Deputat: “Apteklərdə bəzi dərmanlar əl altdan baha qiymətə satılır”

Milli Məclisin plenar iclasının gündəliyindəki məsələlərdən biri də epidemiya əleyhinə sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə hüquqi və vəzifəli şəxslərə qarşı tətbiq edilən cərimələrin artırılmasıyla bağlı İnzibati Xətalar Məcəlləsinə olunan dəyişikliklər idi. Qeyd edək ki, sözügdən dəyişikliklər millət vəkilləri arasında birmənalı qarşılanmayıb. Millət vəkili Sahib Alıyev deyib ki, mən epidemiya əleyhinə sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə hüquqi və vəzifəli şəxslərə qarşı tətbiq edilən cərimələrin artırılmasıyla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklikləri dəstəkləyirəm. Dəyişikliklər pandemiya ilə bağlı hazırda ölkədə yaranmış reallığın diqtəsi ilə edilir və beynəlxalq təcrübədə də bu qəbildən addımların atıldığını görürürük: "Həmkarlarımın cərimələrin artırılmasının əleyhinə gətirdikləri arqumentləri anlayışla qarşılayıram, amma unutmamalıyıq ki, hazırda biz diqqəti ilk növbədə məhz insanların sağlamlığının qorunmasına, yoluxmaların qarşısının mümkün qədər alınmasına yönəltməliyik. Çox təəssüf ki, əksər hallarda mədudlaşdırıcı addımlar, o sıradan da sərt inzibati və cəza tədbirləri görmədən bu, mümkün olmur. Düzdür, indi bizdə fiziki şəxslərə tətbiq olunan cərimələrdə dəyişiklik nəzərdə tutulmasa da,  mən də öz növbəmdə bununla bağlı digər ölkələrin təcrübələrinə diqqət yetirmək istərdim, özəlliklə də o ölkələrin ki, koronavirusla mübarizədə ən effektlilər sırasındadırlar. Gəlin onların təcrübəsinə diqqət yetirək, baxın, karantin rejiminin pozulmasına görə Sinqapurda 7 min dollar cərimə, 6 aya qədər həbs cəzası, Koreyada 8,2 min dollar cərimə və 1 ilədək həbs cəzası, Vyetnamda 12 illik həbs cəzası nəzərdə tutulur. Çində isə əgər kimsə bilərəkdən karantin rejimini pozur və digərlərini yoluxdurursa, o hətta ölümə belə məhkum edilir. Bu ölkələrin təcrübəsi göstərir ki, məhz cəzaların sərtləşdirilməsi bir sıra hallarda öz müsbət nəticəsini verir. Amma orasını da deyək ki,  bu gün təkcə yoluxmanın qarşısının alınması deyil, həm də yoluxanların effektli müalicəsi olduqca aktualdır. Biz yoluxmaların sayının yaydakından bir neçə dəfə  artması nəticəsində hazırda xəstəxanalarda yer çatışmazlığı  probleminin yarandığını görürük. Ona görə də yoluxanların vəziyyətlərinin ağır və yüngüllüyünə görə dəqiq çeşidlənməsi aparılmalı, kimlərin stasionar müalicə alacağı, kimlərin xəstəxanaya yerləşdiriləcəyi  həmən göstəricilər əsasında şəffaf və ədalətli şəkildə reallaşdırılmalıdır. Sosial  şəbəkılərdəki reaksiyalardan belə görünür ki, təəssüf ki, bununla bağlı problem mövcuddur". Onun sözlərinə görə, koronavirusla mübarizənin ön sırasında yer almalı olan qurumlar-Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB-in arasında sinxronluğun  və koordinasiyanın yüksəldilməsinə ehtiyac duyulduğunu görməmək və hiss etməmək mümkün deyil: "Yayda belə hallara demək olar ki,  rast gəlinməsə də, verilən məlumatlara görə, hazırda edilən xəbardarlıqlara rəğmən onlarla  koronaviruslu xəstə ictimai yerlərdə gəzib-dolaşır, dükana-bazara, aptekə gedirlər. Daxili İşlər Nazirliyi belələrindən 49 nəfəri cərimələyib, 32 iki nəfərə qarşı cinayət işi qaldırılıb və elə də olmalıdır. Lakin xəstələr də var ki, bəlkə də onların dərman, yaxud da ərzaq gətirəni olmadığı üçün məcbur qalıb özləri dükana, yaxud da aptekə gedirlər. Görünür, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bir neçə ay öncəki missiyasını yenidən davam etdirməli, çıxılmaz vəziyyətdə olanların, o sıradan da bütün üzvləri virusa yoluxan alilələrin dərman və ərzaq təminatında yardımlarını əsirgəməməlidirlər. Apteklərin koronavirusun müalicəsində istifadə olunan preparatlarla geniş şəkildə təmin edilməməsi nəticəsində onların bir çoxu  əl altdan baha qiymətə satılır ki, buna son qoyulmalıdır. Yayda koronavirusa yoluxanların böyük əksəriyyəti xəstəxanalardakı fədakarcasına və şəffaf xidmətdən razılıq etdikləri halda indi xeyli narazılıqlar eşidilir. Bizdə testlərin qiymətinin endirilməsinə böyük ehtiyac var ki, bu haqda hörmətli Musa Quliyevin təklifiylə mən də razıyam. Biz hüquqi, vəzifəli yaxud da fiziki şəxs olaraq fərq etməz, dövlət başçımızdan örnək götürməli,  ölkəmizin koronavirusla mübarizədə ən effektlilər sırasında olmasına çalışmalıyıq. Məhz onun yertidiyi siyasət sayəsində Azərbaycan indiyədək həm koronavirusla mübarizəyə qlobal və regional müstəvidə töhfə vermək, həm də pandemiya şəraitində  öz əhalisinin sağlamlığının qorunmasından tutmuş üzə çıxan sosial problemlərin həllinədək atdığı addımlar baxımından  barmaqla sayılacaq qədər az örnək ölkələrdən biridir ki, bunu Dünya Səhiyyə Təşkilatının rəhbəri də öz çıxışlarında bir neçə dəfə vurğualyıb. Biz koronovirusla mübarizələrinə dəstək məqsədilə  30-dan artıq dövlətə yardımlar etmişik. Cənab Prezidentin təşəbbüsü ilə dekabrın 4- də BMT- nin koronavirusla mübarizəyə həsr olunmuş sessiyası keçirildi.  Bu il aprelin 10-da və mayın 4-də Türk Şurası və Qoşulmama hərakatının COVID-19 pandemiyasına həsr olunmuş toplantıları da həmən qurumların sədri olaraq məhz onun təşəbbüsüylə baş tutmuşdu. Yeri gəlmişkən, Türk Şurası dünyada ilk beynəlxalq təşkilat oldu ki, videokonfrans yoluyla dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr edilən fövqəladə Zirvə görüşünü keçirdi. Bir sözlə,  dünya bizim Prezidentimizin qlobal çağırışları düzgün dəyərləndirib, operativ reaksiya verən və üzərinə məsuliyyət götürməyi baçaran qlobal miqyaslı örnək lider olduğunu bir daha gördü.

