Onlar tarix yazdılar...

Həmidin qəhrəmanlığı

Həmid Abbasbəyli 1991-ci ilin 17 noyabr tarixində Bakıda anadan olub. İlk təhsilini Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə alan Həmid  müəllimlərinin sevimli və çalışqan şagirdi olub. Orta təhsilini uğurla bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. Liseydə təhsil aldığı müddətdə öz təlim-tərbiyəsi və nizam-intizamı ilə ailəsinə qürur yaşadan Həmid ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. O, 4 xarici dil bilirdi.

Həmid  Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində milli qəhrəmanımız şəhid Mübariz İbrahimovun adını daşıdığı və xidmət etdiyi postda  tağım komandiri vəzifəsində xidmət edib. Həmid həm də "Aprel döyüşləri"nin iştirakçısı olub. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələri seçmək qərarına gəlir və bu seçimi ilə XTQ-ə daxil olur.

XTQ baş leytenantı Abbasbəyli dövlət layihəsi olaraq Türkiyədə, Çində xüsusi təlimlər keçib və həmin təlimləri Azərbaycan adından birinciliklə başa vurub. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi" münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən "Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyi"nə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil etmiş və "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" medalı ilə təltif olunub.

Həmid Abbasbəyli İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşur və minaya düşərək ayağından yaralanır. Lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edir. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin və Hadrutun azad edilməsində böyük qəhrəmanlıq göstərir. Laçın dəhlizinə nəzarət edən yüksəkliyi və oradakı hərbi hissəni Xüsusi Təyinatlı Qüvvələrinin 16 cəngavəri ilə fəth edən Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək  şəhidlik zirvəsinə ucalır .Həmid İkinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  "Qarabağ" ordeni  (ölümündən sonra)  "Vətən uğrunda"(ölümündən sonra)  medalları təltif olunub.

52 gündən sonra şəhidlik zirvəsi

Salmanov Paşa 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. Paşa Salmanovlar ailəsinin ən kiçiyi idi. 2013-cü ildə Çərəcə kəndində orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanır.

Vətən müharibəsi başlayanda qismən səfərbərlik elan olunduqdan sonra Paşa toraqlarımızı düşmən tapdağından qorumaq üçün döyüşə yollanır. Oktyabr ayının 15-də Füzuli istiqamətində  gedən döyüşlərdə Paşa başından qəlpə yarası alır. O, 52 gündən sonra  həkimlərin səyinə baxmayaraq dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib.

Qəhrəman Mirmurad

Rzazadə Mirmurad Ağaməmməd oğlu- 2002-ci ilin iyul ayının 12-də Salyan rayon Marışlı kəndində anadan olub. 2008-ci ildə Salyan rayon Arbatan kənd Elxan Ağayev adına tam orta məktəbində ilk ibtidai təhsilinə başlasa da, 2011-ci ildən təhsilini Bakı şəhər Nərimanov rayonu 178 saylı orta məktəbində davam etdirir. Mirmurad orta məktəbi bitirdikdən sonra Vətənə xidmətə yollanır.

ll Qarabağ müharibəsi zamanı Mirmurad qəhrəmancasına vuruşur və 15 oktyabrda Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsini fəth edir.

"Vətənim dardadı. Mən vaxt itirə bilmərəm"

Əliyev Qubad 1994-cü ilin fevral ayının 4-də Sumqayıt şəhərində dünyaya göz açıb. Orta təhsilini Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə bitirdikdən sonra təhsilini Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində  davam etdirmişdir. Təhsilini bititdikdən sonra Qubad vətənə xidmətə gedir. Xidmətini uğurla başa vuranda baş atıcı və tuşlayıcı vəzifələrini alıb.

İki övladı olan Əliyev Qubad 27 Sentyabr Vətən müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da  düşmənin başını əzmək, düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün "Vətənim dardadı. Mən vaxt itirə bilmərəm" deyərək könüllüolaraq orduya qoşulur.

Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri də Qubad olur. Noyabrın 8-i saat 13 radələrində anasına zəng edib "Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşanı azad etdik" deyən Qubad 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına şəhidliyə yüksəlir.

Qardaşının qisasını alan Faiq

Faiq Qasımov  1974-cü ilin 10 fevral tarixində Qubadlı rayonunun Qayalı  kəndində  anadan olub. İlk təshilini Qayali kəndində alan  Faiq gənc yaşlarından idmanla məşğul olur. Milli Qəhrəman Əliyar Əliyevin şagirdi Faiq Qasımov sərbəst güləşlə məşğul olur.

Birinci Qarabağ müharibəsi zamanı Faiq gənc olmasına baxmayaraq döyüşlərdə iştirak etmək və vətəni müdafiyə etmək üçün can atırdı. Bu arzusuna  1992-ci ildə nail olur və  çağırışçı kimi Yuxarı Cibikli ərazisində topçu kimi xidmət edir. Xidməti zamanı düşmənə ağır zərbələr endirir.

1992- ci ilin dekabrın 10-da 23 yaşında gənc olan və adına dastanlar danışılan "Qorxmaçılar" batalyonun komandiri olan qardaşı Həsənqulu Qasımov şəhid olur. Qardaşının ölümündən sonra Faiq qisas üçün and içir və elə bu andan onun 28 illik hərbi həyatı başlayır.

