Bu gün Salatın Əsgərovanın doğum günüdür
16 Dekabr 2020 11:16 SosialSalatın Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır.
Jurnalist kimi fəaliyyətinə "Molodyoj Azerbaydjana" qəzetində başlayır. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.
Salatının hazırladığı reportajlar müharibənin ən qızğın nöqtələrindən xəbər verirdi. Daim ön cəbhədə olan Salatın Əsgərovanın olduğu maşın 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.
Bir oğul anası idi.

Jurnalist Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Hazırda Bakı şəhərində adına bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub. Yaşadığı binaya isə barelyefi vurulub.Yaxınlığında həlak olduğu kənd "Salatınkənd adlanır".
Gülər Seymurqızı
Olaylar.az