Qorxulu virus daha iki ölkəyə çatdı - Azərbaycanda yoluxan varmı? - AÇIQLAMA
4 Yanvar 2021 12:30 SosialBöyük Britaniyada aşkar edilən koronavirusun yeni variantı daha iki ölkədə aşkar olunub.
BAKU.WS xəbər verir ki, Yunanıstan və Kiprdəki vətəndaşlarda VOC 202012/01 ştammı müəyyən edilib.
Koronavirusun mutasiyaya uğramış versiyasi ötən ilin dekabr ayının ortalarında Böyük Britaniyada qeydə alınıb. Mütəxəssislər bəyan edib ki, koronavirusun sözügedən yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.
Baş nazir Boris Conson Londonda və ölkənin cənub-şərqində yeni - maksimum, dördüncü səviyyədə məhdudiyyətlərin tətbiq edilməsinə göstəriş verib. Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.
Böyük Britaniyadan sonra bir sıra ölkələrdə təhlükəli virusa yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, mutasiyaya uğramış virusun yeni növlərinin aşkarlanması və onların klinik təsirləri isə xüsusi genom çalışmaları ilə araşdırılır. Bunlar xüsusi çalışmalardır və araşdırma tədqiqat laboratoriyalarında icra olunur.
TƏBİB-dən edilən açıqlamada deyilir ki, bu istiqamətdə ölkəmizdə də tədqiqatlar aparılır, davam etdirilir. Azərbaycanda hələ yeni növ koronavirusa yoluxma ilə bağlı fakt öz təsdiqini tapmayıb.