Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdim etdi
31 Oktyabr 2020 13:12 SosialAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verildi. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi.
Əvvəlcə Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov islahatların forma və məzmun üzrə aparılacağını, mədəniyyətin müxtəlif dəyər sistemlərini özündə ehtiva etdiyini vurğuladı.
Bildirdi ki, islahat strategiyası Mədəniyyət Naziliyinin tarixin yeni şanlı səhifəsinə qədəm qoymuş Azərbaycanın müasir tələb və şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Həmçinin qeyd etdi ki, yeni strategiyanın məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarə ilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir.
Anar Kərimov islahat qrupunun yaradılması prosesi, Mədəniyyət Nazirliyinin yeni baxışı, missiya və məqsədləri, eləcə də strateji istiqamət və prioritetlər haqqında ətraflı məlumat verdi.
İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir.
Bununla yanaşı, tədbirdə iştirak edən nazirliyin əməkdaşlarına islahat strategiyasının təfərrüatları təqdim edilmiş və islahatın həyata keçirilməsi üçün nazirlik daxili islahat mədəniyyətinin və islahatın idarə edilməsinin zəruri olması qeyd edilmişdir. İslahatların uğuru hər bir əməkdaşın bu prosesdə fəal iştirakından asılı olduğu tədbir zamanı xüsusilə vurğulanmışdır.
Dəyişiklikləri həyata keçirmək məqsədi ilə nazirlik çərçivəsində islahat prosesinin idarə edilməsi məqsədilə Rəhbər Komitə və İslahat Kommissiyası təsis edilmişdir. İslahatın ilkin mərhələsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra tədbir çağdaş reallıqlara uyğunlaşmaq üçün islahatların vacibliyi, strateji istiqamətlər və prioritetlər, yeni yanaşmalar ətrafında fikir mübadiləsi ilə davam etdi.