Ölkə daxilindəki vəziyyətə gəldikdə pandemiya dövründə təqribən 5 milyona yaxın vətəndaşımız geniş sosial paketlə əhatə olundu. Dövlət sektorunda çalışan 900 min nəfərin böyük əksəriyyəti faktiki olaraq işə getmədikləri halda davamlı maaşlarını aldılar, pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardakı 760 min insanın iş yerlərinin qorunması üçün gərəkən  maliyyə dəstəyi göstərildi. Altı yüz min işsiz və  müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqənin təmsilçiləri dövlət tərəfindən qayğı ilə əhatə olundu. Ümumiyyətlə,  bu pandemiya peyda olandan onunla mübarizəyə  2,5 milyard manatdan çox vəsait xərclənib. Ölkənin 46 kilinikası , o cümlədən 15 yeni modul tipli xəstəxana bu işə cəlb edilib.

Dünən Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizədə ölkəsinin ən uğurlu addımlarından biri kimi  pandemiya başlayandan 40-dan artıq yeni xəstəxananın tikilməsini misal gətirdi.  Başqa göstəriciləri demirəm, xatırladım ki, Rusiyanın əhalisi bizdən 15 dəfə çoxdur, baxın eyni müddət ərzində onlarda 40, bizdə isə 15 yeni xəstəxana tikilib istifadəyə verilib ki,  bu da Azərbaycanın dövlət başçısının əhalimizin sağlamlığına necə həssaslıqla yanaşdığının növbəti bir göstəricisidir. Gəlin biz də pandemiyanın tüğyan etdiyi bu günlərdə özümzün və ətrafımızdakıların  sağlamlığına  yanaşmada eyni həssaslığı göstərək. Onda bu cərimələrə də ehtiyac qalmayacaq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31