MVP: Moskva görüşü 44 günlük Vətən müharibəsinin uğurunun diplomatik təsdiqi idi
12 Yanvar 2021 14:12 Sosial"Yanvarın 11-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə keçirilən üstərəfli görüş 44 günlük Vətən müharibəsində hərbi sahədə əldə etdiyimiz zəfərin diplomatik sahədə təsdiqi idi". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə açıqladığı münasibətdə yer alıb. Partiya bəyan edib ki, bu görüş və əldə edilən nəticə, imzalanan bəyanat həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini möhkəmləndirən, onun dayaqlarını gücləndirən hadisə sayıla bilər: "Görüşdən sonra mətbuat üçün verilən açıqlamada Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin hələ də bitmədiyini deməsi və yenidən status məsələsinə toxunmasına Kreml rəhbərinin heç bir reaksiya verməməsi onu deməyə əsas verir ki, Rusiya üçün də status mövzusu artıq qapanıb və rəsmi Moskva Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb" fikirləri ilə ortaqdır".
Milli Vəhdət Partiyası hesab edir ki, Moskva görüşündə siyasi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, məhz iqtisadi sahədə məsələlərin, bu sahədə üçtərəfli əməkdaşlığın və gələcək perspektivlərin müzakirə edilməsi də bir daha münaqişənin başa çatdığı qənaətini formalaşdırır: "Hesab edirik ki, bundan sonrakı proseslər Ermənistandan asılıdır. Əgər Ermənistan konstruktivliyə meyilli olsa, iqtisadi sahədə birgə əməkdaşlığa maraq göstərsə, o halda dərin iqtisadi böhran keçirən bu ölkə iqtisadiyyatını bir qədər inkişaf etdirə bilər. Bu gün Ermənistan üçün bundan məqbul variant yoxdur. Ona görə də işğalçı ölkə bütün ərazi iddiaları və müntəzəm olaraq qaldırdığı status məsələsini bir kənara qoyub gələcək üçün düşünməli, fəaliyyət göstərməlidir".
MVH onu da bəyan edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat üçün verilən açıqlamada status məsələsini qabartması da başadüşüləndir və bu açıqlama sırf daxili auditoriya üçün hesablanıb: "Hazırda Paşinyanın hakimiyyəti çox çətin durumdadır. Əgər Paşinyan məlum fikri səsləndirməsə, bəlkə də onun təyyarəsinin İrəvana enməsinə imkan verməzdilər. Ona görə də Ermənistan baş naziri Moskva görüşündə belə bir açıqlama vermək məcburiyyətində idi".
Milli Vəhdət Partiyası onu da bildirib ki, istər 44 günlük Vətən müharibəsindən sonra əldə edilən zəfəri, istərsə də Moskvada üçtərəfli formatda əldə edilən razılaşmanı gözdən salmağa, imzalanan bəyanatın Azərbaycanın maraqlarına zidd olduğu barədə cəmiyyətdə mənfi rəy formalaşdırmağa yönəlik cəhdlər də əbəsdir. Çünki artıq xalq nəyin yaxşı, nəyin pis olduğunu gözəl bilir.