Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi

Anar Məmmədov: "Daim ölkə başçısının diqqət mərkəzindədir"

Əhalinin sosial rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin əsas prioritetlərindən biri olub. Ötən illər ərzində bu istiqamətdə imzalanan fərman və sərəncamlar, təsdqilənən dövlət proqramları bunu sübut edir. Xüsusilə, burada bir məqamı qeyd etmək yerinə düşər ki, cəmiyyətin həssas təbəqəsi, müharibə iştirakçıları, şəhid ailələri, əlil və veteranlar, o cümlədən qaçqın və məcburi köçkünlər vətəndaşlarımız daha çox diqqət və qayğı ilə əhatə olunub və dövlət başçısı hər zaman onları diqqətdə saxlayıb. Elə bu günlərdə prezidentin imzaladığı sərəncam əsasında YAŞAT Fondunun yaradılması da bunun əyani sübutudur. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə düşmənin müıki obyektlərimizə, əhaliyə vurduğu ziyanın hesablanması və onun aradan qaldırılması barədə bir müddət əvvəl imzalanmış sərəncam da eyni məqsədə xidmət edir.

Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin təminatı daim ölkə başçısının diqqət mərkəzindədir. Onun sözlərinə görə, Azərbaycan dövləti və Prezidenti ən çətin proseslərdə, gərgin hadisələrdə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir: "Bildiyimiz kimi, Prezident İlham Əliyev  tərəfindən "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur  obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb.  Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sərəncamda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib. Artıq bəlli olduğu kimi, qısa bir zamanda müvafiq işçi qrup tərəfindən mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müəyyən addımlar atıldı, erməni vandalizmi nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı".

Deputat deyib ki, son illər biz belə sərəncamların imzalanmasını Aprel döyüşləri zamanı, Kürün aşması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpasında, eyni zamanda Tovuz təxribatı zamanı da gördük. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası, qeydiyyatı, müvafiq sənədləri olmayan, amma fəlakətdən ziyan çəkən mülkləri də dövlət tərəfindən təminat altına alındı: "İndiyə qədər baş verən təbii fəlakətlərdən həmçinin digər fors-major hallarda ziyan çəkən vətəndaşlara dövlət tərəfindən verilən dəstək deyilənlərə əyani sübutdur. Fəlakətdən dağılan, ciddi ziyan çəkən evlər yenidən təmir olunub, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim vətəndaşların yanındadırlar və Azərbaycan dövləti hər zaman vətəndaşının  problemlərinin həllini diqqət mərkəzində saxlayır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən biri də  insanların layiqli həyat tərzinin təmin olunmasından ibarətdir. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha da yaxşılaşması dayanır. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl olaraq həyata keçiriləcək, çünki bu Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31