Ötən ilin 44 günü...
29 Dekabr 2020 14:57 SosialDilrubə Sərdarqızı
Hər il başlar və bitər - kimlərəsə uğurlu, xeyirli, kimlərəsə bədbin, pis göstərər özünü. Bəzən rəqəmlər dəyişər sadəcə, yaşın üstə yaş gələr, önəmli heç nə baş verməz. 2020 də bu illərdən biri. Rəqəmlər göz oxşasa da, bütün dünyanı bürüyən məlum bəla səbəbindən bir-birinə bənzəyən yeknəsək günlərlə payıza qədər addımladıq. Və birdən hər şey dəyişdi. 44 günlük bir tarix başladı. Düşüncələri alt-üst etdi, illərin gedişatını reysdən çıxartdı, şəxsi maraqların üstündən xətt çəkərək hamını bir məqsədə köklədi.
Bəşəriyyət tarixində çox müharibələr olub - 100 illik, 5 illik, 7 günlük və hətta ən qısa müddət baş verən 38 dəqiqəlik. Bizim taleyimizə 44 günlük mübaribə düşdü. Müddətindən, xüsusiyyətindən asılı olmayaraq müharibə məfumu eyni məna ifadə edir - qan-qada, ağrı-acı, göz yaşı, əbədi ayrılıq və...heç bir xalq, ölkə bu qədər acı gətirən bir hadisəyə tərəfdar olmaz, əgər orda o millətin, xalqın müqqədəratı, taleyi, gələcəyi həll olunmursa. Doğma torpaqlarımızın erməni-hay sürüsünün işğalından azad olunması uğrunda xalqımızın apardığı 44 günlük Vətən Müharibəsi xarakterinə görə tam fərqli idi. Söhbət 30 ilə yaxın mənfur düşmən tapdağında qalıb talan edilən tarixi Azərbaycan torpaqlarının taleyindən gedirdi. 30 il səbr edib bu günü gözləyən xalq öz azadlıq mübarizəsinə - Vətən Müharibəsinə qalxdı.
Xain və məkrli düşmən Qarabağı ələ keçirmək üçün yüz illərlə hazırlaşmış və fürsət tapan kimi ortaya atdığı mənfur planlar beynəlxalq təşkilatlar, ölkələr, xalqlar tərəfindən heç də olduğu kimi qarşılanmamış, erməni havadarları və Azərbaycanın əbədi düşmənləri tərəfindən təhrif olunmuş və həqiqətdən uzaq şəkildə çatdırılmışdı. 44 günlük müharibə hər şeyi aydınlığa qovuşdurdu, haqq-ədalət yerini tapdı, mənfur düşmənin iç üzü, murdar siyasəti faş oldu.
Yola saldığımız 2020-ci ildə xalqımız 44 günlük bir tarix yaşadı. Qürurlu, yüz ilə bərabər şanlı bir tarix. Hər saatını içimizə çəkdiyimiz, cəbhədə nə baş verdiyini narahayçılıqla izlədiyimiz, hər gün vətən uğrunda canından keçən oğullarımızın acısını öz acımız kimi hiss edib düşmənin başının tam əziləcəyi günü səbrsizliklə gözlədik. Və nəhayət o gün gəldi. Hiyləgər və riyakar düşmənin yüzillik planını Azərbaycan ordusu 44 gündə alt-üst etdi. Müzəffər ordumuz zəfər çaldı.
44 günlük müharibə Azərbaycan xalqına təkcə qələbə qazandırmadı. Pas tutmuş, korşalmış milli qürurunu oyatdı, vətənpərvərlik hisslərini alovlandırdı, xalqın ruhunu dirçəltdi, əyilmiş qamətini dikəltdi, yumruq kimi vahid məqsəd uğrunda birləşdirdi. Xalqın "Qarabağ Azərbaycandır!" deyib, öz dövlət başçısının, Ali Baş Komandanının ətrafında birləşməsi bu böyük qələbənin rəhni oldu. Müharibə qurbanlar verdik, çinar boylu, nur sifətli, qorxmaz, cəsur oğulları şəhid verdik. Onların qarşısında ömür boyu borcluyuq. Azərbaycan Ordusu şanlı hərb tarixi yazdı. Dünya gerçək bir mənəvi və hərbi döyüşün şahidi oldu. Azərbaycanlı döyüşçü döyüş meydanında həlak olan və yaralanan yoldaşını döyüş meydanında qoyub qaçmadı, şəhidliyi gözə alaraq sonacan meydanda oldu. Şuşanın alınması isə ayrıca bir dastana döndü.
Biz birlikdə yaşadıq bu günləri və üstündən illər keçəndən sonra indi yola saldığımız 2020-ci ili xatırlayarkən çox qürurlu, unudulmaz, açısı və sevincləri ilə dopdolu bir 44 gün yaşadığımızı ağızdolusu ilə yada salacağıq. Qarşıdan gələn il doğma Qarabağın quruculuq, dircəliş ili olacaq. Yaraları saracağıq, daşı, divarı yerlə- yeksan olmuş evlərimizi yenidən quracağıq, ocağımızı yenidən yandıracağıq.Daha firəvan, daha qüdrətli bir Azərbaycan quracağıq, zamanla hər şey öz məcrasını tapacaq. Ən əsası xalqımız bir olsun, həmrəy olsun. Tarix boyu edilmiş yanlışlar bir daha təkrarlanmasın, xalqımız nəhayət ki kimin dost, kimin düşmən olduğuna bir daha əmin olsun. Qarabağda gözəl günlərə doğru...