“Reket jurnalistikadan” bəhrənənlər
23 Dekabr 2020 14:16 SosialBu fəaliyyət növü sırf cinayət əməlidir
Azərbaycan müstəqillik əldə etdikdən sonra söz, məlumat və ifadə azadlığı ilə bağlı bir sıra mühüm addımlar atılıb. Belə ki, ölkəmiz sadalanan sahələrlə bağlı beynəlxal konvesiyalara qoşulub, milli qanunvericiliyi təkmilləşdirib. Bununla da Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunub. İnsafən qeyd edilməlidir ki, hazırda ölkədə istənilən vətəndaş öz fikrini sərbəst şəkildə ifadə edə bilir, söz və mətbuat azadlığından gen-boluna yararlanır. Məsələ orasındadır ki, bəzi şəxslər, xüsusən, maraqlı dairələr bu azadlıqdan sui-istifadə edərək öz qara niyyətlərinə nail olmağa çalışırlar. Azərbaycan mətbuatının qara yarasına çevrilən "reket jurnalistlər" bu işdə daha fəal görünürlər. Daha acınacaqlı məsələ odur ki, qeyri-peşəkar, jurnalistikaya heç bir aidiyyatı olmayan, fəaliyyəti ilə jurnalistin peşə davranış kodeksinə xələl gətirən kəsimlər bu məsələdə alətə çevriliblər. Qafalarında yalnız şəxsi maddi durumun təmin edilməsi fikri yer almış bu tip insanlar dövlət, dövlətçilik, Vətən anlayışının nə olmasının fərqində deyillər.
Kütləvi İnformasiya vasitələrinin dövlət qeydiyyatına alnması prosedurlarının sadələşdirilməsi, mətbuat üzərindən senzuranın götürülməsi "reket jurnalistikaya" meydan açıb. Belə ki, heç bir məhdudiyyət olmadan media orqanı təsis edən şəxs kütləvi informasiya vasitələrinə xas olan fəaliyyətlə məşğul olmaq əvəzinə təhqir, şantaj, qərəzli materiallar çap etməklə maddi maraqlarını təmin etmiş olurlar. Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi isə bu prosesi qarşısıalınmaz edib. Əlinə kompramit düşən hər hansı "reket jurnalist" həmin məlumatı sosial şəbəkələrdə tirajlamaqla kifayətlənməyərək eyni amala xidmət edən həmkarına ötürür. Beləliklə, "reket jurnaklistika" məqsədli şəkildə silsilə formasında inkiaf edir.
Etiraf edilməlidir ki, son illər Azərbaycanda "reket" jurnalistikaya qarşı ciddi mübarizə aparılır. Bu məqsədlə mövcud qanunvericilikdəki boşluqlar aradan qaldırılıb, cəmiyyətdə ictimi qınaq güclənib. Azərbaycan Mətbuat Şurasının nəzdində "Reket" jurnalistika ilə mübarizə" komissiyası yaradılıb. Baxmayaraq ki, sözügedən komissiya məhkəməyə qədərki dövrdə problemin aradan qaldırılması ilə məşğul olur, ancaq etiraf edilməlidir ki, komissiya xeyli sayda "reket jurnalisti" üzə çıxarıb. Lakin qurumun səlahiyyətində inzibati rıçqaların olmaması məsələnin məhkəmələrə qədər gedib çıxması ilə nəticələnir. Bütün hallarda "reket jurnalistikaya" qarşı ilə mübarizə nəticəsində bir neçə mətbuat orqanının fəaliyyəti yasaqlanıb və onların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub. Amma buna baxmayaraq, Azərbaycanda "reket" jurnalistika ilə məşğul olanların sayı artmaqda davam edir. Bu da ölkədə medianın azad olmasından sui-istifadə edən dələduzların fəaliyyətinin genişlənməsinə səbəb olur. Bununla yanaşı, bəzi müxalif dairələr Azərbaycanda "reket" jurnalistika ilə mübarizəni azad medianın sıxışdırılması kimi qiymətləndirir. Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuata açıqlamasında bildirib ki, Şura uzun müddətdir ki, mediada neqativ hallara, o cümlədən "reket jurnalistika"ya qarşı mübarizə aparır: "Bəzən Mətbuat Şurasını qınayırlar ki, nə üçün jurnalistikadan sui-istifadə edən belə şəxslərin, media qurumlarının adını "reket jurnalist", "reket media" qoyursunuz? Halbuki, "reket jurnalist" kimi təqdim etməklə, həmin şəxsin mahiyyət etibarilə jurnalist olmadığını, jurnalistika ilə məşğul olmadığını cəmiyyətə çatdırmaq istəyirik. "Reket" adlandırdığımız bəzi media qurumları, şəxsləri yalnız klassik mənada qəbul etmək, onların sadəcə ayrı-ayrı vətəndaşlara hədə-qorxu gəlməklə, şantaj etməklə, hansısa məsələlərdə təzyiq göstərməklə "fəaliyyət" ortaya qoyduqlarını təsəvvür etmək düzgün deyil. Hazırda "reket jurnalistika"nın tipi və xarakteri tamamilə dəyişib. Beş-on il bundan əvvəl bəzi şəxslər jurnalistikanın adından istifadə edərək, idarə və müəssisələri, ayrı-ayrı vətəndaşları, o cümlədən məmurları şantaj edir, təzyiq göstərir, qarşılığında maddi yardım alırdılar. İndi məsələnin xarakteri yalnız bu deyil. Jurnalistikaya süni şəkildə gətirilmiş insanların məqsəd və məramlarında ciddi dəyişikliklər özünü göstərir. Düzdür, klassik məqam da var. Yəni, "reket jurnalistlər" bu "fəaliyyəti" "biznes layihəyə", qanunlar prizmasından baxsaq cinayət əməlinə çeviriblər. Kimin kimdən haqq-hesabı, kin-küdurəti, qisası varsa, tez özünə bir internet resursu yaradır, hədəfə aldığı insanlar barədə şər-böhtan, qərəz dolu məlumatlar ictimailəşdirir, şantaj edir, qorxudaraq öz məqsədinə nail olmağa çalışır. Bu, klassik formadır. Amma indi bu "reket jurnalistlər"dən Azərbaycan dövlətinə və ölkəmizə təzyiq göstərmək üçün istifadə edirlər".
Onu da qeyd edək ki, "reket jurnalistlər" hazırda Azərbaycana qarşı söz azadlığı və insan haqları müstəvisində təzyiq göstərilməsi, ölkəmizin adının neqativ siyahılara salınması üçün alətə çevriliblər. Çox təəssüf ki, bu aləti formalaşdıran daxili və xarici mərkəzlər var. Hətta "reket jurnalistlər"dən bir-birinə qarşı intirğası olan dövlət məmurları da öz məqsədləri üçün istifadə edirlər. Belə ki, bu iddiaya düşən məmurlar bir-birini gözdən salmaq, ictimai nüfuzuna xələl gətirmək, rəqibini zəiflətmək məqsədilə "reket jurnalistlərə" kompromatlar ötürürlər. Artıq bu kimi hallar dəfələrlə öz təsdiqini tapıb. Sadalanan faktlar deməyə əsas verir ki, "reketçiliyin" jurnalistikaya heç bir aidiyyatı yoxdur, belə fəaliyyət sırf cinayət əməlidir. Ona görə də belə fəaliyyəti özlərinə gəlir mənbəyi kimi seçən şəxslər mütləq cızalanmalıdır. Yalnız bu halda, həm mətbuatın imicinə xələl gəlməz, həm də Azərbaycan mətbuatı barədə mənfi fikrin formalaşmasının qarşısı alınmış olar. Bu isə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən keçir.
Alim
Olaylar.az