Almaniyadakı soydaşımız şəhid Mir Şahinin övladını 18 yaşına qədər himayəyə götürdü
30 Dekabr 2020 17:50 SosialAlman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Vətən müharibəsində şəhid olmuş Mir Şahininn yenicə dünyaya gəlmiş övladını 18 yaşı tamam olana qədər şəxsi himayəsinə götürüb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Naibə Hacıyeva özünün facebook profilində verib.
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri daha sonra bunları qeyd edib: "44 günlük böyük Vətən müharibəsinin ən siddətli və ağır günlərində qarşımıza ürəyimizi parçalayan yüzlərlə videolar, şəkillər çıxırdı. Bu videolardan biri də şəhidimiz Mir Şahinin ailəsinə vəsiyət etdiyi video idi. O videonu hər biriniz görmüşdünüz. Şükürler olsun tanrıya, bu günlərdə şəhidimizin körpəsi, onun adını daşıyan Şahin dünyaya göz açdı. Şəhidlərimiz körpələrini, övladlarını bizə əmanət etdi. Biz şəhidlərimizin borcundan tarix boyu çıxa bilmərik. Az da olsa, mən də gücüm çatan qədər nəsə etmək istəyirəm".
Naibə Hacıyeva qeyd edib ki, yenicə dünyaya gəlmiş körpənin atası bizim torpaqlarımız üçün şəhid olub bizi xoşbəxt, başıuca etdi: "Bağışla körpəm. Atanı geriyə verə bilməsək də, ən azından mən də sənin xoşbəxt yaşaman üçün gücüm çatanı edəcəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".