"Hər il Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8- də balamın ad gününü qeyd edəcəm "

"Oğul düşmən çəpəridir" - deyib babalarımız..

Sınaqlardan keçib gəlmiş bu deyim igidlərimizin tarixən yağı düşmənə canı ilə sipər  olub , Vətən yaşatmaları üçün zəmin yaradıb.
Vətənə çəpər olmaq üçün  doğulub, böyüyən oğulların Vətən sevgiləri bütün sevgilərdən daha müqəddəs , daha ülvi olub hər zaman.
Bu sevgi 44 günlük Vətən müharibəmiz dönəmində bir daha özünü qabarıq nümayiş etdirdi. 
Analarının südü ilə damarlarına axmış, Qarabağsız Qarabağ sevgisi ilə doğulanlar bu sevgini əməllərində isbat etdilər ..
Qanlarıyla Vətən tarixi yazanlar isbat etdilər ki, Vətən necə sevilər,  Vətən necə qorunar, isbat etdilər ki, Vətən necə yaşayar.. 


Canını Vətənə qurban edənlər müqəddəs missiyalarını ölümsüzlük qazanaraq  əbədi Vətən göylərindən onu qorumağa köklədilər. 
2823 parlaq ulduz əbədi olaraq Vətən topağına şölə saçmaq üçün səmalarda məskunlaşdı. 2823 ulduz Qarabağın səmasını çırağban etdi.. 
Əbədi parlayacaq Vətənin ulduzu olanlardan biri də  Şəhid Balakişiyev Xəyal Müseyib oğludur. 
Xəyal  Balakişiyev 1994-ci il  oktyabrın 17-də Bakı şəhərində  doğulmuş,  orta təhsilini Yasamal rayonundakı  Həzi Aslanov adına orta məktəbdə başa vurmuşdu. O, hərbi xidmətini  Ağdam-Füzuli istiqamətində- düşmən səngəri ilə üzbəüz tamamlamışdır. Xəyal Baş çavuş idi. Hərbi xidmətdən qayıtdıqda özü ilə gətirmiş bayrağı ürəyinin başında gəzdirirdi. Bayraq sevdalısı idi və elə son mənzilə bayrağa bükülərək getdi. 
Xəyal Balakişiyev XXI-ci əsr beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin əməkdaşı idi. 
O, Vətən müharibəmiz başlandıqda könüllü olaraq cəbhədə döyüşmək üçün yazılmışdı. 

Xəyalın anası Nazimə xanım : " İşdən çıxdıqda hər gün hərbi komissarlığa gedir , tez aparılması üçün təkid edirdi. Məni niyə aparmirlar axı ? ...
Onun kompyuterində , telefonunda Müdafiə Nazirliyə dəfələrlə ünvanlanmış məktublar var" 
" O məni canından artıq istədiyi üçün məni yox, anasının anası olan Vətənini seçdi"- deyən Nazimə xanım sözünə davam edir :
" Oktybrın 4- dən 5-ə keçən gecə saat 2.30- da telefonuna zəng gəldi, cəmi 6 dəqiqəyə hazırlaşdı" 
Qarabağı kitablardan oxuyan , filmlərdən izləyən Xəyal onun müdafiəsinə qatıldı. 
Anası Nazimə xanıma " Vətən səndən irəlidir", atası Müseyib kişiyə " Vaxt gələcək sən mənimlə fəxr edəcəksən" deyən Xəyal 
döyüşlərdə düşmənə qarşı qəhramanlıqla vuruşdu. 
Xidmətə qatılmazdan öncə sosial şəbəkə hesabında " Mən bu günləri nə qədər gözləmişəm Tanrım! "- deyən Xəyalın ən böyük arzusu - Vətənə oğul olmaq arzusu  çin oldu. 
Xəyal  Milli Ordu sıralarında Baş Atıcı olaraq döyüşlərdə fəal iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan minamyot zərbəsi nəticəsində 25 oktyabr 2020-ci ildə  qəhrəmancasına Şəhadətə yüksəlmişdir. 
Xəyal cəbhədə olarkən - oktyabrın 17 -i  26 yaşı  tamam olmuşdu. Anası  Nazimə xanım  onun üçün  sovqat göndərmək istəyini bildirəndə , Xəyal - " ana , mən ad günümü inşallah Şuşanı azad edəcəyimiz gün qeyd edəcəm." - demişdi.
Nazimə xanım müsahibələrində : - "Hər il Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8- də balamın ad gününü qeyd edəcəm " - deyir...
" Oğlumun arzuladığı bütöv Azərbaycanı ziyarət edəcəm" deyən ana  oğlunun şəhid olduğunu bilsə də , cəbhədə əsgərlərə sovqat göndərib və  məktub da yazıb: "Mənim əziz əsgər oğullarım! Mən şəhid Balakişiyev Xəyalın anasıyam. Bu kiçik sovqatı  Sizə oğlumun  adından göndərirəm.Allaha əmanət olun! Oğlumun qanının  yerdə qalmayacağına inanıram ! Zəfərlə qayıdın inşallah! 25.10.2020"


Canı  ilə Vətən torpağına sipər olan qəhrəman 
27 Oktyabr 2020-ci ildə Bakı şəhərində Qurd Qapısı şəhidliyində torpağa tapşırılmışdır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Xəyal Balakişiyev ölümündən sonra "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. 
Məqamın qarşısında baş əyirəm, qəhrəmanım.

Mehriban Sadıqova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31