Onlar tarix yazdılar…
10 Dekabr 2020 11:30 SosialDostunu xilas edərkən şəhid olan Arif insan
1997-ci ilin 6 iyununda Astara rayonunun Səncərədi kəndində anadan olan Qeybiyev Arif İsmayıl oğlu 2002-ci ildə E.Ağayev adına Səncərədi kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Arif orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Arifin atletika üzrə 50-dən çox diplom qazanıb. Onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alov qoruyanların müşaiyəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak edib.
2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsilini başa vurduqdan sonra həmin ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə, müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İlk xidmət yeri Bakı şəhər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Xidmətini başa vurduqdan sonra Arif ordu sıralarında xidmət üçün üç dəfə sənəd verib, lakin qəbul olmayıb. Dördüncü cəhdində bu istəyinə nail olan Arif 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılaraq 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq tankçı kimi xidmət etməyə başlayıb. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan tankçı Arif Qeybiyev Vətən savaşının ilk günündən torpaqlarımızın azad olunması üçün qəhrəmanlıqla vuruşub. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100-200 metr aralıda olan dostunun tankına çatıb onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.
Ailəli idi, Gülnur adında 1 qız övladı Vətənə yadigar qaldı.

Kəşfiyyatçı kapitan Nurlan Mustafayev
1990-cı ildə dünyaya göz açan Nurlanın hələ uşaq vaxtlarından hərbiyə böyük marağı olub. 8-ci sinifi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəbə yollanıb. Daha sonra təhsilini H.Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib.
Nurlan ali təhsilini Almaniyada alaraq buraxılışını "Ən yaxşı əcnəbi kursantı", "Atıcılıq üzrə qızıl medal"la başa vurub. Kəşfiyyatçı kapitan 4 xarici dil bilirdi.
Almaniyada təhsilini bitirdikdən sonra Nurlan Azərbaycana dönərək Xüsusi Təyinatlı Qüvvələrə daxil olur. Nurlan Ruminiya, Gürcüstan kimi ölkələrdə müxtəlif təlim və kurslarda iştirak edib. Türkiyədə keçirilən "Efes 2018" hərbi təlimlərində 23 ölkə arasında Nurlanın üzv olduğu Azərbaycan xüsusi təyinatlıları birinci yerə layiq görülüblər.
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.
27 sentyabrda Vətən savaşının ilk günündən düşmənlə üz-üzə qəhrəmanlıqla döyüşüb. Kapitan Nurlan Mustafayev oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin anası Rahilə Ramazanova Nurlan haqqında xaitrələrindən danışır:
Nurlan tez-tez xarici ölkələrdə təlimlərdə olurdu. Evə gələn kimi oralar necə idi sualını verəndə cavabı həmişə "Azərbycan ən gözəlidir, azərbaycanlılar ən yaxşısıdır" olardı.
Nurlan kimi vətənini, millətini sevən və ona sahib çıxan oğullarımız bu gün Azərbaycan tarixində zəfər adlı səhifə yaratdılar.

"Qaya 11" ləqəbli leytenant
Əsədov Emil Balaqardaş oğlu 1998-ci il 11 yanvar tarixində Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-cü ildə Ziyad Həmidov adına Çuxanlı kənd tam orta məktəbində ilk təhsilini alan Emil 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 2015-ci ildə liseyi başa vuraraq motoatıcı ixtisası üzrə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2019-cu ildə müvəffəqiyətlə akademiyanı bitirir və təyinatla leytenant olaraq Qusar rayonunda vəzifəsinə başlayıb.
İkinci Vətən Müharibəsində tank əleyhinə tağım komandiri olaraq 92 canlı düşmən, 3 tank, 2 Bmp, 9 yük-silah maşını, xeyli sayda düşmən texnikası məhv edib. Göstərdiyi şücaətlərə görə sağlığında baş leytenant rütbəsi və Qarabağ ordeni ilə təltif olunub. Dəfələrlə döyüş yoldaşlarını mühasirədən çıxartmış, "Qaya 11" ləqəbi ilə şücaətini göstərib. Füzuli, Qubadlı, Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək 8 noyabr tarixində Xocavənd istiqamətində qəhrəmanlıqla şəhidlik zirvəsini fəth edib.

200 erməni əsgərini məhv edən igid
Vətən savaşında qazandığımız qələbəni Əkbərov Orxana da borcluyuq. İki övladını Vətəninə əmanət qoyub 30 illik düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etmək üçün qəhrəmanlıqla vuruşan Orxanı tanımağın zamanı gəldi.
Əkbərov Orxan Nadir oğlu 1982-ci ilin dekabrın 12-də Biləsuvar rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olur və 2002-ci ildə öz istəyi ilə cəbhə bölgəsində xidmətə yollanıb. Orxan ömrünün 20 ildən çoxunu hərbiyə həsr edib. Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edən polkovnik-leytenant Əkbərov Orxan Vətən Müharibəsində böyük şücaətlər göstərib. Oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə 200 erməni əsgərini və 6 ədəd silah yüklü avtomobili məhv edərək şəhidlik zirvəsinə qalxıb.

