İşğaldan azad edilən şəhər və rayonlarda mehmanxana və otellər inşa olunacaq

Artıq erməni işğalından azad edilmiş ərazilərimizdə infrastrukturun qurulması, dövlət və digər müəssisələrin bərpası, yeni yolların çəkilişi, kommunal problemlərin həlli məqsədilə müvafiq tədbirlər planı hazırlanıb və bəzi işğaldan azad edilən şəhər və rayonlarda isə bu istiqamətdə işlərə başlanılıb. Nəzərə alsaq ki, düşmən işalından azad edilən şəhər və rayonlarımızın böyük əksəriyyəti turizm potemsialına malikdir, o zaman həmin şəhər və rayonlarda turizmin inkişaf etdirilməsi olduqca zəruri və vacibdir. Bu istiqamətdə isə heç şübhəsiz ki, turizm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları, müvafiq nazirliklər aktiv olmalıdır. İlk növbədə işğaldan azad edilmiş rayonlarımızda turizm-istirahət komplekslərinin, mehmanxana-otellərin tikilib istifadəyə verilməsi günün tələblərindəndir. Elə Dövlət Turizm Agentliyi də məhz indiki məqamda bu istiqamətə xüsusi diqqət yetirir. Hətta bu məqsədlə Dövlət Turizm Agentliyi iş adamları, sahibkarlara da müraciət edib. Belə ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxış edərkən bildirib. Onlayn təşkil olunan Baş Assambleyanın keçirilməsində əsas məqsəd Azərbaycan Hotel Assosiasiyasının il ərzində fəaliyyəti, 2021-ci il üçün planlaşdırılmış tədbirlər haqqında məlumat verməkdir. Assambleyada iştirakçılar Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq hotellərin ulduzlaşması, müraciət qaydaları və tətbiq prosedurları haqqında da məlumatlandırılıblar. Həmçinin pandemiya və postpandemiya dövründə turizmin bərpası üzrə çətinliklərlə bağlı sənaye nümayəndələri ilə müzakirələrin aparılıb.

Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib. Fuad Nağıyev sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlandığı barəsində məlumat verib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq artıq 4 regional hotelə ulduz kateqoriyasının verildiyini bildirib. O, çıxışında, həmçinin turizm sənayesini postpandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən layihələr haqqında məlumat verib. O bildirib ki, hotelçilik sənayesinin nümayəndələri pandemiya ilə bağlı yaranmış böhranlı və çətin vəziyyətdə sosial məsuliyyətlilik nümayiş etdiriblər. "Xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində istifadə olunan hotellərin dəstəyi yüksək qiymətləndirilir",- deyə F.Zenqstşmid əlavə edib.

Assosiasiyanın Prezidenti Martin Kleinman hotelçilik sənayesində qısa və uzunmüddətli bərpa planlarının həyata keçirilməsinin vacibliyi haqqında danışıb. AHA-nın Baş İcraçı Direktoru Günay Sağlam Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini vurğulayıb. O, pandemiya dövründə sənayenin birgə və koordinasiyalı fəaliyyətinin yaranmış çətinliklərə daha çevik reaksiya verilməsində mühüm rol oynadığını qeyd edib.

2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Hotel Assosiasiyası hotelçilik sənayesinin nümayəndələrini bir araya toplamaq və qonaqpərvərlik sənayesini inkişaf etdirmək üçün platforma rolunu oynayır.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31