Dünya dövlətləri 2021-ci ilə hansı yeni karantin qadağaları ilə başlayıb?
6 Yanvar 2021 15:13 SosialTəəssüflə qeyd etməliyik ki, bu gün də koronavirus adlı qlobal problemlə mübarizə davam edir.
Sizlərə bəzi ölkələrin COVID-19-la mübarizədə həyata keçirdiyi sərtləşmə tətbirlərini təqdim edirik:
İsrail
İsraildə koronavirusla mübarizədə tədbirlər sərtləşdirilib. Ölkədə sərt karantin rejiminin tətbiqi barədə qərar verilib. Yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək. Məktəb, uşaq bağçaları fəaliyyətini dayandıracaq, distant təhsilə keçid olacaq. Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib. Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib.
Danimarka
Danimarka Baş naziri Mette Frederiksen isə ölkədə risk səviyyəsinin 4-dən 5-ə qalxdığını qeyd edib.Qərarlara görə, ən çox 10 nəfərin bir araya gəldiyi toplaşma sayı 5 nəfərə endirilib, 1 metr olan sosial məsafənin tətbiqi 2 metrə çatdırılıb. Qaydalar yanvarın 17-dək qüvvədə qalacaq.
Almaniya
Almaniya hökuməti ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət gərginləşdiyindən karantin rejimini yanvarın 31-dək uzatmaq qərarına gəlib. Bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib. O bildirib ki, karantin müddətində ötən il dekabrın 16-da qüvvəyə minən qadağalar tətbiq olunacaq. Qadağalar hər 100 min nəfərə 200 yoluxma faktının qeydə alındığı şəhər və rayonlara şamil olunacaq. Qeyd edək ki, Almaniyada ticarət mərkəzləri, kafe və restoranlar, teatr və muzeylər, gözəllik salonları bağlıdır. Tədris isə distant formada təşkil olunub.
İngiltərə
İngiltərə üçüncü dəfə sərt karantin rejiminə keçib. Ölkənin Baş naziri Boris Conson məlumat verib ki, koronavirusun mutasiyaya uğramış SARS-CoV-2 növünün yayılmasından kədərlənib və bu səbəbdən tədbirlər görüldüyünü qeyd edib.Sərt karantinin fevralın ortalarına qədər davam etməsi planlaşdırılır. Conson bildirib ki, market, aptek istisna olmaqla küçəyə çıxmaq qadağan olunacaq, hər kəs evdən işləyəcək, restoranlar bağlanacaq. Həmçinin məktəblər distant təhsilə keçəcək, imtahanlar təxirə salınacaq.
Fransa
Fransa koronavirusla mübarizədə tətbiq etdiyi karantin rejiminə nəzarəti gücləndirəcək. Ölkənin Səhiyyə naziri Olivier Veran məlumat verib. O, epidemiyanın çox yayıldığı bölgələrdə komendant saatının artırılacağını və qadağanın saat 20:00-dan 18:00-a qədər davam edəcəyini qeyd edib. Veran bu dəyişikliklə qismən komendant saatı müddətinin 10 saatdan 12 saata qaldırılacağını bildirib. Bundan əlavə, nazir 2021-ci il yanvarın sonunda 50 yaşdan yuxarı şəxslərə vaksin tətbiq ediləcəyini açıqlayıb.
ABŞ
ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden vətəndaşlardan maska taxmağı tələb etmək niyyətindədir. Bu barədə siyasətçi özü bildirib: "Bizim Administrasiya harada bacarırsa, orada maska taxmağı tələb edəcək - federal işçilərdən, federal binalarda və ştatlar arası səfərlərdə, məsələn, təyyarələrdə və qatarlarda", - Bayden Delaverdə çıxışı zamanı deyib.
Qeyd etmək lazımdır ki, maskaların taxılması ilə bağlı qaydaların əksəriyyəti ştatlar və ya bələdiyyələr tərəfindən müəyyən edilir, buna görə də bütün amerikalılardan maska taxıb-taxmamağı federal hökumət tələb edə bilməyəcək.
Çin
Çinin paytaxtı Pekində koronavirusa yoluxanların sayının birdən-birə artması səbəbindən şəhərdə fövqəladə vəziyyət elan olunub. Bildirilib ki, yoluxmaların artması səbəbi ilə paytaxtın bütün bölgələri fövqəladə vəziyyətə keçib, virusun aşkarlandığı yaşayış məntəqələri, kəndlərə giriş və çıxışlar məhdudlaşdırılıb. Fövqəladə vəziyyətin elan edilməsi ilə şəhər xaricindəki səyahətlər, kollektiv əyləncə və dini tədbirlər ləğv edilib. Tələbələrin Pekini tərk etməmələri barədə göstəriş verilib.(ikisahil.az)