Pandemiya, teatr və 2020 - ci il

Tarix ölü günlərdən  formalaşır

Bu gün 2020-ci il haqqında danışanlar hamısı (böyük əksəriyyəti) ötən ili əlində qılıncla xatırlayırlar. Amma unutmaq olmaz ki, artıq 2020-ci il tarixdir. Tarixsə keçmiş (bunu "ölü, dünyasını dəyişmiş günlər" kimi də dəyərləndirmək mümkündür) günlərdən formalaşır. Dünyasını dəyişənlərin arxasınca danışanda isə adətən xoş xatirələrdən danışarlar.
Axı illərlə cəmiyyətin həllini gözlədiyi "Qarabağ" adlı "problemlər paketi" də öz düyününün açarını bizə  bu il verdi. Və o "həlletmə prosesi" hələ də davam edir.
Bir də ki, 2020 artıq bizim keçmişimizdir. "Keçmişinə daş atanın, gələcəyini topa tutarlar" deyirlər. Hərçənd bəzi ziyalı və siyasilərimiz bunu unudur. 
Əlqərəz.
Amma əsas reallıq budur ki, məlum dünyəvi problemlərin yaratdığı çətinliklər cəmiyyətdə hələ ki, adi baxışla çox da kəskin şəkildə hiss edilməyən aşınmalara səbəb oldu.

Sirr deyil ki, cəmiyyət çətinliklərə məruz qalanda ən çox zərbə alan sənət və sənətkarlar olur.
(Özləri bunu büruzə verməməyə çalışsalar da) 
Dağılmış maddiyyatı gec-tez bərpa etmək mümkün olacaq.Təhsildə də sürətli inkişafla boşluğu doldurmaq mümkündür.
Bir idmançı bədəninin formaya düşməsi üçün iki ay intensiv məşğələ ilə yetərsay ola bilər. Mənzil növbəsində olanlar iki ay da kirayədə dözə bilərlər.
Amma bax, dağılan iç dünyanı bərpa etmək üçün nə qədər zaman lazımdır, bunu heç kim müəyyənləşdirə bilməyib. Çünki belə bir ölçü vahidi yoxdur. 
Bəlkə də sağlam cəmiyyətdə və iç dünyası dağıntıya məruz qalanların sayı yığcam çərçivə daxilində olsa bunu demək mümkün olardı.
Amma təəssüf, min dəfə təssüf ki, bizim onsuz da ideal olmayan cəmiyyətimiz pandemiyanın ilk qurbanlarından biri oldu.

REABİLİTASİYA
(bunu oxumaya da bilərsiniz) 

Bildiyim qədər bir neçə ölkədə teatr icmalarının başçıları pandemiyadan sonra aktyorların psixoloji reabilitasiyası üçün xüsusi məşğələlərin təşkil edilməsini nəzərdə tutduqlarını bəyan ediblər.
Və dərhal qeyd edim ki, bu yerdə bizimkilərlə bağlı heç nə deməyə cəsarət etmirəm, çünki günahkar çıxarılacam. (Özümü müasir göstərmək üçün deyim ki, "persona non grata" elan olunacam) 
Biz axı alışmışıq, ağızdan çıxan fikri əlbəəlcə (yəni dərhal) oğurlayıb - "biz bunu çoxdan planlaşdırmışıq, sən fil qulağında yatmısan!"- deyib, adamın günahkar (oxu: təhqir) çıxarılmasına. 
(oxudunuzsa oxumamış olun) 

MƏŞQSİZ TAMAŞADANSA TAMAŞASIZ MƏŞQ YAXŞIDIR

Eləcə də teatrlarımız...
Və xüsusilə onu qeyd edim ki, teatrların maddi texniki bazasının (ilk növbədə öz rəhbərlik etdiyim Bakı Uşaq və Gənclər 

Teatrını nəzərdə tuturam) o qədər də ürəkaçan olmadığını, (Haşiyə: çox zaman maddi texniki baza deyəndə yalnız teatrın xəzinısindəki pul nəzərdə tutulur, bu yanlış düşüncədir) eyni zamanda sabah (yəni pandemiyadan sonra) teatrlara təqdim ediləcək pyeslərin müəlliflərinin də bu gün pandemiya qurbanları sırasında olduğunu, zalda oturacaq tamaşaçının da maddi, mənəvi, psixoloji sarsıntılar burulğanından çıxmış olacağını nəzərə alsaq teatrın sabahkı taleyi haqqında cavabı aşağı-yuxarı hər birimiz verə bilərik.

