Məşhurların yeni Mədəniyət nazirindən gözləntiləri

Dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Maraqlıdır yeni nazirin gəlişi mədəniyyət sahəsində müsbət dəyişikliklərə səbəb olacaqmı? Tanınmış mədəniyyət xadimlərinin yeni nazirdən gözləntiləri nədir?

Xalq artisti, xanəndə Alim Qasımov bu seçimin mədəniyyət sahəsində uğurlu başlanğıca səbəb olacağını düşünür:

"Anar müəllim mədəniyyət sahəsində yetəri qədər təcrübəli şəxsdir. Mən onunla Fransada beynəlxalq tədbirdə tanış olmuşdum. Son dərəcə diqqətcil və savadlı biridir. Gənc olmasına baxmayaraq, mənə elə gəlir ki, mədəniyyət sahəsində müsbət dəyişikliklər edəcək. İnanıram ki, bir çox çatışmamazlıqları aradan qaldıracaq. Fəaliyyətində uğurlar arzulayıram ".

Xalq artisti, muğam ifaçısı Mələkxanım Əyyubova mədəniyyət işçilərinə layiqli qiymət verilməsini istəyib:

"Şəxsi tanışlığımız olmasa da, ümid edirəm ki, mədəniyyət sahəsində nələrsə edə biləcək, müsbət dinamikaya nail olacaq. Bu sahədə olan hər kəsə düzgün qiymət verilməyini istərdim. Ümid edirik ki, gözləntilərimiz illərlə davam etməz . Adətən hər gələn nazirdən bunu gözləyirik, ancaq illər bu minvalla keçib gedir. Arzu edirik ki, Anar müəllim bu məsələlərdə ədalətli olar və düzgün seçim edər

Əməkdar artist, aktrisa Mehriban Xanlarova gözləntilərinin böyük olduğunu söyləyib:

"Əvvəla sevinirəm ki, bizim də nazirimiz təyin olundu. Çoxdan gözlədiyimiz məqam gəlib çatdı. Hesab edirəm ki, hər şey yolunda gedəcək. Müsbət dəyişikliklərin olacağına inanıram. Konkret müsbət dəyişikliklərə gəlincə isə bunu teatrlarımız fəaliyyətə başlayanda görəcəyik".(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31