Torpaq sahibləri sadələşdirilmiş vergi ödəyicisi olacaqlar

Vergi Məcəlləsində dəyişiklik edilib. "Olaylar" xəbər verir ki,  qanun layihəsi Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Buna səbəb "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna əsasən hüquqi şəxslərə ödənilən kompensasiya vergidən azad edilməsidir. Bununla əlaqədar Vergi Məcəlləsində müvafiq dəyişiklik edilir. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Dəyişikliyə əsasən, artıq bu maddənin tələbi fiziki şəxslərə şamil edilir. Beləliklə, notarius məhz fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergini tutmağa borcludur.

Hazırda Vergi Məcəlləsinə (218.4.5-ci maddə) əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Dəyişikliyə əsasən, bu maddə də konkret fiziki şəxslərə şamil olunacaq. Beləliklə, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləri olacaq.

Qanun layihəsi Dünya Bankının "Doung Business" hesabatında "Müflisləşmənin həlli", "Vergilərin ödənilməsi" və "Əmlakın qeydiyyatı" indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədi ilə hazırlanıb və ölkəmizin "Doung Business" hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31