"Xarıbülbül" müsabiqəsi davam edir
9 Dekabr 2020 12:39 SosialUşaq-gənclər inkişaf mərkəzləri arasında "Xarıbülbül" adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə qeydiyyat davam edir.
Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (ad, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri [email protected] elektron ünvanına və ya +994555395522 "WhatsApp" telefon nömrəsinə göndərməlidir. Qeydiyyat prosesi dekabrın 10-da başa çatacaq.
Onlayn platformada təşkil olunan müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş qrupunda (7-13 yaş, 14-20 yaş) keçirilir. İştirakçılar yalnız 1 nominasiya üzrə müsabiqəyə qatıla bilərlər. Hər iki nominasiya üzrə ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə şeir nominasiyası üzrə Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı şeirlə və ya şagirdin öz yazdığı şeirlə qatılmaq mümkündür. Mahnı nominasiyası üzrə xalq mahnıları və Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazdığı mahnılar təqdim oluna, mahnı minusla və ya akopella ilə oxuna bilər.
Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd təhsilalanlara ölkəmizin tarixini daha dərindən mənimsətmək, onlarda vətənə məhəbbət və sədaqət hisslərini aşılamaq, istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.