Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndiriləcək
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişib. “Olaylar” xəbər verir ki, yenilik Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanun layihəsində əksini tapıb.
24 Noyabr 2020 11:59 SosialDövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişib. "Olaylar" xəbər verir ki, yenilik Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.
Eyni zamanda ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməyəcək. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirmə forması əsasında aparılacaq. Qiymətləndirmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və qanunda göstərilən meyarlar habelə əmək intizamı nəzərə alınmaqla tərtib ediləcək. tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən ediləcək.