Qızılhacılı Şəhidləri, Qaziləri və İgidləri…
11 Yanvar 2021 17:36 SosialBirinci Qarabağ Savaşında, Birinci Vətən Müharibəsində (1988-94-cü illərdə və 2016-cı ilin Aprel döyüşlərində) 20-dən çox Şəhid verən, 3 Şəhid Milli Qəhrəmanı olan kəndimiz (qəsəbəmiz) - Goranboyun Qızılhacılı kəndi İkinci Qarabağ Savaşında, İkinci Vətən Müharibəsində də ən öndə oldu. Onlarla igidi (haradasa 100-ə yaxını) İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə, Zəfər yürüşünə yollandı, döyüşə atıldı könüllü şəkildə. Kəndimiz bu dəfə 6 Şəhid (əslində 7) verdi: Subay, 22 yaşlı Fariz, iki uşaq atası, 27 yaşlı Elman, üç uşaq atası-hərbçi həkim Nofəl, Nofəlin xalası oğlu-subay İlkin, İlkinin dostu-nişanlılı olan Kənan (əmisi Cabbar da Birinci Qarabağ Savaşında, 1994-cü ilin yanvarında Şəhid olub) və 7 bacının tək qardaşı, 19 yaşlı Elşən. Kəndimiz iki dəfə raket hücumuna, 4 ev dağıntıya məruz qaldı.

1 nəfər dinc, mülki vətəndaş-65 yaşlı yaşlı Raziyə Abbasova raket zərbəsi-mərmisi nəticəsində dünyasını dəyişdi, erməni vandalizminin-terrakt qurbanı oldu. 5 nəfər (3-ü bir ailədən və biri də uşaq) ağır yaralandı. Tarixən Qızılhacılının bir parçası-Qızılhacılı bələdiyyəsinə aid olan Balakürd iki Şəhid verdi-Mübariz Cəfərov və Şaməddin Əliyev.Qaşaltı terraktının qurbanlarından olan Afaq Əmirova da əslən Qızılhacılı qızı idi, yas mərasimi də kəndimizdə, ata ocağında olmuşdu. Naftalandan olan Şəhid Fərid İlqar oğlu Adıgözəlovun da bir tərəfi təmiz Qızılhacılılı idi. Anası Qızılhacılıdandır-rəhmətlik Rəcəb kişinin qızıdır. Beləliklə, İkinci Vətən Müharibəsində ən çox Şəhid verən kənd (kəndlərdən birincisi) yenə Qəhrəman Qızılhacılım oldu.
Yaralananların, xəstəxanalarda müalicə alanların, Qazilərin də sayı-hesabı yox: Gülüstan qayası ətrafında iki ayağından ağır yaralanan, 6 saat qan itirən, bədənindən bir bankaya yaxın qəlpə çıxarılan, hələ də müalicə alan leytenant Elnur Xəlilov, Suqovuşanda gözlərindən, başından, qıçından yaralanan, bir gözündə 7 dəfə, bir gözündə 2 dəfə əməliyyat aparılan, 10-cu əməliyyatına hazırlaşan MAXE Şəmsi Hacıyev, həm Aprel döyüşlərində iştirak edən, həm də İkinci Vətən Müharibəsinə qatılan, igidliklər göstərən, başından, bədənindən çox ağır yaralanan, 3 aydan çoxdur müalicəsini davam etdirən, hazırda Bakıda hospitalda yatan kiçik çavuş Aqil Eminov, belindən, onurğasından, gözlərindən, üst-üstə 3 dəfə ağır yaralanan, bir müddət müalicə aldıqdan sonra yenidən ön xəttə-xidmətə gedən, Şəhidlər ailəsindən olan (əmisi Yaşa və atasının xalası oğlu Yunis Birinci Qarabağ Savaşının Şəhidləridir, Yunis həm də Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır) leytenant Ruslan Əliyev, döyüşlər zamanı yaralanan, sonra yenidən cəbhə bölgəsinə yollanan, yenə ön xətdə-xidmətdə olan leytenant Elşən Eminli, həmçinin, MAXE Müzəffər Abbasov, Aqşin Abdullayev, balakürdlü Amil Abbasov və digərləri...Allah şəfalarını versin, tezliklə əvvəlki sağlamlıqlarına qovuşsunlar!
Qeyd edim ki, kiçik çavuş-Qazi Aqil Eminov İkinci Vətən Müharibəsinin və Aprel döyüşlərinin qəhrəmanlarından olan gizir Şəhriyar Eminovla qardaşdırlar, hər ikisi də ailəli, övlad atasıdırlar. İki qardaş, iki igid!
Onu da qeyd edim ki, Şəhidlərimizin hamısı Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunublar. Şəhidlərimizdən ikinci medalla-Füzulinin, Suqovuşanın, Laçının və digər rayonların azad olunmasına görə medallları ilə təltif olunanları da var.
Bununla yanaşı, Azərbaycanın "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən 83 igidi, qəhrəmanı arasında Qızılhacılılı, Şuşa fatehi-mayor Saleh Valeh oğlu Həsənov da var. Saleh həm də "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltiflənib Ali Baş Komandan tərəfindən.
Eyni zamanda, "Cəsur döyüşçü" medalı ilə təltif olunan 14 Qızılhacılılı (3-ü Balakürddəndir) var. Bunlar leytenant Elşən Ayaz oğlu Eminli, leytenant Elnur Rizvan oğlu Xəlilov, gizir Şəhriyar Vahid oğlu Eminov, kiçik çavuş Eminov Aqil Vahid oğlu, MAXE Şəmsi Sahib oğlu Hacıyev, Elvin Yasin oğlu Həsənov, Bəxtiyar Vəli oğlu ( mərhum xanəndə Vəlinin oğlu) Hümbətov, Müzəffər Maqsud oğlu Abbasov, Aqşin Eldar oğlu Abdullayev, Əsgər Etibar oğlu Əsgərov və digər igidlərimizdir.
Həmçinin, bir neçə Qızılhacılılı-İkinci Vətən Müharibəsi iştirakçısı, qəhrəmanı Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın və digər rayonların azad olunmasına görə, medalları ilə təltif olunublar. Atası Birinci Qarabağ Savaşının igidlərindən, Qazilərindən olan, bədənində hələ də 3 güllə, 3 qəlpə gəzdirən Arzu Nuriyevin özü kimi cəsur, qorxmaz oğlu Nurlan Nuriyev həm gizir rütbəsi alıb, həm də "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Eyni zamanda, iki xala oğlu-baş leytenant Araz Nazarov və Zakir Vəliyev bir neçə medalla təltif ediliblər. Araz "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə", yaralansa da, yenidən döyüşlərə qatılan Zakir isə "Füzilinin alınmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltifləniblər. Medallara layiq görülən digər igidlərimiz də var.
İndi belə kəndlə, belə oba ilə, belə igidlərlə-Şəhidlərlə, Qazilərlə necə fəxr etməyəsən, necə qürurlanmayasan?! Allah cəmi Şəhidlərimizə rəhmət etsin! Qarşılarında baş əyirik, baş əyirəm! Başımızın, başımın tacısınız! Allah Yaralılarımza, Qazilərimizə də bir daha can sağlığı, uzun ömürlər versin! Fəxrimizdirlər, Qürurumuzdurlar! Allah hamısını qorusun və hif etsin!
Qarabağ Azərbaycandır və nida işarəsi!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının baş redaktoru, "525-ci qəzet"in parlament müxbiri