Qəhrəmanlığı ilə tanınan Kamil
Belər bir atalar sözü var ki, " Kamil insan sözü ilə bəlli olur". Haqqında yazacağımız Kamil isə qəhrəmanlığı ilə bütöv Azərbaycana özünü tanıtdı. Şirinov Kamil 1991-ci ilin aprelin 9-u Salyan rayon Çuxanlı kəndində anadan olub. 1997-ci ildə Çuxanlı kənd Ziyad Həmidov adına məktəbdə ibtidai təhsilinə başlayan Kamil 2006-cı ildə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Liseydə təhsilini bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. Təhsilini başa vurduqdan sonra o, Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb.
Aprel döyüşləri zamanı böyük şücaət göstərərək baş leytenant rütbəsi alıb. Türkiyədə, Pakistanda təlimlər keçən Kamil 2020-ci ildə kapitan və döyüş qrup komandiri vəzifəsinə qədər yüksəlib.
Bu uğurlarından sonra Şirinov Kamil Vətən müharibəsi zamanı böyük şücaətlə, qəhrəmanlıqla düşmənə ağır zərbələr endirib. O, sentyabrın 29-da Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli olan Kamil 2 yaşlı və 6 aylıq körpəsini Vətəninə,Allahına əmanət edərək şəhidlik zirvəsinə yüksəlir... Ruhun şad olsun.

20 yaşına qədəm qoyan gün şəhid olan Əlirza
Vətən müharibəsinin daha bir qəhrəmanı Rzayev Əlirza.
Rzayev Əlirza Mehman oğlu 2000-ci il 29 sentyabrda Salyan rayonunda dünyaya gəlib. 2006-cı ildə Salyan rayonunda 14 saylı Azər Səfərov adına məktəbdə ibtidai təhsilinə başlayan Əlirza orta məktəbi bitiridikdən sonra Qərbi Kasbi Universitetinin Kollec Nəznində Vergi, Vergi tutmada təhsil alıb. 2019-cu ildə təhsilini dayandıraraq hərbi xidmətə yollanır
Və 27 sentyabr Vətən savaşı başlayanda o, ağır artilleriyada topçu olaraq ön cəbhədə düşmənə ağır zərbələr endirib. 29 sentyabrda 20 yaşını qeyd edəcəyi gündə o, Kəlbəcər uğurunda gedən döyüşlər zamanı canından keçərək adını əbədiyyən tarixə həkk edir... Həyatının ən gözəl çağında, 20 yaşında. Hər il doğum gününü ailəsilə, dostları, yaxınları ilə qeyd edən Əlirza bu yaşını şəhid olaraq qeyd edib.
Rahat uyu, Əlirza. Qisasın alındı... Uğrunda canını fəda etdiyiniz hər damla qanınızın qisasını düşməni məhv edərək aldıq.

Füzuli fatehlərindən biri
Məlikov Mahmud Təhmasib oğlu 1994-cü ilin 4 aprel tarixində Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olub. 2000-ci ildə həmin kəndin Qismət Nuralıyev adına məktəbinə ilk addımlarını qoyan Mahmud 2011-ci ildə Heydrə Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə Ağcəbədi və Beyləqan rayonlarında xidmətə başlayıb. Mahmud Məlikov müxtəlif medal və mükafatlara layiq görülüb. Baş leytenant rütbəsi ilə təltif olunan Mahmud Vətən savaşının ilk günündən qəhrəmanlıqla döyüşərək düşmənə nəfəs almağa belə imkan verməyib. Baş leytenant Mahmud Məlikov 29 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsini fəth edərək yeni Azərbaycan tarixinin uğurlu səhifələrindən birinə öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı .

Füzuli fatehlərindən biri
Şirinov Eldar Bağır oğlu 2001-ci ilin 12 iyulunda Göyçay rayon Çərəkə kəndində anadan olub. 2007- ci ildə ilk təhsilini alan Eldar 2017- ci ildə Göyçay Dövlət İdarəetmə Kollecinə daxil olub.
2019- cu il iyun ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Kəşfiyyatçı olaraq Azərbaycan ordusunda xidmət edən Eldar Vətən savaşının ilk günündən düşmənlə üz-üzə qəhrəmanlıqla döyüşüb. Şirinov Eldar Füzuli istiqamətində gedən döyüşlərdə mənfur düşmənin snayper gülləsinə tuş gələrək Füzuli fatehlərdən biri kimi şəhidlik zirvəsini fəth edib.

Gülər Seymurqızı
Olaylar.az