Üşüyür analar.. Aytən Hüseynova yazır
7 Yanvar 2021 10:44 SosialAytən Hüseynova
Bu qış daha soyuq gəlir analara, bu qış daha çox üşüyür analar..
Buz kəsmiş torpağa oğul əmanət,körpə əmanət edən analar..Nəfəsləri ilə isitmək ,göz yaşları ilə qar zolaqlarını əritmək istərlər ki,üşüməsin, xəstələnməsin şəhid balalar..
Əllərində şəkillər,ürəklərində ağrılı sevinç, gözlərində qürurlu yaş üşüyən analar.. Bala sevgisini,bala ətrini torpaqdan alan analar..Səhərləri qəmli açar,gecələri dərdli düşər, bəlkə də,evini isti etməz analar..Hər gün özünü məzarlıqda tapan analar..
Ruhunu balası ilə dəfn edən analar..Məzar daşını sığallayan analar, bəlkə də,boş məzara ağı deyən analar.
Qışı soyuq,evi soyuq ürəyi yaralı analar..
Dağlar qara bürünər,
Ana qara bürünər,
Bu Vətənin yolunda
oğul torpağa verər ..
Hər gün bir ağı ilə dərdini qışa, buza, soyuq məzara danışar analar..
Sən Allah, qol götürüb oynayan,bir az ayağını yerə yavaş vur,axı təpiyin şəhid anasının ürəyinə dəyir.. kirpiyi oddan işıq alıb oğul böyüdən ,evini məzarlığa daşıyan ananın yarasına yara vurur .Bilməyən bilməz bu ağrını,yaşayıb duyan bilər..
Analar bitməyən bir qış yaşar.Tək qarlı qışda yox,yayda da, payızda da buz kəsər analar, ürəkləri yanar od,ruhları buzdan don geyinən analar..
Təsəllisi bir ovuc torpaq olan analar.Bir gün balasına qovuşmağı səbirlə gözləyən analar,yenə nəfəsləri ilə balalarını isidəcəyi günü gözləyən analar...