Hansı hallarda şəxsi inzibati məsuliyyətdən azad etmək olur?

Son vaxtlar tez-tez rast gəldiyimiz hallardan biri də inzibati məzuliyyətdən, yaxud cəzadan azad etmək faktlarıdır.

Son vaxtlar tez-tez rast gəldiyimiz hallardan biri də inzibati məzuliyyətdən, yaxud cəzadan azad etmək faktlarıdır. Maraqlıdır, hüquqi aspektdə hansı hallarda şəxsi inzibati məsuliyyətdən azad etmək olur?. Hüquqşünas Əli İbrahimov deyir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, müddətin keçməsi ilə inzibati məsuliyyətdən azad etmə tətbiq olunur. Onun sözlərinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər: "Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər".

Hüquqşünas bildirib ki, bu müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır: "Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən  müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər".

Əli İbrahimov onu da deyib ki, iİnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır: "Bu halda müddətin axımı həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya videomateriallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmçinin  Məcəllənin 157 (Döymə) və 158-ci (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məcəllənin 227 (Xırda talama), 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 351-1-ci (Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma) maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir".

Hüquqşünas cəmiyyət üçün xarakterik olan və tez-tez mübahisə predmetinə çevrilən bir məsələ, sələmə pul verməyin hansı halda mümkün olub-olmadığına da toxunub. Ümumiyyətlə, sələmə pul vermək hansı hallarda qanunsuzdur?. Əli İbrahimov bildirib ki, sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür. Onun sözlərinə görə, qanunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur: "Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi - qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur".

Hüquqşünas deyub ki, Cinayət Məcəlləsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Eyni əməllər külli miqdarda ziyan vurduqda, külli miqdarda gəlir əldə etməklə törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda ziyan vurduqda, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31