Deputat cəmiyyətə çağırış etdi: “Covid adlı virusu ölkəmizdən uzaqlaşdırmaq üçün hamılıqla çalışaq”
14 Noyabr 2020 10:51 Sosial"Covid-19 virusuna yoluxanların sayı təəssüflər olsun ki, artmaqdadır. Dünyanın, hələ ki, bu pandemiyanın kökünü bir dəfəlik kəsmək üçün axtardığı çarələr tam fayda vermir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, ölkəmiz bu aylar ərzində iki böyük bəla, iki dəhşətli virusla mübarizə apardı. Deputatın sözlərinə görə, bu viruslardan, bəlalardan birinin-Ermənistan və onun işğalçı ordusunun başını birdəfəlik əzdik: "Bu mənfur düşməni məhv etdik, yox etdik. Əlbəttə ki, birliyimizlə, həmrəyliyimizlə, səfərbəyliyimizlə, Dövlətimizin-Prezidentimizin ətrafında sıx birləşməyimizlə. Biz bunu bacardıq. Və daha nə bəlalara sinə gələ bilərik bu əzmimizlə. Elə isə gəlin, bu Covid adlı virusu, mikrobu da ölkəmizdən uzaqlaşdırmaq üçün hamılıqla çalışaq. Bütün tələblərə maksimum riayət edək". Jalə Əliyeva deyib ki, xüsusilə rayonlarımızda xəstəliyə yoluxma halları çoxalıb: "Yoluxmanın ilk günlərində olduğu kimi, şəxsi sanitariya-gigiyena tələblərinə əməl edək. Maska taxaq. Əllərimizi sabunlayaq, spirtləyək. Məsafə saxlayaq. Tünlük etməyək. Mərasimlərdə maksimum diqqətli olaq. Bu virusun tüfəngi, tankı yoxdur. Amma o da can alır. Əziyyət verir. Əl-ələ verək, dostlar. Biz nə bəlaların öhdəsindən gəldik. Covidi də el birliyi, əl birliyi ilə yenəcəyik. Axı biz birlikdə güclüyük".