TƏZAD
 
Hələ sənət aləmində olan təzadları demirəm.
Məsələn, hər bir teatr hansısa formada işləməyə və öz işi haqqında vaxtaşırı 

hesabat verməyə cəhd edir. Bəlkə də əksinə, hesabat vermək xətrinə işləməyə cəhd edir. Bəzən hətta yarışa düşürlər. Təbii ki, bu yerdə "teatrların işi" deyəndə onlayn rejimdən söhbət gedə bilər. Amma, gəlin görək, bu işin icrası zamanı əsas ağırlıq kimin üzərinə düşür? Təbii ki, ilk növbədə aktyorun və rejissorun.
İndi sual olunur: Hansı aktyorun evdə çəkiliş etməyə maddi-texniki imkanı və şəraiti var? Və yaxud alabaşına-külbaşına bir-birindən çəkiliş keyfiyyətinə görə xeyli fərqlənən telefonlarla çəkilən (özçəkim edilən) materialı montaj etmək üçün hansı teatrın ştat vahidi və yaxud peşəkar montaj mütəxəssisi var?
Bu halda hansı peşəkar işdən və ya sənətdən söhbət gedə bilər? 

XALQA XİDMƏT ETMƏK TANRIYA XİDMƏT 

ETMƏKDƏN DƏ ÜSTÜNDÜR

Bir konkret misal deyim:
Biz bir qurumla razılaşmaya əsasən azyaşlı uşaqlar üçün 5-7 dəqiqəlik maarifləndirici videomateriallar çəkib təqdim etməliyik. Pandemiya qadağalarına riayət etməklə üç saatlıq "sms icazə" ilə nə çəkmək və necə çəkiliş etmək mümkündür ki, müasir dövrün uşaqlarını qane etsin?! 
Bu suala kimsə cavab verə bilərmi?
Halbuki sabah milyonların taleyi bu gün maariflənməsində, eləcə də tərbiyəsində rol oynadığımız hansısa körpədən asılı ola bilər və olacaq da.
Bunu anlamaq çətin deyil axı, bu gün mədəni-maarif sahələrinə yaradılacaq imkan sabah üçün yatırım edilmiş əvəzsiz kapitaldır.

Nə isə ki, boz rəngli günlərimizin üstünə 2020-ci ildə əlinə fırça götürüb qara rəng çəkən məmurlarımız da az olmadı. Məncə həmin məmurlar "xalqa xidmət" səlahiyyətini qazanan zaman onlara edilən etibardan daha səmərəli istifadə etməli idilər.
Yəni pandemiya zamanı qadağalar və icazələr cəmiyyətin bütün sahələrində bərabər səviyyədə elə nəzərə alınmalı idi ki, sabah pandemiyadan sonra cəmiyyətdəki balans qoruna bilsin.
Onların isə gözəgörünməyən cinayətlərinin bədəlini cəmiyyət 3-4 ildən sonra başlayacaq uzun onillər boyu ödəməyə. 
Təzad deyil bəs nədir?! Tikinti davam edə bilər, çirkli avtomobilləri yuyanlar adını portala yazdıra bilər, aktyorlar yox! Şəhərdə tıxacların azaldığı hiss edilmir,  amma xalqın maarifləndirmə işini üzərinə götürən  müəssisələrin fəaliyyətinə kölgələr (yəni onlayn) vasitəsilə icazə verilir.
Mən düşünürəm ki, teatrlarda azından tamaşaların göstərilməsinə, müəyyən məhdudiyyətlərə riayət olunması şərti ilə davam edilməli, iş qismən də olsa getməli idi. Axı teatrın işi yalnız tamaşa göstərməkdən ibarət deyil. Tamaşa bir saat çəkirsə onun hazırlanması həftələrlə, aylarla zəhmət tələb edir.
İnanın ki, hətta tamaşaları da konkret şərtlər daxilində göstərmək mümkün idi. 
Bunun üçün pandemiya ilə bağlı yaradılmış qurumda teatrdan xəbəri olan kimsə olmalı idi. Özü də mütləq olmalı idi. Bunu sizə həm  də  "ÇƏTİN TƏRBİYƏ OLUNAN UŞAQLARIN TƏRBİYƏSİNDƏ TEATR METODLARINDAN İSTİFADƏ" metodik vəsaitin müəllifi kimi  deyirəm...Nə isə... 

P. S. 
Bir də ki, çörəyini yediyin bu dövləti, xalqı, milləti ağır günündə də sevmək lazımdır. Bax o zaman heç bir pandemiya gedəndə cəmiyyətdə iz buraxıb gedə bilməz.

İntiqam-Soltan
Respublikanın əməkdar artisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31