“İlham Əliyev xalqımızın qəlbində Milli qəhrəmana çevrilərək adı tariximizə qızıl hərflərlə həkk olundu”- Fikrət Məmmədov
23 Noyabr 2020 13:12 SosialSentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı". "Olaylar" xəbər verir ki, bunu deyən ədliyyə naziri Fikrət Məmmədovun sözlərinə görə, 30 ildir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri ordumuzun inamlı qələbəsi ilə icra edildi, doğma torpaqlarının həsrətini çəkən, qayıdacaqları günü səbirsizliklə gözləyən insanlarımızın arzuları reallığa çevrildi: "Cəsur Azərbaycan hərbçiləri düşmənin işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikasını və infrastrukturunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi, Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı. Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. "Şuşasız bizim işimiz yarımçıq olar", - deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki Ümummilli Liderimizə bu barədə hesabat verən cənab Prezident Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi".
Onun sözlərinə görə, nüfuzlu hərbi ekspertlər təsdiq edirlər ki, çətin keçilən relyefə malik olan və üç tərəfdən sıldırım qayalıqla əhatə olunan alınmaz qala Şuşa uğrunda Azərbaycan Ordusunun xüsusi şücaətlə həyata keçirdiyi döyüşlər müstəsna olmaqla dünya hərb tarixinə unikal əməliyyat kimi düşəcək, hərb elminə dair dərsliklərə salınacaqdır: "Şuşanın işğaldan qurtarılaraq üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu, dövlətimizin başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın kapitulyasiya aktı olan birgə bəyanatla qalan digər torpaqlarımızın - Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu. Bununla da dövlət başçısı cənab İlham Əliyev xalqımızın qəlbində Milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidentimiz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi".