Vətən müharibəsinin qəhrəman əsgərləri

Azərbaycanın uğurlu qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi neçə-neçə igid oğullarımızın qəhrəmanlıqları, şücaətini üzə çıxardı, onları cəmiyyətə yaxından tanıtdı. Bu gün hər birimizin borcudur ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərmiş həmin igidlərimizi cəmiyyətimizə, xüsusilə gənc nəsilə daha yaxından tanıdaq.

44 günlük Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı ön cəbhədə mübarizə aparan qəhrəmanlarımızdan biri də Yolçubəyli Ayxan Maqsud oğludur.

Məlumat üçün qeyd edək ki, Ayxan hələ hərbi xidmətdən qayıtdıqdan dərhal sonra yenidən müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmaq istəyib. Dəfələrlə bu istəyini ailədə bildirsə də, lakin valideynləri Ayxana bir müddət istirahət etməyi, mülki sahədə çalışmağı məsləhət görüblər. Valideynlərinin Ayxanın yenidən hərbi xidmətə qayıtmasına qarşı çıxmalarının başlıca səbəbi isə onun evin tək övladı olması olub. Bir müddət yaşadığı Yevlax rayonunda müxtəlif sahələrdə çalışsa da, lakin hərb həyatı Ayxanı rahat buraxmayıb və o, valideynlərindən xeyir-dua alaraq yenidən hərbi xidmətə qayıdır. Bu dəfə isə Ayxan tibbi xidmət bölümündə çalışır. Arxa cəbhədə əsgər və zabitlərimizin müxtəlif mövsümü xəstəliklərdən əziyyət çəkməməsi üçün vaxtlı-vaxtında onları müayinə edib lazımı dərman preparatları ilə təmin edən Ayxan bu müqəddəs və şərəfli işi Vətən müharibəsi dövründə də davam etdirir. Döyüşlərin başladığı ilk gündən Ayxan da igid əsgər və zabitlərimizlə ön cəbhədə çiyin-çiyinə döyüşür, onların tibbi baxımından keşiyində dayanır.

Füzulidən başlayıb Şuşaya qədər uzanan döyüş yolunun iştirakçısı olan Ayxan xain düşmənin gülləsinə tuş gələn neçə-neçə igidlərimizin həyatını ilkin tibbi yardımla xilas edib, onların həyatlarını təhlükələrdən qurtarıb. Yaralı əsgərlərimizə düşmənin aramsız güllə yağışı altında belə  ilkin tibbi yardım göstərən Ayxan deyir ki, o anda hər şey insan üçün adiləşir. Ölümün gözünə dik baxaraq hər kəs şərəfli peşəsini sona qədər, layiqincə yerinə yetirmək barədə düşünür. Ayxan deyir ki, hər bir əsgər və zabitimiz aldığı düşmən gülləsindən tam sağalmamış yenidən döyüş meydanına qatılmaq, sona qədər düşmənlə mübarizə aparmaq əzmində və arzusunda idi. Onun sözlərinə görə, dəfələrlə əsgər və zabitlərimiz yarasının sarındığı anda yenidən döyüş meydanına qayıtmaq arzusunu ifadə edib. Bunun riskli olduğu onlara çatdırılsa da, əvəzində "Döyüş meydanında yoldaşlarımı tək qoya bilmərəm" cavabını alıblar.

Ayxan deyir ki, indi də yuxusunda bir çox hallarda Vətən müharibəsinin o gərgin anları, düşmən gülləsinə tuş gələn əsgər və zabitlərimizin yenilməzliyi və yenidən döyüşə qayıtmaq istəkləri, ağır döyüş səhnələri canlanır. Qəhrəman Vətən övladı düşmənin döyüş zamanı qadağan olunmuş silahlardan istifadə etdiyini, yaxınlığa düşən raket və digər ağır silahlardan çıxan qəlpələrin hərbiçilərimizdə dərin izlər buraxdığını deyir.

Qeyd etdiyimiz kimi Füzulidən Şuşaya qədər döyüş yolu keçən Ayxan deyir ki, onun üçün torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizin düşməndən təmizlənməsi qürurverici, fərəhləndirici bir hal olsa da, ən sevincli anları isə Şuşaya daxil olarkən yaşayıb: "Cənab Prezident İlham Əliyev də hər dəfə çıxışlarında deyirdi ki, Şuşa azad edilməsə bizim işimiz yarımçıq qala bilər. Çox şadam ki, bizim işimiz yarımçıq qalmadı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qədim musiqi beşiyimiz olan Şuşanı da azad etdi. İlk dəfə Şuşaya ayaq basmaq və ən əsası da Şuşanı düşməndən azad etmək üçün bu şəhərə daxil olmaq təbii ki, həm sevincli, həm də qürurlu idi".Ayxan döyüş meydanından qayıdaraq hazırda da çalışdığı hərbi hissədə tibbi xidmətini davam etdirir.  

