seçilmişlərinin qanı isə  Qarabağ torpaqlarına qarışdı və ona daha da müqəddəslik bəxş etdi. Vaxtı ilə döyüşlərdə Şəhid olmuş igidlərimizin qisasını  Qarabağın  Qarabağ sevdalı  igidləri aldı. 

Heç vaxt bitişməyən Qarabağ yaramızın dərmanı olan ərənlərimizin hərəsi bir tarix oldu..

Tarix olan qəhrəman igidlərimizdən biri-  Şəhid Bəhruz Əliyev də Qarabağsız Qarabağ sevgisi ilə doğulmuşdu. Bəhruzun anası Leyli xanım əslən Qarabağın dilbər guşələrindən olan Laçından idi.  

Bakının Maştağa qəsəbəsinə gəlin köçmüş Leyli xanım özü ilə qəlbində gəzdirdiyi Vətən nisgilini hələ körpəlikdən ana südü ilə övladlarına ötürmüş,  Qarabağ sevgisi ilə doğulmuş övladlarının qəlbinə  "ermənidən torpaqlarımızı mütləq geri almalıyıq" deyimini isə müqəddəs  laylay kimi əbədi   həkk etdirmişdi. 

Məhz bu deyimin qüvvəsi  hərbi xidmətdə olan Bəhruzun  müharibənin ilk günlərindən ön cəbhəyə getmək istəyini bildirməsinə zəmin yaratmışdı.. 

Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.  2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Peşə seçmək və peşəyə yiyələnmək istəyi onu qəsəbədəki 13 saylı peşə liseyinə gətirmiş , seçdiyi aşpaz ixtisasına yiyələnərək 2015-ci ildə həmin liseyin məzunu olmuşdur.  Bəhruz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də  səhhətindəki problemlərin aradan qaldırılması və müalicə olunması  üçün ona müəyyən müddət verilir.  Lakin bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır və könüllü olaraq  oktyabr ayının 22-də hərbi xidmətə yola düşür.

Goranboy rayon Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayan Bəhruz sonradan xidmətini  Tapqaraqoyunlu kəndində  davam etdirir. Bu müddətdə Bəhruz  motoatıcılıq kurslarına cəlb edilir. 

Bəhruzun hələ uşaq ikən atıcılığa xüsusi marağının olması  keçirilən yarışlarda 1-ci yerə layiq görülməsi ilə nəticələnir. Bəhruz atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir. Sentyabr ayının 27-si  Qarabağ müharibəsi başlandıqda könüllü olaraq ön cəbhədə xidmət etmək istəyini bildirən Bəhruz  müharibənin ilk  günləridən düşmənin 2 tankını, snayperlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Bəhruz yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edir.

Sentyabrın 28-i son dəfə yaralı əsgər dostunu xilas edib döyüşə qayıtdıqda düşmənin atdığı minamyot qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən Şəhidlik  zirvəsinə ucalır. 

Anası Leyli xanımın dediklərindən : " Bəhruz 11 ayın  əsgəri idi. Bu müddətdə üzünü  bir dəfə də görmədik" 

Oğlundan danışarkən qürurla  dik dayanan ana : "  Mən arxayın idim ki ,  Bəhruz verilən tapşırıqları yerinə yetirəcəkdir" - deyir.

" Yaxşı ki, mənim oğlum da Vətən müharibəmizdə iştirak edib".

" Bəhruzun  da  qanı vətən torpağına qarışdı" - deyən ana qürurla oğlunun şəklini öpür. 

Oğlu ilə fəxr etdiyini söyləyən atası Elman Əliyev  : 

Sentyabrın  27-si Bəhruza zəng vurdum. Telefonu Bəhruzun əsgər yoldaşı götürdü və dedi ki ,  biz yaralanmışıq əmi , məni və digər 20 nəfərə yaxın adamı Bəhruz xilas edərək arxaya qoyub, özü isə döyüşdədir"

Ürəyində oğlu ilə fərəhlənən ataya sentyabrın 28 - i Maştağa  qəsəbə nümayəndəliyi zəng edərək , oğlunun qəhrəmanlıqla Vətən uğrunda Şəhid olduğunu söyləyir.

Bəhruz sentyabrın 28 - i  Suqovuşanın  azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik  zirvəsinə yüksəlir.

Sentyabr ayının  29-u Bəhruzun  böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsi kəndin Vətən müharibəsində qəhrəmanlıq göstərən və Şəhadətə yüksələn ilk igidini böyük hörmət və ehtiramla qarşılayır.  Bəhruz yüzlərlə insanın çiynində  böyük sayğı ilə doğma kəndinin küçələrindən keçərək , Şəhidlər Xiyabanında dəfn edilir.

Azərbaycan Respublikasının Ali Baş Komandanı İ.Əliyevin sərəncamları ilə Şəhid B.Əliyev " Vətən uğrunda " və " Laçının azad olunması uğrunda " medalları ilə təltif olunur.

Məqamın qarşısında baş əyirəm, Şəhidim.

Mehriban  Sadıqova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31