Koronavirus insan orqanizmində hansı fəsadlara yol açır?- MÜNASİBƏT-ÖZƏL

Aysel Əskərova: "Bu virusa tutulanlar mütləq sağaldıqdan sonra ağ ciyər müayinəsindən keçməlidirlər"

Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayında kəskin artım dinamikası qeydə alınır. Əgər pandemiyanın yayıldığı ilk aylarda gündəlik virusa yoluxma iki rəqəmli olaraq qeydə alınırdısa, indi artıq sutkalıq koronavirusa yoluxma sayı minlərlə ölçülür. Hətta bəzən gündəlik yoluxma sayı 5 minə belə yaxınlaşır. Paralel olaraq virusdan ölüm hallarında da artım baş verir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gündəlik COVİD-19-dan ölüm halları 30-40 arasında qeydə alınır. Bütün bunlar, yaranan təhlükəli hədd haqlı olaraq ölkədə yenidən sərt karantin tədbirlərinin tətbiqinə yol açıb.

Mövcud vəziyyət heç şübhəsiz ki, səhiyyə, tibb sahəsində çalışanların da işini xeyli çətinləşdirir, ağırlaşdırır.  Davinci Hospitalın həkimi Aysel Əskərova deyir ki, ölkədə sərt karantin rejiminin tətbiqi məcburiyyət qarşısında həyata keçirilir. Aysel Əskərov qeyd edir ki, sərt karantin rejiminin tətbiqi heç kim üçün xoş deyil və hər kəs bundan əziyyət çəkir. Ancaq indiki halda başqa alternativ yol yoxdur.

Həkim koronavirusa yoluxmuş şəxslərin səhhətində sonradan yarana biləcək problemlər barədə də danışıb. Bildirib ki, virusun orqanizmə individual təsiri var: "Bu təsir elədir ki, virus mutasiyaya uğradığı üçün onun barədə qəti fikirlər yoxdur. Həllik tədqiqatlar davam edir. Eyni zamanda digər istiqamətlərdə də tədqiqatlar aparılır. Bir sıra tədqiqatlar isə son mərhələdədur.  Bütün halda isə bu mutasiya uğramış bir virusdur. Mutasiyaya uğramış bir virus haqqında isə hansısa bir fikir söyləmək hələlik tezdir". Aysel Əskərova qeyd edib ki, COVİD-19 insandan insana müxtəlif cür təsir göstərir: "Bəzi insanların ağ ciyərlərində fibros toxuma əmələ gətirir.  Bəzi insanlarda isə belə bir problem olmur. Yaxud bir çox insanlar bu xəstəliyi ağır keçirdiyi halda, bəziləri yüngül keçirir. Simptomsuz baş verir. Ona görə insandan insana bu virus dəyişir".  

Həkim deyir ki, bəsən heç bir ciddi xəstəliyi olmayan şəxslərin də bu virusu ağır keçirdiyini görürük: "Bu da onu deməyə əsas verir ki, virus həmin orqanizmdə mutasiyaya uğrayıb. Yəni bir xeyli fikirlər var. Ona görə də indiki halda qarşıda duran vəzifə yalnız və yalnız kütləvi yoluxmanın qarşısını almağa nail olmaqdır. Kütləvi yoluxma vahiməli bir tablo yaradır. İndiki halda karantin tədbirlərinin gücləndirilməsi də təhlükənin miqyasının qarşısını almağa hesablanıb. Heç kim üçün sərt karantin tədbirlərinin tətbiqi xoş deyil. Sadəcə buna məcburuq. Nə qədər dost və tanışlarımızı bu virusdan dolayı itirmişik".

Aysel Əskərova deyib ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin çoxunda dadbilmə və iybilmə problemləri meydana çıxsa da, lakin tədricən yoluna düşür və aradan qalxır: "Ən önəmli odur ki, virus ağ ciyərlərin toxumasını zədələməsin. Çünki ağ ciyərdə fibros toxumanın əmələ gəlməsi geri dönməz bir haldır və gələcəkdə ağ ciyərlərdə ciddi problemlərə yol aça bilər.  Onu da deyim ki, bu virusu keçirənlərin böyük əksəriyyətində ağ ciyərlərin zədələnməsi qeydə alınır. Düzdür, həmin insan COVİD-19-dan sağallır. Ancaq onun ağ ciyərlərində ciddi problemlər meydana çıxır. Bunun bərpası da çox çətindir və gələcək illərdə həmin insanın ciyərləri necə işlək vəziyyətdə olacaq bütün bunlar hamısı düşündürücü suallardır".

Aysel Əskərova deyib ki, virusdan sağalmaq əsas şərt deyil: "Əsas şərt odur ki, virus bizim orqanizmimizdə hansı fəsadlar, qalıcı izlər yaradacaq.  Bu virusa tutulanlar, ümumiyyətlə ağır qrip xəstəliyi keçirənlər mütləq sağaldıqdan sonra ağ ciyər müayinəsindən keçməlidirlər. Çünki onlar ağ ciyərlərində hansı problem olduğunu bilməli və gələcək fəaliyyətlərini onun üzərində             qurmaalıdırlar. Siqaret alışqanlıqları  varsa müləq siqaretdən imtina etməlidirlər".

Həkim onu da diqqətə çatdırıb ki, COVİD-19-un fəsadlarını gələcəkdə də hiss edəcəyik: "İndiki haldan o qədər də narahatçılığım yoxdur. Çünki çoxlu sayda yoluxma ilə yanaşı, sağalma halları da baş verir. Əsas narahatçılığım gələcək 2-3 il ərzində insanların həyatında baş verəcək fasadalarla bağlıdır. Düşünürəm bu bir çox insanların həyatında qalıcı problemlərə yol açacaq və bunun səsi gələcəkdə çıxacaq. Bu çox ciddi və təhlükəli virusdur. Əgər virus ağ ciyərə təsir etmirsə və ağ ciyər təmizdirsə, insan normal həyatını davam etdirir.  Əgər ağ ciyərlərdə bir iz varsa mütləq tütün, soqaret, spirtli içkilər insan həyatından çıxmalıdır. Ağ ciyərin yerdə qalan hissəsinin qorunmasına çalışılmalıdır. COVİD-19-dan sonra insanlar mütləq gələcək həyatlarını şəkilləndirməlidirlər".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31