Məmmədov Elşən Rauf oğlu da ailənin tək oğlan övladı kimi Vətən müharibəsinə qatılan igidlərimizdəndir. Mingəçevir şəhərində anadan olan Elşən cəbhədə erməni təxribatı başlayan ilk günlərdən döyüş bölgəsinə yola düşür. Ölkədə elan edilən qismən səfərbərlik əsasında mühəndis bölüyündə xidmət keçən Elşən işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsində yaxından iştirak edib. Ərazilərimizin düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə, eləcə də ərazilərin minalardan təmizlənməsində iştirak edən Elşən də hazırda xidmətini davam etdirir. Düşmənin ən ağıla gəlməyən yerlərə, ərazilərə mina basdırdığını deyən qəhrəmanımız tezliklə işğaldan azad edilən ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənəcəyini və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıdacağını deyir. Qəhrəmanımız onu da deyir ki, ən ciddi problemlərdən biri də düşmənin döyüşlər zamanı qadağan olunmuş kasetli silahlardan istifadə etməsidir. Onun sözlərinə görə, düşmənin atdığı kasetli silahların ətrafa yayılması işğaldan azad edilən ərazilərimizdə təhlükəli vəziyyət yaradıb. Ancaq qəhrəmanınız öz döyüş yoldaşlarıyla birlikdə zərgər dəqiqliyi ilə düşmənin basdırdığı minaları, eləcə də kasetli silahları tapıb zərərsizləşdirə bilir. İstər aran, istərsə də dağlıq ərazilərdə, hər tərəf ağ yorğana bürünmüş qarlı dağlarda belə igidlərimiz gözlərini qırpmadan çalışır, düşmənin ərazilərimizi tərk edib gedərkən basdırdığı minaları, digər partlamamış hərbi sursatları zərərsizləşdirməyə çalışır. Elşən özünü xoşbəxt hiss edir ki, ərazilərimizin düşməndən azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və ərazilərimizin düşməndən təmizlənməsində az da olsa onun da payı var.


Rübail Asif oğlu Quliyev isə Beyləqan rayonunun igid oğullarındandır. Uşaq vaxtı, daha dəqiq desək Birinci Qarabağ müharibəsi zamanı yaşadığı Beyləqan rayonu düşmənin hədəf aldığı, müntəzəm olaraq zərbələr endirdiyi rayon olduğundan, həmçinin bir çox yaxınları döyüşlərdə düşmən gülləsinə tuş gəldiyindən Rubail də orta məktəbi bitirdikdən dərhal sonra hərbiçi olmaq qərarına gəlir. Hətta hərbi xidmətini bitirdikdən sonra Rubail də digər qəhrəmanlarımız kimi müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq ordu sıralarına qayıtmaq istəyir. Lakin valideynləri bir müddət Rubaili bu istəyindən müvəqqəti də olsa daşındıra bilirlər və Rubail Daxili İşlər Nazirliyinin mühafizə idarəsinin Beyləqan şöbəsində xidmət keçir. Lakin hər ay ən azı bir əsgər və zabitimizin düşmən tərəfinin atəşkəsi pozması nəticəsində şəhid olması faktını Rubail Quliyev qəbul edə bilmir və hərbi sistemə keçməklə bəlkə düşməndən qisasımızı ala bilərik arzusu, istəyi ilə DİN-nin Beyləqan Rayonundakı müvafiq idarəsindən ayrılaraq N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayır.

Rubail Quliyev müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyəti göstərdiyi müddətdə bir çox təhlükəli anlar yaşayır, real ölüm təhlükələri ilə qarşılaşır. Həm Aprel döyüşləri, həm də 44 günlük  Vətən müharibəsinin yaxından iştirakçısı olan Rübail Quliyevin ən böyük arzusu dədə-baba yurdu sayılan Kəlbəcərin və musiqi beşiyimiz olan Şuşanın azad edilməsi olub. Təsadüfi deyil ki, elə Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə də Rübail Quliyev yaxından iştirak edib.

Şuşaya qədər isə beyləqanlı qəhrəman Füzulidən başlayan əks-hücum əməliyyatından tutmuş digər ərazilərimizin işğaldan azad olunmasına qədər bütün mərhələlərdə döyüş yoldaşları ilə birgə aktiv iştirakçı olub. O günləri xatırlayarkən dərin xəyala dalan Rübail Quliyev neçə-neçə igid oğullarımızın xain düşmənin gülləsinə tuş gəldiyini söyləyir. Ancaq yeganə təsəlli odur ki, axıdılan qanlar, gedən mübarizə hədər olmadı və düşmən tapdağı altında olan ərazilərimiz azad edildi. Döyüş gedən günlərini xatırlayan Rübail Quliyevin sözlərinə görə, Azərbaycan Ordusu elə sürətlə irəliləyirdi ki, bir ərazi, kənd, qəsəbə və şəhərin işğaldan azad edilməsindən sonra əsgərlərimizi lazımı ərzaq və digər zəruri avadanlıqlarla təmin etmək üçün maşınla geri qayıdarkən adam dəhşətə gəlirdi və bu qədər ərazinin əsgərlərimiz tərəfindən piyada dəf edildiyi mübarizlik ruhunu daha da artırırdı. Bəzən adamın inanmağı gəlmirdi ki, maşınla bir neçə saat getdiyin məsafəni əsgərlərimiz piyada gedərək hədəfə nail olublar.

Həm Aprel döyüşləri, həm də Vətən müharibəsinin iştirakçısı olan Rübail Quliyev Şuşa işğaldan azad edildikdən və qısa müddətli məzuniyyətə biraxıldıqdan sonra ilk işi şəhid olmuş hərbiçi yoldaşlarının məzarını ziyarət etmək və onlara bu sevincli xəbəri çatdırmaq olub.

Rübail onu da deyib ki, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasını şərtləndirən əsas amillərdən biri də cəbhədə hər kəsin bərabər hüquqa malik olması, komandir və zabir heyətinin öz əsgəri ilə çiyin-çiyinə vuruşaraq ona ruh yüksəkliyi verməsi olub: "Mənim bir komandirim var, Qubadlının qorxmaz, igid oğlu, polkovnik-leytenant Etiram Məmmədov. Füzuli və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək, döyüşu idarə etməklə paralel düşmənin hərbi texnikalarının qənimət kimi götürülməsində böyük əməyi keçdi. Biz Onun kimi qəhrəman kişilərdən ruh yüksəkliyi qazanaraq qələbə çaldıq".

Mingəçevir şəhərindən Vətən müharibəsinə qatılan igidlərdən biri də Əhmədov Cəlal Bayram oğludur. Hazırda da xidmətini davam etdirən Cəlal Qubadlının dağları, meşə massivlərində gizlənmə ehtimalı olan erməni terrorçularının tapılıb müəyyən edilməsi istiqamətində qulluqdadırlar. Qarlı və şaxtalı havaya baxmayaraq Vətənə canla, başla xidmət edən Cəlalın da ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi olub. Qismət səfərbərlik dövründə bəziləri müxtəlif yollarla Vətən müharibəsindən yayınmağa, yaxud bir qədər arxada ordunun ərzaq və digər zəruri avadanlıqlarla təminatı prosesində iştirak etməyə üstünlük verdiyi halda Cəlal hərbi xidmət zamanı əldə etdiyi hərbi bilik və bacarıqları əsas götürərək ön cəbhəyə, düşmənlə qarşı-qarşıya vuruşmağa getməyi üstün tutur. Cəlalın Füzulidən başlayan döyüş yolu sonradan digər işğal altında olan ərazilərimizdə davam edir.  Azərbaycanın, Müzəffər Ordumuzun birlik və bərabərliyimiz, dövlətin, dövlət başçısı, Ali Baş Komandan və xalqın həmrəyliyi nəticəsində zəfər, qələbə qazandığını deyən Cəlal Əhmədov 44 günlük döyüş günlərində sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitə qədər hər kəsin bərabər, heç bir fərq qoyulmadan torpaqlarımız uğrunda döyüşdüyünü bildirib. Əsgərlərə döyüş meydanında ən böyük ruh yüksəkliyini isə komandir və zabit heyəti verib. Onlar hər bir əsgərlə öz övladı kimi davranıb, onları qoruyub, mühafizə edib.

Cəlal Əhmədov bir gənc olaraq torpaqlarımızın işğaldan azad edilməsində zərrə qədər də olsa xidməti olmasından məmnundur. Ən azından ona görə ki, gələcək nəsillərə  bu problem buraxılmadı və tərk edilmədi. Bu baxımdan Cəlal gələcəkdə fəxrlə övladlarına 44 günlük Vətən müharibəsində iştirak etdiyi və qalib ordunun əsgəri olduğunu, keçdiyi ağır döyüş yolunu çatdıra biləcək.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31