Hər biri bir igid, hər biri  bir qəhrəman olan Şəhidlərimiz

Qədim türk ulusu olan doğma torpağım bu günlərdə xülyalarının gerçəkləşdiyi Zəfərini yaşayır. Vətən müharibəmizdəki qalibiyyət zəfərini. Bu zəfərin əldə olunmasında daha çox haqqı olanlar isə Şəhidlərimizdir. 

Hər biri bir igid, hər biri  bir qəhrəman olan Şəhidlərimiz. 
Hər ləhzəmizin mabədi və məbudu olanlar....
Vətən yaşasın deyə görmək üçün gözünü, dik durmaq üçün ayağını, Can Azərbaycan söyləmək üçün canını verənlərdir onlar..
Şəhid yeganə bəndədir ki, sanki elə Şəhid doğulur və öz məqamına layiq həyat tərzi sürür. Bu sürəcdə insanlar onu yaxşı bir adam olaraq tanıyır. 

Bəli, yaxşı insan, ləyaqətli oğul, dəyərli ata, şərəfli ailə başçısı kimi..

Ruslan da hər biri bir Vətən olan bütün Şəhidlərimiz kimi bu gözəl insani keyfiyyətlərə malik idi. Lakin, yaddaşlara əbədi həkk olunması üçün hər Şəhidin özünəməxsus bir özəlliyi də olur. 
Ruslanın özəlliyi də  onun 5 uşaq atası olması idi. 2793 Vətən daşı olan igidimizin yer aldığı siyahıda yeganə beş uşaqlı ata.
 Gözəl- göyçək - hər biri bir qürur, hər biri bir arzu , hər biri bir dilək olan Nərminin, Yasəmənin , Nüsrətin, Dənizin və Mədinənin atası..Mehriban xanımın ömür gün yoldaşı..

Baş Leytenant  Rustamov Ruslan.
Ruslan 1981 - ci il oktyabrın 23 - də  Hacıqabul  rayonu Udulu kəndində kəndin sayılıb seçilən ziyalalarından olan Nüsrət müəllimin  ailəsində doğulub. Nüsrət müəllim Ruslanın 14 yaşı olarkən dünyasını dəyişib. Anası Fatma xanımin bir əzab əziyyətlə 6 övladını Vətənə layiq övlad kimi böyüdüb və ali təhsilə yiyələndirib. 
Bəlkə də ata sevgisini tamamlaya bilmədiyi üçün Ruslan uşaqlarının çox olmasını istəyirdi. Yarımçıq qalmış ata həsrətini övladlarında tamamlayan Ruslan gözəl ailə başçısı idi. Övladlarına bağlı olan Ruslan 
Şəhadətə yetişməsindən bir neçə gün əvvəl qardaşı Salmana zəng edərək balaca qızı Dənizin qurbanını kəsməyi xahiş etmişdi... 
Ruslanın həyat yoldaşı Mehriban xanım onun övladlarına olan sevgisindən böyük sevgi ilə danışır və övladlarını onun adına layiq övlad kimi böyüdəcəyinə söz verir. 

 


Baş Leytenant  Rustamov Ruslan  Nüsrət oğlu    Goranboy rayonunda N saylı H/H - də  bölük komandiri idi.
27 sentyabrdan böyük Vətən müharibəmiz  başlayanda  baş leytenant Ruslan Rustamov   komandirlik etdiyi bölüyü  ilə birlikdə ikinci Qarabağ savaşına cəlb olunub. Murovdağ zirvəsinin düşməndən azad olunmasında Ruslanın rəhbərlik etdiyi bölümün böyük xidməti olub. 
Komandirlərinin dediyinə görə Ruslan həmişə önə atılmaqla öz bölüyünün  ruhlanmasına  əsas  nümunə olurdu. Talışkəndin düşməndən azad olunmasında  böyük  qəhramanlıq göstərən Ruslan Tonaşen istqamətində düşmənin bir çox postlarının , hərbi texnikasının və saysız  düşmən əsgərlərinin məhv edilməsində əsgərləri iləbirlikdə  çiyin - çiyinə döyüşüb.  
Düşmən  cəbhəsinin yarılması və düşmənin ön müdafiə xəttinin dağıdılmasını  öz qanı , canı bahasına  təşkil edib və müqəddəslik Şəhidlik məqamına yüksəlib. Nəşi neytiral ərazidən 22 noyabrda çıxarılıb və aparılan DNT analizlərinin nəticələrinə uyğun olaraq 4 dekabrda ailəsinə təhvil verilib. 


Şəhid baş leytenant   

Rustamov Ruslan  Nüsrət oğlu  doğulub  böyüdüyü Hacıqabul  rayonu Udulu kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 15 dekabr 2020- ci il tarixli sərəncamı ilə Ruslan Rustamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Müqəddəsliyin qarşısında baş əyirəm,  Şəhidim

Mehriban Sadıqova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31