İlk aqrar sığorta müqaviləsi cəbhə bölgəsində imzalanıb

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb. Noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi imzalanıb. "Olaylar" xəbər verir ki, Tərtər rayonunun Bəyimsarov kəndində baş tutan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri,  Bakıda səfərdə olan Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Aqrar Sığorta Fondunun, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin rəhbərliyi, fermer və sahibkarlar iştirak edib. İlk aqrar sığorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlük heyvanları sığortalanıb. Aqrar Sığorta Fondu və fermer Habil İbrahimli arasında imzalanan müqavilədə 50 baş iribuynuzlu heyvanın aktual risklərdən sığortalanması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar və fermerlərə dövlət dəstəyinin növbəti mərhələsidir: "Aqrar sığorta fermerlərin məhsullarını və gəlirlərini qorumaqla onlara dəstək olacaq. Qaydalara görə, aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək. Nəticədə kənd təsərrüfatı daha təhlükəsiz biznes sektoruna çevriləcək və bu sahəyə yatırımlar daha da artacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31