Faiq 1993-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur, 1995- ci ildə hərbi təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasına göndərilir. Hərbi xidmətini birinci Qarabağ müharibəsində Əliyar Əliyevin taborunda topçu kimi Qubadlı və Laçında döyüşlərdə iştirak etməklə başlayır. Faiq Qasımov Aprel döyüşlərində də böyük şücaətlər göstərərək düşmənin keçilməz adlandırdığı "Ohanyan" səddini yararaq Lələtəpə yükəkliyini düşməndən azad edir. Göstərdiyi şücaətlərə görə polkovnik-leytenant  rütbəsinə və "Azərbaycan Bayrağı" ordeninə layiq görülür.

Fuadın şanlı döyüş yolu isə 27 sentyabrda baş verən 44 gün davam edən Vətən müharibəsində bitir. O, "Canım bahasına olsa belə, torpaqlarımızın azad olunması üçün düşmənin ən güclü istehkam və xətlərinin yarılması üçün sonunda ölüm olduğunu bilsəm də, canım, qanım bu torpağa qurbandır" deyərək Füzuli rayonunda 2 müdafiə xəttini yararaq və çoxlu sayda düşmən postunu , 300-400 düşmən zabit və əsgərini, çoxlu sayda texnikanı məhv edərək komandanlığın verdiyi əmri canı bahasına yerinə yetirir və qəhrəmancasına şəhid olur.

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə",  "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.

Ölümündən sonra o Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 9 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı", Vətən uğrunda"  medalına layiq görülür.

"Bu gün də şəhidlik qismət olmadı"

İbrahimov Sultan Mikayıl oğlu 1996-cı il aprel ayının 24-ü Salyan rayonunda anadan olub. İlk ibtidai təhsilini  Rusiyada  alan  Sultan sonradan təhsilini Salyan Rayon Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində davam etdirir. 2013- cü ildə Bakı Biznes Kooperasiya  kollecinə daxil olur. Kolleci bitirdikdən 2016-cı ildə hərbi xidmətə yollanır.

Sultan Sərhəd Qoşunlarında kiçik gizir kimi xidmətə başlayır. ll Qarabağ müharibəsi başlayan zaman o, könüllü olaraq XTQ könüllü yığımına daxil olur. Snayperçi olduğundan sərhəddə deyil, cəbhədə döyüşməyə başlayır.

Cəbhədə ermənilərə qan udduran Sultan hər gün ailəsi, dostları ilə əlaqə saxlayan zaman "bu gündə Şəhidlik qismət olmadı" deyə heyifslənir və 24 oktyabrda Zəngilan uğurunda gedən döyüşlərdə arzuladığı o şəhidlik zirvəsinə yüksəlir.

Füzuli  fatelərindən biri

Səfərov Coşqun 1997-ci ilin may ayında  Salyan rayonunda dünyaya göz açıb. 2003-cü ildə Plasmass qəsəbəsindəki orta məktəbin 1 -ci sinifinə daxil olur və  2014-cü ildə  N.Gəncəvi adına 2 saylı tam orta məktəbində məzun adını qazanır.  Coşqun musiqini çox sevərdi, sintizator ifaçısı idi. O Salyanın ən istedadlı oğullarından idi.

Təkcə musiqini deyil, Vətənini də sevən Coşqun Aprel döyüşlərində qəhrəmanlıqla döyüşüb

İkinci Qarabağ müharibəsi zamanı qismən səfərbərlik elan olunarkən Coşqun Vətənə sevgisi ilə döyüşə yollanır. Coşqun Səfərov 29 sentyabrda  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə kürəyindən 3 qəlpə yarası alaraq qəhrəmancasına şəhid olur.

Qəhrəman Coşqun

Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci ilin 29 oktyabrında Neftçala rayon Xolqaraqaşlı kəndində anadan olub. Coşqun 2004-cü ildə Neftçala rayon Xolqaraqaşlı kənd tam orta məktəbində ilk təhsilini alır. Oranı bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə   daxil olur və "Motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi fakültəsi"ni bitirir. 2019-cu ildə Beyləqan rayonunda hərbi fəaliyyətinə başlayaraq Vətənə xidmət edir. Fəaliyyəti müddətində o, 3 dəfə fəxri fərmanla təltif olunub.

2020-ci ilin sentyabrın 27-də başlayan  Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını qəhrəmancasına yerinə yetirir. Oktyabrın 5-də azad olunmuş əraziyə üç rəngli bayrağımızı sancarkən şəhadətinə yüksəlib.

Kəlbəcəri azad  edən igidlərdən biri

Axundov Əfqan Hüseyn oğlu 2000-ci il fevralın 16- da Salyan rayonunda anadan olub. İlk təhsilinə Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində başlayan Əfqan 2015-ci ildə Azərbaycan Dövlət Dənizçilik kollecinə daxil olur. 2019-cu ildə kolleci bitirir və Vətənə xidmətə gedir. Hərbi xidmətini Tərtər rayonunda yerinə yetirən Əfqan, ll Qarabağ müharibəsi zamanı ön cəbhədə vuruşur.

2020-ci il oktyabrın 29-da Kəlbəcər uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq adını tarixə əbədiyyən həkk edir.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31