“Qarabağ azad olandan sonra evlənəcəm”– 60 ermənini məhv edən şəhid gizir İbrahim Sadiqli
17 Dekabr 2020 11:59 SosialÇox dostcanlı, mehriban oğlan olan İbrahim evin sonbeşiyi idi. Evlən deyəndə deyirdi ki, torpaqlarımız azad olsun, sonra. Ən böyük arzusu Qarabağı azad görmək idi. Qarabağ azad olundu, amma İbrahim azad Qarabağda toy edə bilmədi...
Bu sözləri Sfera.az-a açıqlamasında şəhid gizir İbrahim Sadiqlinin qardaşı deyib. Bəli, bu sözləri o bütöv Azərbaycan uğrunda canını fəda edən qardaşı haqqında danışarkən bildirib...
Sadiqli İbrahim Şahin oğlu 1993-cü il 28 iyun Bakı şəhərində anadan olub. 2011-ci il Bakı Peşə Liseyini bitirdikdən sonra elə həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. 1 il 6 ay xidmət edib, 2016-cı ilin yanvar ayından Müdafiə Nazirliyinin XTQ-də xidmətə başlayıb. Xidmət etdiyi dövrlərdə bir çox fəxri fərman və medallarla təltif olunub.
2018-ci ilin sentyabrından 2019-cu ilin yanvar ayının sonuna kimi Çində snayper kursu keçib və nəticə olaraq 50 ölkə arasından 2-ci yeri tutaraq Azərbaycan bayrağını dalğalandırıb.
Sentyabr ayında cəbhədə vəziyyət gərginləşdikdən sonra Murovdağ, Kəlbəcər, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Cəbrayıl istiqamətində döyüşlər zamanı adsız yüksəkliklərdə düşmən üçün çəkiliş apararaq koordinat verən şəxsi yaxalayıb əsgər və zabitlərin həyatını xilas edib.
Döyüş yoldaşlarının dediyi görə İbrahim 60-a yaxın erməni əsgər və zabitini məhv edib. Oktyabrın 3-də elə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı yaralı yoldaşlarını xilas etmək istəyəndə şəhid olub.
Ölümündən sonra Ali baş komandan tərəfindən "Qarabağ ordeni", "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!(sfera)



