Cəmiyyətə və sağlam mətbuata ləkə olan reket jurnalistika
23 Dekabr 2020 16:51 SosialMüstəqillik illərindən sonra bütün sahələrdə olduğu kimi kütləvi-informasiya vasitələri, media sahəsində yenilik, inkişaf, tərəqqi müşahidə edilməyə başladı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayan və hazırda Cənab Prezident İlham Əliyevin sayəsində davam etdirilən media, KİV-ə dövlət dəstəyi, qayğısı bu gün sağlam yöndə fəaliyyət göstərən, bütün fəaliyyətini dövlət və milli maraqlara uyğun quran mətbu orqanlara göstərilir. Ancaq hər bir sahədə olduğu kimi təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyd etdiyimiz sahədə də problemlər, nöqsanlar az deyil. Əsas etibarilə də azad, müstəqil, eyni zamanda dövlətçiliyə, milli maraqlara xidmət edən kütləvi informasiya vasitələrinə qara ləkə hesab olunan reket jurnalistikanın mövcudluğu günümüzdə mətbuat sahəsində yer alan başlıca problemlərdəndir. Ölkədə fikir, söz, mətbuat azadlığının mövcudluğundan istifadə edən bəzi "həmkarlarımız" ayda 1 dəfə, yaxud 3 aydan bir, hətta bir çox hallarda il ərzində bir dəfə işıq üzü görən "qəzet" nəşr etməklə sözün həqiqi mənasında reketçiliklə məşğul olur, cəmiyyətdə sayılıb-seçilən, nüfuz sahibi olan şəxslərimiz barədə şantaja, şər-böhtana əl atırlar. Hətta bir çox "həmkarlarımız" bir qədər də irəli gedərək hədəfə aldıqları, pul qoparmaq niyyətinə düşdükləri şəxsin ailə-məişət məsələlərinə müdaxilə edir, onun, yaxud həmin şəxsin ailə üzvləri barəsində həqiqətə uyğun olmayan şər-böhtan xarakterli fikirlər tirajlayırlar. Bəzi hallarda bu kimi hallar etik prinsiplərdən də kənara çıxır. Dərd odur ki, "həmkarlarımız"ın reket fəaliyyəti yalnız print media da özünü göstərmir. Eyni zamanda elektron media sahəsində də kifayət qədər reket fəaliyyəti ilə məşğul olan "jurnalistlər" var. Bu gün ölkədə fəaliyyət göstərən yüzlərlə elektron portal, xəbər saytı, informasiya agentliyi var ki, onların da müəyyən bir qismi qeyd etdiyimiz kimi fəaliyyətlərində cəmiyyəti sözün həqiqi mənasında maarifləndirməyə deyil, reketçiliyə, kimlərdənsə pul qoparmağa, şər-böhtan, şantaj yolu ilə asan qazanc əldə etməyə üstünlük verirlər. Vəziyyət elə biabırçı, dözülməz hal alıb ki, hətta bu kimi "jurnalistlər" hətta xırda iaşə obyektləri, ərzaq dükanlarından belə maddi maraq güdür, onlardan hər ay haqq almağa çalışırlar. Xüsusilə, bu kimi hallara paytaxtdan kənarda daha çox rast gəlmək mümkündür. Belə ki, bu qəbildən olan "həmkarlarımız" əyalətlərdə nəinki ictimai-iaşə obyektləri, ərzaq dükanları, hətta təhsil müəssisələri, Mənzil Kommunal Təsərrüfatları, bələdiyyərlər, bir sıra hallarda İcra Hakimiyyətlərinə belə yol tapa bilirlər. Maraqlısı odur ki, bu qəbildən olan "jurnalistlər"i adlarını qeyd etdiyimiz dövlət qurumlarında xüsusi hörmət-izzətlə belə qarşılayırlar. Halbuki dövlətə, dövlətçiliyə xidmət edən, sözün həqiqi mənasında Zərdabi ənənələrini davam etdirən əsl media təmsilçiləri, jurnalistlər həftələrlə, hətta aylarla belə adlarını çəkdiyimiz qurumlara nəinki ayaq basa bilir, hətta onlardan telefon vasitəsilə gördükləri işlər barədə belə məlumat əldə edə bilmirlər. Baxmayaraq ki, Azərbaycan Mətbuat Şurası hər ilin əvvəlində yerlərdəki mərkəzi və yerli icra hakimiyyətlərinin müvafiq qurumlarına hansı media qurumlarının reketçilik fəaliyyəti ilə məşğul olduğunu bildirən siyahı göndərir və müntəzəm olaraq da həmin siyahıda yeniliklər edilir. Ancaq göründüyü kimi bəzi dövlət qurumları məhz reket jurnalistlərlə işləməyə üstünlük verirlər. Elə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri, avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev də bu qənaətdədir. Baş redaktor deyib ki, reketçilik fəaliyyəti ilə məşğul olan "həmkarlarımız" bizlərin də adına, fəaliyyətinə utanc gətirir: "Belə "jurnalistlər"in əlindən bezmişik. Onlar bizə də utanc gətirirlər. Təmiz adımızı ləkələyirlər. Məhz onların yarıtmaz fəaliyyəti nəticəsində artıq təmiz jurnalistlərə də rüşvət alan jurnalist kimi baxırlar. Hesab edirəm ki, reketçiliklə məşğul olan jurnalistlərin kökü kəsilməlidir". Cavid Şahverdiyev onu da diqqətə çatdırıb ki, gic-gic adda saytlar açan, qəzetlər buraxan həmin şəxslərin güzaranı da kifayət qədər yaxşıdır: "Maraqlısı odur ki, məhz həmin "jurnalistlər"in ayaqlarının altında bahalı maşınlar, evlər, obyektlər var. Dövlət araşdırmalıdır ki, bunlar nəyin hesabına əldə edilib. Hamı bir-birini tanıyır, bilir ki, kim hara işləyir, hardan qazanır, amma susuruq". Baş redaktor hesab edir ki, bu baxımdan medianın özünə də ictimai nəzarət olunmalıdır: "40 manat verib domen alırlar və başlayırlar reketliyə. Mən işə ictimai nəqliyyatla gedirəm, evim yox, maşınım yox, saytımıı heç kim maliyyələşdirmir. Baxmayaraq ki, 30 ildir mediadayam. Ancaq həmin reketlər bir ilin içində tanınmış, hörmətli olurlar. Araşdırmaq lazımdır ki, onların dövlətə nə xeyirləri dəyib? Yaxud dövlətimizi harada, hansı mediada dəstəkləyən yazı yazıblar?. Ən azından axtarış sisteminə adlarını yazsınlar görək bunların bir yazıları olubmu. Yoxdur. Reketlər əlində qalmışıq". Cavid Şahverdiyevin sözlərinə görə, elə reket jurnalistlər var ki, məmurlarla əlbirdir: "Sifarişli yazılar yazdırırlar. Orta məktəbdə mənimlə bir qız oxuyurdu, 8-ci sinifdən çıxdı. Bir müddət dərzi işlədi. Bir neçə il öncə eşitdim ki, jurnalist kimi fəaliyyət göstərir. Rayona maşınla gedib gəlir. İki, üç ilə artıq maşını da oldu".
Baş redaktor əmindir ki, hər bir sahədə olduğu kimi bu sahədə də islahatlar baş verəcək və cəmiyyətə, jurnalistikaya ləkə olan bu kimi "qəzetlər", "saytlar" təsis etmək indiki kimi asan olmayacaq.
Süleyman