Onlar tarix yazdılar...
24 Dekabr 2020 14:47 SosialToyunda "Vağzalı" əvəzinə himnimiz səsləndi
Xıdırov Elgün Fuad oğlu 1989-cu ildə dekabr 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2007-ci ildə orta məktəbin, 2011- ci ildə isə Gəncə Dövlət Universitetinin məzunu olan Elgün Vətənə xidmətə yollanır və xidmətini uğurla başa vurur.
Bir müddət marketing mütəxəssisi kimi işləyən Elgün 2014-cü ilin noyabrında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit kursuna daxil olur. 2015-ci ilin fevral ayının 11-də bölük komandirinin şəxsi heyət ilə iş üzrə müavini ixtisasını bitirir, leytenant, daha sonra baş leytenant hərbi rütbəsi alır.
Vətən müharibəsi başlayandan Elgün döyüşlərdə qəhrəmancasına vuruşub. O, Füzuli rayonu istiqamətində düşmənin istehkamını darmadağın edən baş leytenant Elgün Xıdırov yaralı olmasına baxmayaraq son damla qanına qədər vuruşub və şəhidlik zirvəsinə ucalıb.
Elgün ailəli idi, 1 yaş 9 aylıq körpəsi Vətənə yadigar qalıb.
Şəhidimiz haqqında danışanlar deyirlər ki, "Elgün o qədər vətənpərvər bir igid idi ki, toyunda "Vağzalı" əvəzinə, dövlət himnimizi səsləndirib". Bacısı ilə son danışığı "Şəhid olsam, ağlamayın. Başınızı dik tutun" cümləsi ilə bitib.

Vətən müharibəsinin igidi -19 yaşlı Şəhidi
Fariz Zahir oğlu Rəhimov 2001-ci il sentyabrın 20-də Qəbələ rayon Əmirvan kəndində anadan olub. 9-cu sinfi bitirdikdən sonra 2016-cı ildə Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən "Geniş Profilli Dəzgahçı" dərəcəsi ilə məzun olub.
Fariz Qusarda N saylı hərbi hissədə xidmətdə olan zaman könüllü olaraq kəşfiyyat qrupuna qoşulub. Füzuli, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib, ərazilərimizin işğaldan azad olunmasında iştirak edib. Fariz Rəhimov noyabrın 7-si Şuşa uğrunda döyüş zamanı Şəhid olub.
Qəhrəmanımız Prezidentin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

2802 Şəhiddən biri...
Vətən müharibəsinin növbəti qəhrəman oğlu, canını torpaqlarımızın azadlığı uğrunda fəda edən Cəfərli Ruslan Nəcəf oğlu 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 4 nömrəli məktəbdə təhsil alıb, 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi başlayandan sonra Ruslan da düşmənlə üz-üzə dayanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşüb. Evin sonbeşiyi olan Ruslan sonuncu dəfə atası ilə oktyabrın 7-si danışıb və halallıq istəyib. Oktyabrın 13-ü Suqovuşan, Talış döyüşlərində şəhid olub.
Prezidentin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Düşmənin texnikalarını məhv edən Nemət
Cavadlı Nemət Cavid oğlu 1995-ci ildə iyun ayının 3- də İmişli rayonunda anadan olub. 2001-2012-ci illərdə orta məktəbi bitirərək hərbi xidmətə yollanır. Bakı şəhərində hərbi xidmət edən Nemətin hərbiyə olan sevgisi onu 2015-ci ildə yenidən bu sahəyə qaytarır.
Nemət Aprel döyüşlərində də şücaət göstərərək Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərmək üçün seçilir.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində də iştirak edən Cavadlı Nemət oktyabrın 11-də ailəsi ilə əlaqə saxlayır, hər şeyin yaxşı olduğunu, onun üçün dua etmələrini istəyir.
Cəbrayıl, Zəngilan, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə tağım komandiri olaraq tabeliyində olan 22 nəfər XTQ ilə şücaət göstərən Nemət Şuşanın alınmasında qəhrəmanlıq göstərərək Daşaltı kəndində, 31 oktyabrda şəhidlik zirvəsinə yüksəlib. 5 tank, 2 zirehli texnika və istifadəsində olan silah vasitəsilə hər atışda düşmənin xeyli canlı qüvvəsini məhv edib.

Polad Həşimovun qisasını almaq üçün...
Heydərov Adəm İkram oğlu 2000 ci ilin mart ayının 26-da Qəbələ rayonun Bum qəsəbəsində anadan olub. Tovuz hadisələrində şəhid olmuş General Polad Həşimovun ölümündən sonra Adəm çox sarsılıb. Ali Baş Komandan İlham Əliyevin səfərbərlik əmrini eşidən kimi Qəbələ rayon Səfərbəlik İdarəsinə yollanır. O, 29 sentyabr tarixində Vətən müharibəsində iştirak etmək üçün döyüşə yollanır. Döyüşlərdə iştirak etdiyi qısa müddət ərzində böyük igidlik göstərib. Suqovuşan, Ağdam ugrunda gedən döyüşlərdə iştirak edən Adəm Ağdərənin azad edilməsində qəhramancasina şəhidlik zirvəsinə ucalıb.

Füzulinin tankçı fatehi
Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009 - cu ildə həmin məktəbi bitirib.
2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayan Elmir, 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub.
2013-cü ildə öz istəyi ilə Azərbaycan ordusunda yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib.
Aprel döyüşlərində fəal iştirak edən Elmir Nəsirov 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsinə tankçı kimi qatılıb. Cəbhənin Füzuli rayonu istiqamətində gedən əməliyyatlarıda iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmasına baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Elmirin iki qız övladı Vətənə əmanətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elmir Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Hadrut fatehlərindən biri
Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Culfa rayon 3 nömrəli tam orta məktəbdə alan Bağır 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində gizir rütbəsi ilə snayperçi olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərdə iştirak edib.
Bağır 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR-da baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatında Günnüt kəndi, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsində fəal iştirak edib.
Vətən müharibəsi başlayanda gizir Bağır Ələkbərov Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində qəhrəmanlıqla vuruşub.. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Bağır Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid Elman Qasımov
Qasımov Elman Yunis oğlu 1999-cu ilin 8 noyabr tarxində Hacıqabul rayonunda anadan olub. Uşaq yaşlarından idmana olan marağı onu Gəncə Dövlət Regional Kollecində idman ixtisasına gətirib.
Elman kolleci bitirdikdən sonra hərbi xitmətə yollanıb. Xidmətinin bitməsinə bir neçə ay qalmış Vəyən müharibəsi başlayır. Elman Vətən müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda xüsusilə də Tərtər rayonunun Talış və Suqovuşan kəndləriuğrunda böyük şücaət göstərir. O, oktyabrın 9-da Tərtər rayonunun Suqovuşan kəndində düşmən ordusu tərəfindən mühasirəyə düşürək şəhidlik zirvəsinə ucalır.

Cəbrayıl fatehlərindən biri
İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirкan qəsəbəsində anadan olub. 1984-cü illərdə A. Quliyev adına tam orta məкtəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Aкademiyasında "Energetiкa" ixtisası üzrə ali təhsil alıb.
İqbal 1998-ci ildə Vətənə xidmətə yollanıb. 2004-2005-ci illərdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində tağım komandiri olaraq xidmət edib. Beləliklə, İqbal hərbidə öz fəaliyyətini davam etdirib.
2018-ci il yanvarın 5-də Daxili Qoşunların sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, yanvarın 14-də "mayor" hərib rütbəsi ilə ehtiyata buraxılıb..
Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Gülər Seymurqızı
Olaylar.az