Azərbaycana gətiriləcək COVİD-19 vaksinləri vergidən azad olundu

Koronavirus əleyhinə vaksinlərın idxalı vergidən azad edilib. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin dekabrın 30-da keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsinə təklif edilən digər dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və iri materialların idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31