Komitə üzvləri Vüqar Gülməmmədova “hə” dedilər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 9-da keçirilən iclasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.  MM-dən "Olaylar"a bildirilib ki, bu barədə məlumat verən Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130  milyon manatdan çox vəsait bərpa olunub. Qurumun işində mühüm keyfiyyət dəyişiklikləri özünü göstərir. Hesablama Palatasına göndərilən bütün sorğular vaxtında cavablandırılır. 2017-ci ildən bəri "Dövlət auditi" adlı jurnal nəşr olunur. Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı nəzərə çarpır və s. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun  xidmətləri var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir. Komitə üzvləri məsələyə müsbət münasibət bildirdikdən sonra Vüqar Gülməmmədov göstərilən etimada görə təşəkkür edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31